Bəstəkar Xədicə Zeynalovanın yeni layihəsi təqdim olunub

post-img

Almaniyada fəaliyyət göstərən azərbaycanlı bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalovanın təşəbbüsü və bədii rəhbərliyi ilə "Ave Maria – Demokratiya, Tolerantlıq və Sülh üçün" adlı musiqi layihəsi təqdim olunub.

Detmold şəhərinin “Kristuskirche” kilsəsində baş tutan layihə "Bridge of Sound" ansamblının ifasında gerçəkləşib.

Konsert proqramında Azərbaycan musiqilərinə xüsusi yer ayrılıb. Xədicə Zeynalovanın "Ay Dilbər" (3 Azərbaycan xalq mahnısı əsasında yazılmış 3 hissəli əsər), "Ay Laçın" (Azərbaycan xalq mahnısının ansambl və solistlər üçün müəllif işləməsi) və "Ave Maria" əsərləri səsləndirilib. Konsertin maraqlı məqamlarından biri də bəstəkarın orqan alətində canlı ifası olub.

Qeyd edək ki, Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının, eləcə də Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin məzunudur. Almaniyada beynəlmiləl tərkibli “Bridge of Sound” orkestrinin, eləcə də “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəri kimi Azərbaycanın zəngin musiqi irsini dünyanın müxtəlif ölkələrində uğurla təbliğ edir. 2024-cü ildə Almaniyada “İlin ən yaxşı bəstəkarı” adına və “Artist in Residence” nominasiyasına layiq görülən ilk azərbaycanlı bəstəkardır.

Mədəniyyət