Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində Azərbaycan dilində yenicə nəşr olunmuş “İnsan Hüquqları. Ensiklopediya” kitabının təqdimatı keçirilib.
Azərbaycanda bu sahədə ilk olan dərslik yerli universitetlərin hüquq fakültələrinin tələbə və müəllimləri üçün əhatəli vəsaitdir. Ensiklopediyaya insan hüquqlarının həm nəzəri, həm də praktiki aspektlərini əhatə edən mindən çox müddəa daxildir. Dosent Zaur Əliyevin müəllifi olduğu ensiklopediya bp-nin Azərbaycanda hüquq təhsilinin keyfiyyətinin artırılmasına dəstək məqsədilə hazırlanmış və dərc edilmiş altı hüquq dərsliyindən ibarət geniş layihəsinin bir hissəsidir. Qeyd edək ki, bu dərsliklərin 5-i cari ilin iyun ayında ictimaiyyətə təqdim edilmişdi.
Dərsliklər tələbələr, müəllimlər, alimlər, hüquq mütəxəssisləri, insan hüquqları müdafiəçiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, magistr və doktorantlar, mediatorlar, eləcə də ictimai və siyasi fikir adamları da daxil olmaqla geniş auditoriya üçün nəzərdə tutulub. Ümumi dəyəri 230 min manat olan layihə 6 kitabın hazırlanması, nəşri və idarə edilməsi də daxil olmaqla bütün mərhələləri əhatə edir. İcraçı isə “Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf” ictimai birliyidir.
Xatırladaq ki, layihəyə “Beynəlxalq tibb hüququ. Xüsusi hissə”, “Azərbaycan Respublikasının mediasiya hüququ. Ümumi Müddəalar”, “Mediasiya hüququ. Xüsusi hissə”, “Beynəlxalq publik hüquq kursu. Ümumi hissə”, “Beynəlxalq publik hüquq kursu. Xüsusi hissə” “İnsan Hüquqları. Ensiklopediya” kitabları daxildir.
XQ

