Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi üzrə sığorta ödənişləri davam edir. Xatırladaq ki, hazırda aqrar sığorta vasitəsilə 41 bitki üzrə məhsul və əkin sahələrini sığortalamaq mümkündür. Sığortalanan sahələrdən biri də üzüm bağlarıdır.
Aqrar Sığorta Fondu üzüm sahələrini: təbiət hadisələri, o cümlədən dolu, dolu nəticəsində yaranan keyfiyyət itkisi, fırtına, qasırğa, sel-subasma, leysan yağışları, vəhşi heyvan və quşların hücumu, kənar təsirlər və sair hadisələrdən qoruyur.
Fond indiyədək sığortalanmış üzüm sahələrinə dəyən zərərlər üzrə fermer və təsərrüfatlara 168 min 182 manat ödəniş edib. Həmin vəsait Şamaxı, İsmayıllı, Beyləqan, Tovuz və Qax rayonlarının fermerlərinə verilib. Üzüm sahəsi üzrə ən böyük ödəniş isə Şamaxı rayonunda həyata keçirilib – 154 min 420 min manat.
Qeyd edək ki, üzüm aqrar sığortanın leysan riskinə təminat verdiyi 3 məhsuldan biridir. Bu riskdən təminat verilən digər iki bitki pambıq və gilas əkinləridir. Dolu nəticəsində yaranan keyfiyyət itkisi – dolu yağması nəticəsində məhsulun əmtəə görünüşünün korlanması və satış qiymətinin aşağı düşməsi deməkdir. Təsərrüfat bu riskdən sığortalıdırsa, qiymətin enməsi nəticəsində fermerə dəyən zərəri Aqrar Sığorta Fondu qarşılayır. Yeri gəlmişkən, indiyədək üzüm sahələrinə ən böyük zərər dolu hadisəsi nəticəsində dəyib.
Əkin sahələri, meyvə bağları, o cümlədən üzüm bağlarının sığortası zamanı sığorta haqqına 50 faizi dövlət dəstəyi mövcuddur. Bu o deməkdir ki, sığorta haqqının tən yarısını fermerə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermer cüzi məbləğ ödəməklə üzüm bağını sığorta edə bilir. Məsələn, 1000 manatlıq üzüm məhsulunu sığorta etmək fermerə Cəlilabad, Salyan, Neftçala rayonlarında cəmi 10 manata, Tovuz, Şəmkir və Qazax rayonlarında 32 manata, Şamaxı, Ağsu, İsmayıllı rayonlarında isə cəmi 15,7 manata başa gəlir.
Aqrar Sığorta Fondu vasitəsilə təkcə üzüm məhsulunu deyil, üzüm tingləri və ayrıca olaraq bar verən üzüm ağaclarını da sığorta etmək mümkündür.
XQ