Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizin ev sahibliyi etdiyi “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində Bakıda səfərdə olan Misir Ərəb Respublikasının mədəniyyət naziri Əhməd Fuad Hanno ilə görüşüb.
Görüş zamanı nazir Adil Kərimli qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edərək, Misir tərəfinin bu mötəbər beynəlxalq tədbirə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı iştirak üçün geniş imkanların mövcud olduğu vurğulanıb.
Misirin mədəniyyət naziri Əhməd Fuad Hanno da, öz növbəsində, Azərbaycan-Misir münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. O, Azərbaycanın festivala yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi vurğulayaraq, tədbirin İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, sonda Misirin mədəniyyət nazirinə xatirə hədiyyəsi təqdim olunub.
XQ

