Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında bakalavriat səviyyəsində daha 3 ixtisas - “Kimya”, “Biotexnologiya”, “Biznesin idarəedilməsi” üzrə ikili diplom proqramının (İDP) həyata keçirilməsinə dair müqavilə imzalanıb. Bununla da universitetlər arasında İDP-nin icra olunacağı ixtisasların ümumi sayı 6-ya çatıb. Müqaviləyə əsasən, qeyd olunan ixtisaslarda I, II kursları uğurla tamamlayan, eləcə də müvafiq prosedurları keçən tələbələr PKTU-da uyğun ixtisaslarda III, IV kurslarda təhsillərini davam etdirəcək və sonda iki diplom alacaqlar.
BMU-nun rektoru Yaqub Piriyev yeni müqavilənin imzalanmasını əlamətdar hadisə kimi qiymətləndirib və ötən ildən etibarən iki universitet arasında Kimya, Kompüter, Mexanika mühəndisliyi ixtisaslarına dair İDP-nin uğurla gerçəkləşdirildiyini xatırladıb. Hazırda bu çərçivədə Pekində təhsil alan BMU tələbələri üçün yaradılan şəraitə görə PKTU-nun rəhbərliyinə, akademik heyətinə təşəkkürünü bildirib. Yeni ixtisaslar üzrə İDP-nin tətbiqinin universitetlər arasında əməkdaşlığın uğurlu olmasını təsdiqlədiyini, həmçinin əlaqələri daha da gücləndirdiyini vurğulayan rektor imzalanan müqavilənin birgə layihələr və gənclər üçün imkanların genişləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Eyni zamanda bu uğurlu əməkdaşlığı Azərbaycan və Çinin son illərdə sürətlə inkişaf edən münasibətlərinin bariz nümunəsi kimi səciyyələndirib.
Yaqub Piriyev çıxışında Prezident İlham Əliyevin ötən il Çinə dövlət səfəri zamanı imzalanmış Birgə Bəyanatın iki ölkə arasında strateji tərəfdaşlığı möhkəmləndirdiyini, xüsusilə təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsini prioritet kimi müəyyən etdiyini söyləyib. Rektor Prezident İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsində Azərbaycan-Çin strateji tərəfdaşlığını ötən ilin mühüm hadisələrindən biri kimi qeyd etməsini xüsusi vurğulayıb. İki ölkənin lideri- İlham Əliyevlə Si Cinpinin qarşılıqlı hörmət və etimada əsaslanan yüksək səviyyəli münasibətlərinin ali təhsil ocaqları arasında tərəfdaşlıq üçün möhkəm zəmin yaratdığını deyən rektor viza rejiminin ləğvinin isə akademik mobillik və gənclər arasında əlaqələr üçün yeni imkanlar açdığını fikirlərinə əlavə edib.
Öz növbəsində PKTU-nun rektoru Tan Tianvei imzalanan yeni müqaviləni iki universitet arasında əməkdaşlığı digər akademik istiqamətlər də daxil olmaqla çoxsahəli bir klasterə qədər genişləndirməsinin mühüm göstəricisi kimi xarakterizə edib. Azərbaycan və Çin arasında dostluq münasibətlərinin təhsil sahəsində əlaqələrin güclənməsinə müsbət təsirlərini önə çəkən rektor İDP-nin tələbələrə qlobal bilik və təcrübə qazandırmaq baxımından mühüm önəm daşıdığını, hazırda Çində təhsil alan BMU tələbələrinin əla nəticələr göstərdiklərini söyləyib. Eyni zamanda əməkdaşlığın irəli mərhələdə birgə elmi tədqiqatlar, innovativ layihələr vasitəsilə möhkəmlənəcəyini deyərək, BMU ilə daha böyük layihələrə imza atacaqlarına inamını dilə gətirib.
İmzalanma mərasimində ümumilikdə 6 ixtisas üzrə icra olunacaq və 2+2 modelinə əsaslanan proqramın universitetlər arasında əlaqələri yeni keyfiyyət mərhələsinə yüksəldəcəyinə, həmçinin birgə elmi tədqiqatlar, innovativ təşəbbüslər və akademik mübadilənin genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, bu, Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçirilən ilk İDP-dir.
XQ



