Energetika Nazirliyində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

post-img

Energetika Nazirliyində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Ümumimilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. 

Anım tədbirində çıxış edən energetika nazirinin müavini Samir Vəliyev Heydər Əliyevin xalqımıza və dövlətimizə bəxş etdiyi əbədi irsin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, Ulu Öndərin müdrik dövlətçilik xətti, uzaqgörənliyi və sarsılmaz iradəsi Azərbaycanı ən çətin dövrlərdən çıxararaq müstəqil və qüdrətli dövlət kimi formalaşdırıb. Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası və xüsusilə “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi dirçəlişində dönüş nöqtəsi olub. Bu müqavilə xarici investisiyaların cəlb edilməsinə, neft-qaz sektorunun yenidən qurulmasına və iqtisadi müstəqilliyin möhkəmlənməsinə şərait yaradaraq Azərbaycanın davamlı inkişafının təməlini qoyub. Nazir müavini bu siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx izləyiblər.

Tədbir zamanı çıxışlarda Heydər Əliyevin Azərbaycanın beynəlxalq müstəvidə maraqlarının qorunması, torpaqlarımızın işğal faktının dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı mühüm addımlar xüsusi qeyd edilib. İşğal faktı ilə heç vaxt barışmayan Ulu Öndərin ölkəmizin ərazi bütövlüyünün bərqərar edilməsi yönündə arzularının Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi ilə gerçəkləşdiyi vurğulanıb.

Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndər tərəfindən əsası qoyulmuş siyasi xəttin yeni tarixi reallıqlara uyğun şəkildə inkişaf etdirdiyi bildirilib. Məhz bu ardıcıl siyasət nəticəsində ölkəmiz regionda yeni siyasi və iqtisadi reallıqların müəllifinə çevrilib. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, enerji sahəsində reallaşdırılan yeni layihələr və beynəlxalq əməkdaşlığın genişlənməsi Heydər Əliyev irsinin uğurla davam etdiyini təsdiq edir.

XQ









Sosial həyat