Fransa parlamentində pensiya qalmaqalı

post-img

Fransada pensiya islahatı ilə bağlı mübahisələr yenidən qızışıb. Noyabrın 26-da Senat Milli Assambleya tərəfindən ləğv edilmiş pensiya islahatını büdcə sənədinə qaytardı. Bu addım hökumətin 2 palata arasında kompromis tapmaq ümidlərini, demək olar ki, puç etdi.

Söhbət 2026-cı il üçün sosial sığorta qanununa edilən dəyişikliklərdən gedir. Assambleya islahatın 2027-ci il prezident seçkilərindən sonrayadək dayandırılmasını təklif etmişdi. Lakin Senat bunun əleyhinə çıxaraq, islahatı mövcud formada saxlamağa səs verdi – 190 senator lehinə, 108-i isə əleyhinə.

Senat bununla 2023-cü ildə qəbul edilən pensiya dəyişikliklərini, əsasən də pensiya yaşının 64-ə qaldırılmasını dəstəklədiyini göstərdi. Bu qərar hökumətin sosialistlərlə kompromis yaratmaq cəhdini də nəticəsiz qoydu. Bununla da Assambleyanın islahatı “dondurmaq” barədə qərarı aradan qalxmış oldu.

Senatorlar bildirirlər ki, qərarı şəxsi maraqlara görə deyil, gələcək nəsillərin pensiya sisteminin sabitliyi üçün veriblər. 2023-cü ildən sonra Senatın yaşı da cavanlaşıb - orta yaş 60-dır. İndi qərar Milli Assambleyanın öhdəsinə düşür. Yeddi senator və yeddi deputatdan ibarət birgə komissiya iki mövqeni uzlaşdırmağa çalışacaq, lakin bunun mümkün olacağına inam azdır. Həm sağçı, həm də solçu qüvvələr mövqelərindən geri çəkilmək istəmirlər.

Əgər komissiya razılığa gələ bilməsə, mətn yenidən Assambleyaya qayıdacaq. Hökumət sosialistlərin və bəlkə də yaşılların neytrallığına ümid edir. Lakin vaxt azdır və tərəflər arasında fikir ayrılığı dərinləşir. Assambleya sol-mərkəz variantını qəbul etsə, sənəd yenidən Senata gedəcək və sağçılar onu yenidən rədd edəcəklərini bildiriblər. Bu halda son söz Assambleyanın olacaq və islahat çox siyasi atmosferdə səsverməyə çıxarılacaq.

Bir çox müşahidəçilər hesab edirlər ki, nə komissiya, nə də parlament razılaşmağa vaxt tapacaq. O zaman hökumət yanvarda müvəqqəti büdcə qəbul etməli olacaq və pensiya müzakirələri yenidən başlayacaq.

Beləliklə, islahat qəbul olunandan iki ildən çox vaxt keçməsinə baxmayaraq, Fransa yenidən eyni mübahisələrin içindədir. Senat islahatı büdcəyə qaytardı, lakin bu, prosesin taleyini daha da qeyri-müəyyən etdi. Senat və Assambleya arasındakı qarşıdurma parlamentin işləmə qabiliyyəti üçün növbəti ciddi sınağa çevrilir və görünür bu proses hələ uzun müddət davam edəcək.

Səbuhi MƏMMƏDOV
XQ

Dünya