Saz-söz qədirşünası və qeyrətkeşi

post-img

Elxan Məmmədov – 80

Onun adını çox öncədən duymuşdum. XX əsrin yetmişinci illərindən və saz-söz bilicilərinin söhbətlərindən. İlk görüşümüz səksəninci illərin əvvəlində oldu, mən aspiranturaya daxil olanda. Doğma adamlar kimi qarşılaşdıq. Sadə, səmimi və mərd bir adam təəssüratı yaratdı məndə. Sonra onu illər və onillər boyu bu keyfiyyətin əsl daşıyıcısı kimi gördüm, onun insanlığına, mehr-məhəbbətinə və saz-söz sənətinə vurğunluğuna heyran kəsildim.

Sazın-sözün möhtəşəm bilicisi olduğunu biləndən sonra əziz qardaşım Elxanı özümə mənəvi bir yol göstəricisi saydım. Elmi fəaliyyətimin başlanğıcında o mənim çalışmalarıma istiqamət verirdi. İş elə gətirdi ki, Elxan müəllim gec müdafiə elədi, o zaman mən rəsmi şəkildə ona rəhbər təyin oldum. Ancaq xəyalımda bir ustad kimi o mənim rəhbərim idi.

Elxan Məmmədli gözəl saz-söz duyumu olan folklorçu idi. Nəyin halal-hümmət, nəyin saxta-qondarma olduğunu o dəqiqə müəyyənləşdirə bilirdi, özü də gözəl saz çalırdı. Çalğı və oxu incəliklərini son nöqtəsinə qədər xırdalamağı bacarırdı. Bu mənada, təcnisləri, xüsusən də təcnis sənətkarlığını dərin bir məharət və həssaslıqla araşdırması çox yerində idi.

Elxan müəllim sözün həqiqi mənasında aşıqşünas idi, o, klassik ustadlarla yanaşı, XX əsrdə Borçalıda, Göyçədə, Şirvanda, Naxçıvanda, Dərələyəzdə, Gəncəbasarda, o cümlədən də Təbriz-Qaradağda, Urmiyada, Zəncanda yaşayıb-yaradan ustad aşıqların ömür və sənət yolunu canlı şəkildə öyrənən yorulmaz bir araşdırmaçı idi.

XX əsrin ikinci yarısındakı ustadların böyük əksəriyyəti ilə yaxın-doğma münasibətləri olan bir folklor fədaisi idi. Azərbaycanı mahal-mahal, kənd-kənd gəzib-dolaşmışdı. Göyçəni, Borçalını az qala hər il öz elmi ezamiyyətlərinə daxil edirdi. Məşhur kəndlərin sayılıb-seçilən ağsaqqallarını birər-birər tanıyırdı.

Gözəl yol-yoldaşlığı var idi. Yolda, səfərdə olanda özünün bütün mərd, insani keyfiyyətlərini büruzə verirdi. Onunla keçirdiyimiz hər gün, hər səfər unudulmaz xatirələrlə, əhvalatlarla doludur. Bunların içərisində o qədər dodaqqaçırdan məzəli hadisələr olurdu ki....

Onu da deyim ki, Aşıq Əmrah Gülməmmədov, Hüseyn Saraclı, xüsusən də Kamandar Əfəndiyev onun əziz qonaqları idilər. Aşıq Kamandar bəzən günlərlə, həftələrlə Elxan müəllimin və onun atası – əsl el ağsaqqalı olan Hüseynqulu müəllimin qonaqları olardı. Faxralı elinin bu gözəl ailə ocağı indi də o keyfiyyəti qoruyur...

Elxan Məmmədli sazı-sözü, aşıq sənətini o qədər böyük həssaslıqla mənimsəmişdi ki, əsl aşıq ensiklopediyasına çevrilmişdi. Yaxın zamanlara qədər bir çox qaranlıq və mübahisəli məsələləri məhz ondan öyrənib dəqiqləşdirirdik. Dastanları bütün variativ ayrıntıları ilə sinəsində gəzdirən bu sənət fədaisinin indi yerini kim verə bilər?! Çətindi bu sorğunun cavabı. Folklor İnstitutunda “Aşıq sənəti” şöbəsinin müdiri kimi məsul bir işi ləyaqətlə yerinə yetirən ikinci belə bir elm və sənət adamı tapılacaqmı? Dəyərli bilim adamları həmişə özlərindən sonra bir boşluq buraxır. Əməkdar mədəniyyat işçisi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədlinin itkisində olduğu kimi. Nur içində uyusun!

Mən Elxanı həmişə yenilməz, əyilməz, özübütöv, sözübütöv qardaş bilmişəm. Bu gün də gözümdə o ucalıqda qalır. Elə bilirəm ki, həmişə yanımdadır, qolum-qanadımdır.

Məhərrəm QASIMLI,
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor

Mədəniyyət