Azərbaycanda səfərdə olan bir qrup amerikalı jurnalist və media eksperti avqustun 3-də Qubada dağ yəhudilərinin yığcam şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə və Quba Soyqırımı Memorial Kompleksində olublar.
Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə ölkəmizə gələn amerikalı jurnalistlər Qırmızı Qəsəbədəki sinaqoqlar və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin ən yığcam yaşadıqları nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı isə amerikalı jurnalist və media ekspertləri ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, kütləvi məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yaranıb və uzun illərdən sonra ərazidə baş vermiş uçqun zamanı aşkar edilib.
“Xalq qəzeti”

