Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabı Sarayevoda boşnak dilində işıq üzü görüb.
Nəşr son üç ildə səfirliyin ümummilli lider Heydər Əliyevin irsinin təbliği istiqamətində çap etdirdiyi ikinci mühüm kitabdır. Rus dilində qələmə alınan, son üç ildə Azərbaycan, qazax, özbək, Ukrayna dillərinə tərcümə olunaraq oxucular arasında geniş populyarlıq qazanan əsəri boşnak dilinə xanım Mayda Musiç tərcümə edib.
Elmira Axundovanın bu kitabı xalqımızın iki görkəmli şəxsiyyəti – ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 32 illik birgə həyatına həsr olunub. Müəllif xalqa və dövlətə xidmət kimi nəcib amala köklənən mənalı ömrün bütün mərhələlərinə işıq salmağa çalışıb. İlk tanışlıqdan tutmuş Zərifə xanımın vaxtsız vəfatına qədər birlikdə yaşadıqları həyatın biri-birindən zəngin və maraqlı illəri əsərin səhifələrində təkcə müəllifin təhkiyəsində deyil, Heydər Əliyevi və Zərifə xanımı yaxından tanıyan onlarla insanın xatirələri əsasında işıqlandırılıb. Əsərdə iki böyük şəxsiyyəti birləşdirən mənəvi tellər, onların həqiqi məhəbbətə və məqsəd birliyinə əsaslanan səmimi ailə münasibətləri, övladlarının tərbiyəsinə münasibət, ölkənin mədəni-mənəvi dirçəlişindəki böyük rolu, həyatları boyu üz-üzə gəldikləri, amma qarşılıqlı inam və məhəbbətin gücü ilə dəf etdikləri sınaqlar, çətinliklər haqda söz açılıb.
Nəfis tərtibatla çap olunmuş kitaba Zərifə və Heydər Əliyevlərin birgə həyatının müxtəlif dövrlərini göz önündə canlandıran illüstrativ materiallar əlavə edilib.
Kitaba ədəbiyyatşünas alim Vilayət Quliyev “Heç zaman bitməyən bir eşq hekayəsi” adlı maraqlı və təsirli sözardı yazıb.
Nəşrin əsas məqsədi Azərbaycanın müasir tarixini və görkəmli şəxsiyyətlərini Qərbi Balkan ictimaiyyətinə daha yaxından tanıtmaqdır.
XQ

