Yanvarın 21-də Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında elm və təhsil sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın iştirak etdiyi mərasimdə həmin sənədi Qarabağ Universitetinin rektoru Şahin Bayramov və İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal imzalayıblar.
YÖK sədri Özvar çıxışında diqqəti iki qardaş ölkəni birləşdirən tarixi bağlara çəkib, elm və təhsil sahələrində əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycana səfərini və bu çərçivədə “Qarabağ bölgəsinin azadlığının və bərpasının rəmzlərindən biri” adlandırdığı Qarabağ Universitetində keçirdiyi görüşləri xatırladıb. YÖK rəhbəri əlavə edib: “Qarabağ Universiteti bütün region üçün yeni ilhamverici mərkəzdir. Bunun əyani göstəricisi ali təhsil ocağında yeni şöbələrin və fakültələrin, xüsusən Tibb fakültəsinin açılmasıdır”.
O, Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan İstanbul Texniki Universitetinin geniş təcrübəsinin Qarabağ Universitetinin daha da inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə əminliyini ifadə edib. “Birgə layihələr və tədqiqatlar, tələbə mübadiləsi və ikili diplom proqramları bu universitetlər arasında əməkdaşlıq sahələrindən yalnız bir neçəsidir. Ali təhsil sahəsində əməkdaşlıq Türkiyə və Azərbaycanın ortaq gələcəyinə töhfədir”, - deyə E.Özvar bildirib.
YÖK sədri hazırda Azərbaycandan minlərlə tələbənin Türkiyə universitetlərində təhsil aldığını və Azərbaycan müəllim heyətinin sayının 200-ü keçdiyini qeyd edib. “Məqsədimiz gələcəkdə yalnız bakalavr və magistr səviyyələrində deyil, həm də doktorantura səviyyəsində aktiv əməkdaşlıqdır”, - deyən Özvar, həmçinin Türkiyə ilə Azərbaycan arasında əlaqələri hərtərəfli dərinləşdirmək üçün iki ölkənin dövlət başçılarının siyasi iradəsinin vacib rolunu vurğulayıb.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında imzalana sənədi “iki qardaş ölkənin elm və təhsil sahələrində əməkdaşlığının yen platforması” adlandırıb. O, Qarabağ Universitetinin ölkəmiz və bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Nazir əmin olduğunu bildirib ki, İTÜ ilə əməkdaşlıq yeni yaradılan universitetin mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.
Nazir bildirib: “Sevindirici haldır ki, Azərbaycanda əcnəbi tələbələrin sayı artır, onların arasında ən çox yeri qardaş Türkiyənin vətəndaşları tuturlar. Biz Türkiyə ilə əməkdaşlığı bundan sonra da dərinləşdirməyə hazırıq”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara








