Azərbaycan, Ermənistan və ABŞ arasında Vaşinqtonda keçirilən üçtərəfli görüşdə sülh sazişinin paraflanması tarixi hadisə kimi qiymətləndirildi. Görüş regional və beynəlxalq ictimaiyyətin diqqətini bir daha bu məsələyə cəlb etdi və sülh prosesində mühüm addımın atıldığını göstərdi. Bəs nə üçün Vaşinqtondakı bu önəmli paraflanma və üçtərəfli razılaşmaya baxmayaraq, sülh prosesində ən mühüm addımlardan biri belə böyük çətinliklə atılır? Həqiqi maneələr nələrdir və gələcəkdə sülhə necə nail olmaq mümkündür?
Sualın cavabı Prezident İlham Əliyevin Vaşinqtonda verdiyi müsahibədə aydınlıq qazanır: Sülhün hüquqi və siyasi zəmini Ermənistanın konstitusiyasında olan Azərbaycan ərazilərinə dair ərazi iddialarının aradan qaldırılması ilə birbaşa bağlıdır. Bu isə o deməkdir ki, hətta diplomatik danışıqların, beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunan razılaşmalar belə konstitusional əsaslarda ziddiyyət olduğu halda tam olaraq reallaşa bilmir.
“Konstitusiya” termini hər bir müasir dövlətdə ən ali hüquqi sənəd kimi xüsusi əhəmiyyətə malikdir. Konstitusiya dövlətin suverenliyinin, ərazi bütövlüyünün, hakimiyyətin strukturunun və vətəndaşların hüquq və vəzifələrinin əsas prinsiplərini müəyyən edir. Konstitusiyanın ərazi bütövlüyü barədə müddəaları isə təkcə daxili hüquq sisteminin deyil, həm də beynəlxalq hüquq qarşısında həmin dövlətin mövqeyinin əsasıdır.
Ermənistan konstitusiyasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərinə dair iddiaların yer alması bir çox aspektdən olduqca ciddi nəticələrə malikdir. Müddəalar sadəcə daxili hüquqi norma deyil, eyni zamanda Ermənistanın siyasi iradəsinin və dövlət siyasətinin rəmzi olaraq beynəlxalq hüquq arenasında əks olunmasıdır.
Hüquqi baxımdan bu vəziyyət Azərbaycan tərəfi üçün fundamental problem yaradır. Beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü əsas prinsip kimi qəbul edilir və bu prinsipə hörmət edilməlidir. Lakin Ermənistan konstitusiyasındakı ərazi iddiaları bu prinsipi sarsıdır və münaqişənin hüquqi tənzimlənməsində ciddi çətinliklər yaradır. Yəni, bunlar sülh sazişinin imzalanması və həyata keçirilməsi üçün əsas hüquqi zəminin möhkəmlənməsinə maneə olur. Başqa sözlə, belə konstitusional müddəaların mövcudluğu sülhün hüquqi legitimliyini sual altına qoyur. Beynəlxalq hüquq sisteminin ən fundamental prinsiplərindən biri də dövlətlərin ərazi bütövlüyünə hörmətdir. Bu prinsip dövlətlərin suverenliyinin və müstəqilliyinin təməl daşıdır və BMT Nizamnaməsində, Helsinki Yekun Aktında və digər əsas beynəlxalq sənədlərdə təsbit olunub. Hər bir dövlətin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı həm hüquqi, həm də siyasi sahədə prioritet təşkil edir.
Azərbaycan üçün bu prinsip xüsusi əhəmiyyət kəsb edir, çünki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri Ermənistan tərəfindən birbaşa sınaqdan keçirilib və 1990-cı illərdən başlayaraq bu sərhədlərin müəyyən hissələri işğal altında saxlanılıb. Ermənistanın konstitusiyasında Azərbaycanın bu ərazilərinə dair ərazi iddialarının əks olunması isə bu hüquqi əsasları bir daha sarsıdır. Bu amil təkcə Azərbaycanın suveren hüquqlarının pozulması kimi deyil, həm də beynəlxalq hüququn pozulması kimi qiymətləndirilməlidir.
