Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, “Naxçıvan Təlim Mərkəzi”nin təşkilatçılığı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə muxtar respublikanın dövlət orqanlarında çalışan mətbuat işçiləri üçün təlim keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova bildirib ki, təlimin məqsədi mediada savadlılıq anlayışının müasir tələblərə uyğunlaşdırılması, peşəkarlığın yüksəldilməsi və məlumat təhlükəsizliyinin təmin edilməsidir.
“Naxçıvan Təlim Mərkəzi” İdarə Heyətinin sədri Tağı Tağızadə qeyd edib ki, qurum muxtar respublikanın dövlət orqanlarında çalışan işçilərin və gənclərin peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi məqsədilə fəaliyyət göstərir. Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin rəhbəri Vəfa İsgəndərova böhran vəziyyətində kommunikasiyanın qurulması və ondan düzgün istifadə ilə bağlı peşəkar tələbləri diqqətə çatdırıb, bu zaman dövlət qurumları ilə media arasında koordinasiyanın zəruriliyini vurğulayıb.
Təlim “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC sədrinin müavini İlhamə Novruzovanın təqdimatında “Mətbuat konfransının, press-relizin, təqdimatın hazırlanması” mövzusu ilə davam edib.
XQ

