İran nüvə proqramından əl çəkməyəcək, lakin beynəlxalq ictimaiyyətin daha geniş monitorinqinə razıdır. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqların növbəti raundu öncəsi bildirib. Məlumatı “İnterfaks.ru” verib.
“Biz öz hüquqlarımızdan geri çəkilməyəcəyik. Nüvə proqramımız, o cümlədən uranın zənginləşdirilməsi davam etməlidir. Bununla belə, biz etimad və şəffaflıq tədbirləri görməyə və daha geniş monitorinqlərə razıyıq, çünki proqramımızın dinc xarakter daşıdığına əminik”, - deyə İran mediası Əraqçinin sözlərini sitat gətirib.
Nüvə konsorsiumu ideyasından danışarkən, o, bunun “pis olmadığını” və İranın orada iştirak etməyə hazır olduğunu bildirib: “Lakin bu ideya bizim ərazimizdə zənginləşməni əvəz etmir”.
Əraqçi onu da bildirib ki, ABŞ-İran danışıqları nəticə verməsə, Vaşinqton yeni plan tapmalı olacaq. İranın xarici işlər naziri deyib: “Əgər biz razılığa gələ bilməsək, amerikalılar “B planı”na əməl etməlidir. Biz planımıza davam edəcəyik”.
P.ƏMİRCANOV
XQ