Bundan əlavə, bu konstitusional müddəalar beynəlxalq hüquq qarşısında Azərbaycanın ərazi bütövlüyünün təhrif olunmasına səbəb olur. Ermənistanın əsas qanununda Azərbaycanın ərazilərinə dair iddialar həmin sənədin hüquqi statusuna görə, beynəlxalq arenada müəyyən qədər hüquqi çəkisi olan mövqedir.
Sülh sazişi imzalanarkən tərəflər arasındakı razılıq həm daxili hüquqi sənədlərdə, həm də beynəlxalq müqavilələrdə öz əksini tapmalıdır. Ermənistan konstitusiyasında ərazi iddialarının saxlanması həmin daxili hüquqi bazanı sarsıdır və beynəlxalq müqavilələrin məzmunu ilə ziddiyyət təşkil edir. Nəticədə, bu konstitusional müddəalar yalnız hüquqi deyil, həm də siyasi və diplomatik böhran yaradır. Ona görə də, Ermənistanın əsas qanunundakı bu müddəaların dəyişdirilməsi, yəni Azərbaycanın ərazi bütövlüyünün tam hüquqi tanınması sülhün hüquqi legitimliyinin bərpası və davamlı sülhün təminatı üçün zəruri şərtdir.
Siyasi aspektdən Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların qalması ölkənin siyasi elitasının və ictimaiyyətinin müəyyən hissəsinin münaqişəni necə qəbul etdiyi, hansı mövqedən çıxış etdiyini əks etdirir. Konstitusiyada məlum iddiaların saxlanması sadəcə hüquqi bir məsələ deyil – bu, həm də Ermənistanın daxili və xarici siyasətində hansı istiqamət götürdüyünün əksidir. Amma burada daha dərindən düşünülməli sual budur: Bu iddiaların qalması Ermənistanın siyasi elitasının və cəmiyyətinin münaqişəyə baxışını, həmçinin sülhə və kompromisə hazır olub-olmamasını necə təsvir edir? Və nə üçün bu mövqeyi dəyişməkdə çətinlik çəkir?
Siyasi analiz göstərir ki, Ermənistanın daxili siyasi mühitində münaqişə ətrafında formalaşan daşnak-millətçi, şovinist duyğuları hələ də güclüdür. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialar konstitusiyada yer almaqla həm siyasi elitanın, həm də cəmiyyətin müəyyən qruplarının bu mövqeyi legitimləşdirməsinə xidmət edir. Sülhə gedən yolun belə bir konstitusional blokadaya malik olması siyasi cəsarət və risk tələb edir ki, bu da daxili siyasi balansı pozmaq qorxusunu artırır.
Ermənistan üçün bu, həm də bir sınaqdır: sülh istəyən siyasi qüvvələr və kompromisə açıq olan cəmiyyət təbəqəsi ilə münaqişənin davamını seçən, milli mövqedən çəkilməyə hazır olmayan qruplar arasında gərgin mübarizə gedir. Əslində, bu proses yalnız hüquqi dəyişiklik deyil, həm də Ermənistanın siyasi sistemində, ictimai şüurunda sülhə və gələcəyə baxışın transformasiyasıdır.
