Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 327 Bakı şəhəri, 3 noyabr 2025-ci il

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2751 (Cild I); 2024, № 3, maddə 341) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə ləğv edilsin.

2. 3-cü hissədən “aprelin 20-dən gec olmayaraq,” sözləri çıxarılsın və həmin hissədə “Dövlət Statistika Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olmuş, habelə yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektlərinin ölçüsünə görə mikro, kiçik, orta və iri sahibkar kateqoriyaları üzrə bölgüsünün bu meyarlara uyğun təşkilini və hesabat ili başa çatdıqdan sonra növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində işçilərin orta siyahı sayı və illik gəlir göstəriciləri göstərilməklə müvafiq məlumatların Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.”.

4. Həmin Qərarla təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın “Qeydlər”inin 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

“4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kateqoriyalarına aid edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həmin sahibkarlıq subyektləri haqqında reyestrə daxil edilən məlumatlar əsasında başa çatmış hesabat ili üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir, meyar göstəriciləri üzrə məlumatlar dəyişdikdə real vaxt rejimində yenilənir və sahibkarlıq subyektlərinə təqdim edilir. Vergitutma məqsədləri üçün vergi qanunvericiliyində nəzərdə tutulan güzəşt və azadolmalar sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının müəyyən edilməsinə əsas verən göstəricilərin aid olduğu başa çatmış hesabat ili ərzində tətbiq edilir.

5. Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyar göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə qalır”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları