Soydaşlarımız Gürcüstan çempionatında 29 medal qazanıblar
Tbilisi Gimnastika Arenasında keçirilən çempionat Gürcüstanda yaşayan azərbaycanlılar üçün xüsusilə yaddaqalan olub. Soydaşlarımız bu çempionatda 29 medal qazanıblar.
Gürcüstanın İdman və Gənclər Nazirliyi, Uşu-sanda Federasiyası və Çinin bu ölkədəki səfirliyinin birgə təşkil etdiyi çempionatda ölkənin bütün bölgələrindən, o cümlədən Borçalı bölgəsinin Uşu-sanda Federasiyasının tərkibindəki “Marneuli” və “Qaraçöp” klublarının yetirmələri iştirak ediblər.
Borçalı Uşu-sanda Federasiyasının prezidenti, dəfələrlə SSRİ, Avropa və ikiqat dünya çempionu, Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi Canpolat Budaqov bildirib ki, çempionata 8 yaşdan yuxarı, 4 yaş kateqoriyasında və müxtəlif çəki dərəcələrində 32 soydaşımız mübarizə aparıb.
Uşu-sanda üzrə idman ustası Faiq Məmmədovun rəhbərlik etdiyi “Marneuli” klubunun 3 üzvü qızıl medal qazanıb. Bir idmançı ikinci, 8 idmançı isə üçüncü yerə sahib olublar.
Kikboksinq üzrə idman ustası İbrahim Məmmədovun rəhbərlik etdiyi “Qaraçöp” klubunun yetirmələri isə 5 qızıl medal qazanıblar. Klubun 8 yetirməsi çempionatı ikinci, 4-ü isə üçüncü pillədə başa vurublar.
C.Budaqovun sözlərinə görə, soydaşlarımız ilk dəfədir ki, uşu-sanda üzrə Gürcüstan çempionatında belə geniş tərkibdə iştirak edirlər. Bu qələbə soydaşlarımıza beynəlxalq idman yarışlarında iştirak etmək imkanı yaradır.
Paşa ƏMİRCANOV
XQ