Arazboyu bölgədə önəmli layihələrə meydan açılır
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti festival Zəngilan rayonunun Ağalı kəndində keçirilib. Aqrar Biznes Festivalında işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsinin inkişafına dəstək göstərmək, fermerlərin müasir texnologiyalarla tanışlığını və onlara əlçatanlığını təmin etmək məqsədilə təşkil olunub.
Nazirliyin məlumatına görə, festivalın rəsmi açılış hissəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Zəngilan, Cəbrayıl, Qubadlı, Füzuli, Beyləqan və digər ətraf rayonlardan fermerlər iştirak ediblər.
Açılış mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edərək bildirib ki, Ağalı kəndi “Böyük Qayıdış”ın ilk ünvanı olub: “Artıq 3 ildir ki, Ağalıda həyat var. Çox sevindirici haldır ki, ilklərin yaşandığı Ağalı kəndində bu gün ilk dəfə kənd təsərrüfatı festivalı baş tutur. Burada aqrar sahə üzrə ixtisaslaşmış şirkətlər, fermerlər bir araya gəlib öz xidmətlərini və məhsullarını təqdim edirlər. Düşünürəm ki, belə bir tədbirin keçirilməsi işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün mühüm töhfə olacaq”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu strategiya, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət, şanlı ordumuzun şücaəti nəticəsində torpaqlarımız qısa müddətdə işğaldan azad edilib. Hazırda bu ərazilərdə geniş quruculuq və bərpa işləri aparılır. Nazir qeyd edib ki, tarixi torpaqlarda aqrar fəaliyyətin bərpası, torpağın dirçəldilməsi ilə bağlı kənd təsərrüfatında çalışan insanların üzərinə böyük məsuliyyət düşür. Rəqəmsal kənd təsərrüfatı sistemlərinin, aqrar startapların dəstəklənməsi, süni intellekt və ağıllı kənd təsərrüfatı texnologiyalarının tətbiqi, kənd təsərrüfatını daha məhsuldar və müasir bir sahəyə çevirir.
Kənd təsərrüfatını elmə əsaslanan fəaliyyət sahəsi kimi xarakterizə edən nazir Ağalı kəndində torpaqların sakinlərin istifadəsinə verildiyini xatırladıb, torpaq və su infrastrukturunun düzgün təşkili və aqrotexniki qulluq nəticəsində Ağalı kəndində aqrar sahədə iqtisadi faydanın və məhsuldarlığın daha yüksək olacağını vurğulayıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə çıxışında qeyd edib ki, belə festivallar yeni texnologiya və məhsulların nümayişi ilə yanaşı, həm də maarifləndirmə və təcrübə mübadiləsi platformasıdır. O bildirib ki, bu mərasimlər vasitəsilə fermerlər aqrar sahədə tətbiq edilən ən son innovasiyalarla tanış olmaqla yanaşı, məhsullarının bazara çıxarılması üçün də yeni imkanlar əldə edirlər.
Qeyd edək ki, işğaldan azad olunmuş bölgələrdə ilk dəfə keçirilən bu tədbir sakinlər və fermerlər tərəfindən böyük maraqla qarşılanıb. Festival çərçivəsində Ağalı kəndində kənd təsərrüfatı məhsulları və texnologiyaları sərgilənib, fermerlərə müasir suvarma sistemləri, innovativ texnologiyalar, məhsuldarlığı artıran həllər barədə məlumatlar təqdim edilib. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti dövlət qurumları və özəl müəssisələr tərəfindən panel müzakirələr, maarifləndirici sessiyalar təşkil olunub.
Aqrar Biznes Festivalında Türkiyənin “Sapmaz Havacılık və İleri Teknolojiler” şirkətinin mütəxəssisləri tərəfindən “Kənd təsərrüfatında pilotsuz uçuş aparatlarının istifadəsinə dair” nəzəri təlim keçmiş Zəngilan və Cəbrayıl rayonlarının sakinlərinə çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə praktiki təcrübələr həyata keçirilib.
Rəsmi açılış hissəsinin yekununda təlimlərdə iştirak etmiş şəxslərə Türkiyənin Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikatlar və dronların idarə edilməsi üzrə sürücülük vəsiqələri təqdim edilib.
Festivalda ölkənin aqrar sektorunda ixtisaslaşmış şirkətlər tərəfindən kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, alternativ enerji mənbələri ilə çalışan texnologiyalar, gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları və digər innovativ məhsullar nümayiş olunub.
Aqrar Biznes Festivalı çərçivəsində təşkil edilən kredit yarmarkasında dövlətin maliyyə qurumları və aparıcı banklar tərəfindən fermerlərə sərfəli kredit məhsulları təklif edilib, fermerlər təsərrüfat işinin təşkili üçün ayrılan kreditlər barədə məlumatlandırılıblar.
Festivalda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirəsi təşkil olunub. Sessiyada Şərqi Zəngəzur iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Panel müzakirəsində dövlət və özəl sektorun maliyyə qurumlarının iştirakı ilə aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər mövzular müzakirə olunub. Sessiya çərçivəsində fermerlərin və sahibkarların sualları cavablandırılıb, onlara mövcud və yeni maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.
Biznes festivalında “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində iştirak edən 10-a yaxın universitetin tələbələri də iştirak ediblər. Sözügedən layihə çərçivəsində Ağalı kəndində “Bootcamp” təşkil edilib. “Bootcamp”da layihə çərçivəsində ölkə üzrə süni intellektin tədris olunduğu ali təhsil müəssisələrinin tələbələrinin, gənc tədqiqatçıların və iri özəl təsərrüfat sahiblərinin iştirakı ilə məlumat sessiyaları həyata keçirilib. Tədbirdə iştirak edən tələbələr və festivala qatılan sahibkarlar üçün Zəngilan rayonunda yerləşən bir sıra özəl təsərrüfatlara infotur təşkil edilib.