Qlobal iqlim dəyişikləri fonunda qeyri-sabit keçən havanın və intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir. Bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi təsadüfi deyildi.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib. Deputat qeyd edib ki, müşavirədə icrası uğurla həyata keçirilən layihələr, eləcə də nəzərdə tutulan tədbirlər ətraflı müzakirə olundu, ölkə başçısı tərəfindən mövcud problemlərin həlli üçün konkret tapşırıqlar verildi.
Şübhəsiz ki, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər son iyirmi ildə Azərbaycanda aparılan ardıcıl infrastruktur siyasətinin nəticələrini əks etdirirdi. Dövlət başçısı Bakı və Abşeron yarımadasında su təminatının artıq qısamüddətli deyil strateji və uzunmüddətli yanaşma tələb etdiyini xüsusi vurğulamaqla enerji və qaz sahələrində də əsas problemlər həll edildiyi vurğuladı. Prezident bəyan etdi ki, Azərbaycan bu gün həm elektrik enerjisi, həm də təbii qaz ixrac edən ölkə kimi mövqeyini möhkəmləndirib. Yol və nəqliyyat infrastrukturu, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ölkənin ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Su təhlükəsizliyi də əsas prioritet istiqamətdən biridir. Son illərdə inşa edilən iri su anbarları və Ceyranbatan su anbarının yenidən qurulması Bakının və bölgələrin su təminatında mühüm rol oynayır. Azad edilmiş ərazilərdə su infrastrukturunun bərpası isə həm iqtisadi, həm də milli təhlükəsizlik baxımından əhəmiyyətlidir.
Ölkəmizin başçısı iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının qorunmasının, itkilərin azaldılmasının və müasir idarəetmənin vacibliyini qeyd etdi. Bu məqsədlə 2035-ci ilə qədər icrası nəzərdə tutulan Bakı–Abşeron Su Təchizatı Dövlət Proqramı dayanıqlı içməli su təminatını və ekoloji tarazlığın qorunmasını hədəfləyir. Prezident vacib bir məqama toxunaraq bildirdi ki, Bakıda kanalizasiya və yağış sularının idarə olunması hələ də ciddi problem olaraq qalır və leysan yağışları şəhərdə ciddi çətinliklər yaradır. Bu səbəbdən 30 küçədə yeni kollektor şəbəkəsinin qurulması planlaşdırılır ki, bu da yağışların yaratdığı fəsadları azaldacaq.
Deputat yekun olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər göstərirdi ki, su məsələsi artıq sadəcə kommunal problem deyil. Eyni zamanda milli təhlükəsizlik, əhalinin rifahı ilə birbaşa bağlı strateji sahədir. Qarşıya qoyulan əsas məqsəd mövcud resurslardan səmərəli istifadə etməklə dayanıqlı su təminatını təmin etməkdir. Əminliklə demək olar ki, dünyanın istənilən ölkəsində mövcud olan çətinliklər Azərbaycanda sistemli tədbirlər nəticəsində uğurla həll olunur. Ölkə başçısının sədrliyi ilə keçirilən müşavirə də bu məqsədə xidmət edirdi.

