ABŞ-ın Yəmənin paytaxtına endirdiyi hava zərbələri nəticəsində 12 nəfər ölüb

post-img

ABŞ-ın dünən gecə saatlarında Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri nəticəsində azı 12 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, Əl-Ərəbiyyə telekanalının məlumatına görə, zərbələrdən biri Sənanın Şuub rayonundakı Farva bazarına endirilib. Hazırda xilasedicilər dağıntılar altında sağ qalanların axtarışını aparır.

ABŞ Hərbi Hava Qüvvələri Səna ilə yanaşı, Mərib, Amran, Hudeydə və Saada əyalətlərinə də hücumlar edib.

Ötən həftə Yəmənin Ras-İsa neft limanına endirilən zərbələr nəticəsində azı 80 nəfər həlak olub, 171 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü ildə Qəzza sektorunda döyüş əməliyyatları başlayandan sonra Yəmən İsrail ərazilərini atəşə tutacaqları və yəhudi dövlətinə gedən gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından keçməsinin qarşısını alacaqları barədə xəbərdarlıq edib. 2025-ci il yanvarın ortalarında Qəzzada atəşkəs elan edildikdən sonra Yəmənin İsrailə hücumları dayandırılıb. Lakin martın əvvəlində atəşkəs yenidən pozulub və husilər İsrailə və onun Qırmızı dənizdəki gəmilərinə hücumları bərpa etdiklərini açıqlayıblar.

Martın 15-də Prezident Donald Trampın göstərişi ilə ABŞ “Ənsar Allah” hərəkatının mövqelərinə kütləvi zərbələr endirməyə başlayıb. Husilər isə buna cavab olaraq Qırmızı dənizin şimalında ABŞ-ın “Harry Truman” aviadaşıyıcısına raket və pilotsuz təyyarələr vasitəsilə silsilə hücumlar həyata keçirib.

Dünya