Son onilliklərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, xüsusilə də Qlobal Cənub ölkələrinin siyasi, iqtisadi və sosial sahələrdə artan rolu, bu ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) da qlobal miqyasda daha fəal mövqe tutmasına gətirib çıxarmışdır. Qlobal Cənub QHT-ləri bu gün beynəlxalq səviyyədə səs hüququna, təşəbbüs imkanlarına və əməkdaşlıq gücünə malikdir. Bu kontekstdə, Qlobal Cənub QHT-lərinin vahid platforma ətrafında birləşməsini yeni bir dövrün başlanğıcı kimi qiymətləndirə bilərik.
Qlobal Cənub termini, əsasən inkişaf etməkdə olan ölkələri ifadə edir və coğrafi mövqedən çox, iqtisadi və siyasi statusla bağlıdır. Asiya, Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrinin böyük əksəriyyəti bu kateqoriyaya daxildir. Bu regionlar tarixi olaraq müstəmləkəçilik, iqtisadi asılılıq, sosial qeyri-bərabərlik və beynəlxalq qərarvermə proseslərindən kənarda qalmaqla xarakterizə olunmuşdur. Buna baxmayaraq, XXI əsrin ikinci onilliyindən etibarən bu ölkələr beynəlxalq sistemdə daha fəal aktor kimi çıxış etməyə başlamışlar.
QHT-lər müasir cəmiyyətlərin inkişafında mühüm rol oynayır. Onlar ictimai nəzarət vasitəsi və sosial ədalətin təbliğatçısı kimi çıxış edirlər. Xüsusilə Qlobal Cənub ölkələrində QHT-lər insan hüquqları, qadınların hüquqları, iqlim dəyişikliyi, yoxsulluğun azaldılması, təhsil və səhiyyə kimi sahələrdə fəaliyyət göstərərək əhalinin ən həssas təbəqələrini müdafiə edirlər. Bununla belə, bu təşkilatların çoxu parçalanmış şəkildə fəaliyyət göstərir, resurs çatışmazlığından əziyyət çəkir və beynəlxalq platformalarda lazımi qədər tanınmır.
2025-ci ilin aprel ayında Bakıda keçirilən "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı forum, 116 ölkədən nüfuzlu QHT rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə baş tutmuşdur. Forum çərçivəsində keçirilən panel müzakirələrdə, Qlobal Cənub ölkələrinin beynəlxalq arenada daha çox eşidilməsi, qeyri-hökumət təşkilatlarının ədalətli və davamlı inkişaf proseslərindəki rolu və beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Qlobal Cənub QHT-lərinin birləşməsi ideyası, onların səsini gücləndirmək, birgə fəaliyyət imkanlarını artırmaq və qlobal qərarvermə proseslərində iştirakını təmin etmək baxımından olduqca aktualdır. Ayrı-ayrılıqda fəaliyyət göstərən QHT-lər çox zaman oxşar problemlərlə qarşılaşır, lakin onların təcrübə mübadiləsi zəif olur. Yaradılacaq vahid platforma bu çatışmazlıqları aradan qaldırmaq və həmrəyliyi gücləndirmək üçün mühüm alət olacaq.
Qlobal Cənub QHT Platformasının rəhbərliyinin Azərbaycana həvalə edilməsi və daimi mənzil-qərargahının Bakıda yerləşməsi, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Bu təşəbbüs, Azərbaycanın fəal diplomatiyası və Qlobal Şimal ilə Qlobal Cənub arasında körpü rolunu oynamaq əzminin nəticəsidir. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində də vurğulandığı kimi Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir.
Qlobal Cənub QHT Platforması inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətlərinin gedən siyasi proseslərdə təsirini artırmaq, insan hüquqları, sosial ədalət, iqtisadi bərabərlik, təbii sərvətlərin qorunması və sülhün təşviqi sahələrində fəaliyyətlərini birləşdirərək daha səmərəli inkişaf yolu yaratmaq məqsədini daşıyır.
Qlobal Cənub QHT-lərinin bir platforma ətrafında birləşməsi təşəbbüsü qlobal ədalətin bərpası istiqamətində strateji addımdır. Tarixən beynəlxalq qərarvermə proseslərindən kənarda qalan, o cümlədən resurs və imkan baxımından məhdudiyyətlərlə üzləşən bu təşkilatların vahid platformada bir araya gəlməsi onların təsir gücünü artırmaqla yanaşı, beynəlxalq ictimai rəyə də yeni perspektivlər vəd edir. Bakı Forumunun uğuru və Qlobal Cənub QHT Platformasının yaradılması, ədalətli, inklüziv və çoxqütblü beynəlxalq sistemin formalaşmasına töhfə verməklə, gələcək əməkdaşlıqlar üçün etibarlı zəmin yaradır. Bu proses, təkcə Qlobal Cənub ölkələrinin deyil, bütün bəşəriyyətin davamlı inkişaf hədəflərinə çatmasında mühüm mərhələ olacaqdır.
Əziz QASIMOV
Naxçıvan MR Ali Məclisinin deputatı