Bu gün Azərbaycan Atletika Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Konfransı giriş sözü ilə açan Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov gündəlikdə duran məsələlər barədə məlumat verib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında ötən il ərzində federasiya tərəfindən ciddi işlərin görüldüyünü və bu istiqamətdə aparılan fəaliyyətin qarşıdakı illərdə nüfuzlu yarışlarda öz bəhrəsini verəcəyinə ümid etdiyini bildirdi, konfransın işinə uğurlar arzuladı.
Daha sonra baş katib Məhərrəm Sultanzadə il ərzində federasiyanın fəaliyyəti ilə bağlı geniş hesabatla çıxış etdi.
Hakimlər kollegiyasının sədri Şirin Vəliyev və qurumun baş mühasibi Gülnarə Şiryayevanın hesabatları dinlənildikdən sonra ötən ilin ən yaxşıları mükafatlandırıldı. İlin kişi idmançısı Əlhəm Nağıyev, ilin qadın idmançısı Yekaterina Sariyeva, ilin gənc idmançısı İlahə Quliyeva, ilin məşqçisi Vidadi Əlisgəndərov, ilin hakimi isə Namiq Əsədov seçildi. Avropa Atletikasının məşqçi mükafatı Oktay Şahtahtinskiyə təqdim edidi.
Zəfər Qaçış Klubunun direktoru Elşən Quliyev və Financial Chain Corporation təşəkkürnamə ilə təltif olundu.
Federasiya rəhbərliyi atletika üzrə milli komandanın baş məşqçi vəzifəsinə yeni təyin olunan təcrübəli mütəxəssis, “Əməkdar məşqçi”, "Əməkdar bədən tərbiyəsi və idman xadimi" Tofiq Əliyevə gələcək fəaliyyətində uğurlar arzuladı.
Qabil Yusifoğlu
XQ



.jpeg)
.jpeg)

