Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, Britaniyanın Kral Donanması son iki həftə ərzində La-Manş boğazından keçən iki Rusiya hərbi gəmisini nəzarətə götürüb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Britaniyanın “HMS Severn” patrul gəmisi “RFN Stoikiy” korvetinin və “Yelnya” adlı tanker gəmisinin Dover boğazından Qərbə doğru hərəkəti zamanı onlara operativ şəkildə yaxınlaşıb və suları tərk edənədək müşayiət edərək nəzarətdə saxlayıb.
Hadisə Rusiya gəmilərinin Britaniya yaxınlığında artan fəaliyyəti fonunda baş verib. Ötən həftə Rusiya casus gəmisi olduğu bildirilən “Yantar”ın Şotlandiya sahilləri yaxınlığında aşkarlanması və gəminin Britaniya hava qüvvələri (RAF) pilotlarının hərəkətlərini lazerlərlə pozması barədə məlumat yayılmışdı. Müdafiə naziri Con Hili insidenti təhlükəli adlandıraraq bildirib ki, son iki ildə Britaniya sularına yaxınlaşan Rusiya gəmilərinin sayı 30 faiz artıb.
Nazirlik əlavə edib ki, “HMS Severn” Rusiya gəmilərinin müşahidəsini müəyyən nöqtədə NATO müttəfiqinə təhvil verib. “RFN Stoikiy” daha əvvəl də Britaniya sularında qeydə alınıb.