Xarici siyasət kontekstində də bu məsələnin böyük əhəmiyyəti var. Ermənistanın beynəlxalq münasibətlərində, xüsusən də bölgədə və dünya səviyyəsində sülh təşəbbüslərinə yanaşmasında konstitusiyadakı bu iddialar Ermənistanın mövqeyinin sərtliyini və kompromisə hazır olmamasını göstərir. Bütün bu amillər beynəlxalq tərəfdaşlar və vasitəçilərlə münasibətlərin inkişafına maneə olur, Ermənistanın diplomatik imkanlarını məhdudlaşdırır. Bundan əlavə, bu müddəaların beynəlxalq səviyyədə mövcudluğu Ermənistana əlavə siyasi təzyiq və reputasiya riski gətirir. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmət edir. Ermənistan konstitusiyasında buna zidd müddəaların saxlanması onun beynəlxalq imicinə zərbə vurur, həmçinin sülh prosesinə mənfi təsir göstərir. Beynəlxalq səviyyədə isə proses daha da mürəkkəbləşir. ABŞ və digər beynəlxalq aktorlar bu məsələdə Ermənistana həm təzyiq göstərir, həm də dəstək olur. Vaşinqtonda imzalanan ilkin sənədlər Ermənistanın konstitusiyada dəyişiklik etməyə razılıq verdiyini göstərir ki, bu da dünya ictimaiyyətinin qəbul etdiyi öhdəlikdir. Bütün bunlar həm də Ermənistana əlavə siyasi və diplomatik yük qoyur, çünki bu razılaşma Ermənistanın beynəlxalq nüfuzunun və etibarlılığının göstəricisidir.
Beləliklə, Ermənistan üçün konstitusiyaya dəyişiklik, sadəcə, daxili məsələ kimi yox, həm də beynəlxalq öhdəlik kimi dəyərləndirilir. Öhdəliyə əməl edilməsi həm daxili siyasi konsolidasiyanın, həm də beynəlxalq münasibətlərdə etibarın bərpasının açarıdır. Yəni, bu prosesi düzgün idarə etmək Ermənistanın gələcəkdə regional və qlobal siyasətdə mövqeyini gücləndirə bilər.
Bu baxımdan sual ortaya çıxır: Ermənistan siyasi elitası və cəmiyyəti münaqişənin həllinə real sülh istəyir, yoxsa mövcud status-kvonu qorumaqla daxili siyasi sabitliyi saxlamağa çalışır? Bu sualın cavabı Ermənistanın gələcək sülh prosesində tutacağı mövqenin göstəricisidir.
Nəticə etibarilə, Ermənistan konstitusiyasındakı ərazi iddialarının mövcudluğu həm hüquqi, həm də siyasi baxımdan sülh prosesinin ən ciddi maneələrindən biridir. Müddəaların aradan qaldırılması, yəni konstitusional islahatların həyata keçirilməsi Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün zəruri və qaçılmaz şərtdir. Əks halda, sülh razılaşmasının hüquqi, siyasi və praktiki təməlləri zəif qalacaq və davamlı həll əldə etmək mümkün olmayacaq.
Qeyd etməliyik ki, Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə dair iddiaların qalması yalnız hüquqi problem deyil, həm də siyasi iradənin, daxili siyasi mübarizənin və cəmiyyətin sülhə hazır olmamasının simvoludur. Blokadanın aradan qaldırılması üçün yalnız qanuni addımlar deyil, həm də dərin siyasi transformasiya, dialoq və kompromisə hazır olan geniş ictimai dəstək tələb olunur. Əks təqdirdə, sülh prosesində irəliləyişin əldə olunması hələ uzun müddət mümkün olmayacaq. Prezident İlham Əliyevin açıq və qətiyyətli mesajı da məhz bunu təsdiqləyir: Ermənistan tərəfi öz “ev tapşırığını” — yəni konstitusiyadakı ərazi iddialarının ləğvini — vaxtında və tam şəkildə yerinə yetirməlidir.
Yekunda sualın cavabı sadədir: Qarabağda davamlı və real sülhün təminatı Ermənistan konstitusiyasının arxasındadır və onun əldə olunması ərazi iddialarının ləğvi ilə başlayır. Siyasi iradə nümayiş etdirilmədən, bütün diplomatik səylər, razılaşmalar yalnız formal xarakter daşıyacaq və sülh kağız üzərində qalacaq. Odur ki, hüquqi blokadaya son qoymaq sülhün real və davamlı olması üçün əsas şərtdir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru