ABŞ Arktikada donanmasını gücləndirir

post-img

ABŞ Çinin aktivliyi fonunda Arktikadakı mövcudluğunu möhkəmləndirmək üçün öz buzqıran donanmasını genişləndirməyə hazırlaşır. Bu, ölkənin Daxili Təhlükəsizlik Nazirliyinin planında əksini tapıb.

ABŞ Prezidenti Donald Trampın müdafiə xərclərinin artırılmasını nəzərdə tutan qanun layihəsi “yeni buzqıranların sürətlə əldə olunması üçün 8,5 milyard dollar məbləğində tarixi maliyyələşdirmə” ayırır, – sənəddə bildirilir. Həmçinin qeyd olunur ki, “2025-ci ildə ABŞ-ın Arktik sularında Çin hərbi və tədqiqat gəmilərinin rekord sayda fəaliyyəti müşahidə edilib” və Çinin buzqıran donanmasını genişləndirməsi “ABŞ-ın dəniz suverenliyi üçün potensial çağırışlar yaradır”.

Plana əsasən, ABŞ Sahil Mühafizəsi (USCG) 25 il ərzində ilk dəfə yeni “Storis” buzqıranını istismara verib. Lakin vurğulanır ki, USCG ölkənin Arktikadakı maraqlarını effektiv qorumaq üçün daha müasir gəmilərə ehtiyac duyur. “Arktika və qütb regionları ABŞ-ın milli təhlükəsizliyi, iqtisadi inkişafı və qlobal liderliyi üçün getdikcə daha vacib olur, xüsusilə də digər dövlətlərin bu bölgələrdə genişlənən mövcudluğu fonunda”, – ABŞ-ın daxili təhlükəsizlik nazirinin müavini Robert Lou bildirib.

Bundan əvvəl daxili təhlükəsizlik naziri Kristi Noem qeyd etmişdi ki, “rəqiblər” Arktikanı nəzarətə götürməyə can atırlar və Vaşinqton belə bir ssenariyə imkan verməyəcək.

Xatırladaq ki, oktyabr ayında Tramp Finlandiyadan 11 buzqıran almaq planlarını açıqlamışdı. “Storis”dən başqa ABŞ Sahil Mühafizəsinin iki ağır buzqıranı da mövcuddur – Polar Star və Healy.

XQ

Dünya