Humanitar diplomatiyamızın Vatikan zəfəri

post-img

Beynəlxalq münasibətlərin sərt güc prinsipləri üzərində qurulduğu dünyada bəzən ən təsirli diplomatik gedişlər mədəniyyətin və humanizmin incə dili ilə edilir 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri və oktyabrın 16-da Müqəddəs Komodilya katakombalarının bərpasından sonra təqdimat mərasimində iştirakı ölkəmzin yürütdüyü “yumşaq güc” siyasətinin strateji təcəssümünə çevrildi. Müqəddəs Taxt-Tacın rəsmi mətbuat orqanlarının geniş işıqlandırdığı bu hadisə, müsəlman ölkəsi olan Azərbaycanın xristian dünyasının ən qədim irsinin qorunmasına verdiyi töhfə kimi, sivilizasiyalararası dialoqun real və təsirli nümunəsini ortaya qoydu.

Bu səfərin əhəmiyyəti onun humanitar diplomatiya vasitəsilə Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirməsindədir. Dünyanın dini və mədəni zəmində münaqişələrlə çalxalandığı dövrdə Azərbaycanın bu addımı onun dinlər və mədəniyyətlərarası dialoqa sadiqliyini həm sözdə, həm də əməldə sübut edir. Bu, ölkənin qlobal sülh və anlaşma proseslərinə töhfə vermək əzmində olan məsuliyyətli beynəlxalq lider olduğunu göstərən güclü mesajdır. Katolik dünyasının mərkəzində belə bir layihənin reallaşdırılması Azərbaycanın adını tolerantlıq və multikulturalizm kimi bəşəri dəyərlərlə eyniləşdirir, bəzi dairələrin yaratmağa çalışdığı qərəzli və mənfi rəyləri effektiv şəkildə neytrallaşdırır.

Səfər, eyni zamanda, Azərbaycanın dünya mədəni irsinə dərin hörmətinin və xalqımızın zəngin tolerantlıq ənənələrinin təcəssümüdür. Tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı Azərbaycan tarixi təcrübəsini beynəlxalq səviyyəyə ixrac edir. 

Heydər Əliyev Fondunun Parisdəki Luvr muzeyindən Versal sarayına, Strasburq Kafedralından Roma katakombalarına qədər uzanan fəaliyyəti Azərbaycanın milli maraqlarını bəşəri dəyərlərin qorunması kimi mühüm missiya ilə sintez etdiyini göstərir. Bu, ölkənin beynəlxalq nüfuzunu və cəlbediciliyini artıran, ona yeni dostlar və tərəfdaşlar qazandıran strateji yanaşmadır.

Lakin beynəlxalq fəaliyyətin əsl gücü və səmimiliyi onun Azərbaycan daxilində həyata keçirilən genişmiqyaslı sosial siyasətlə vəhdət təşkil etməsindən qaynaqlanır. Vətən uğrunda sağlamlığını itirmiş qazilərimizə, şəhid ailələrinə, valideyn himayəsindən məhrum olmuş uşaqlara və cəmiyyətin digər həssas təbəqələrinə göstərilən davamlı qayğı Fondun humanizm fəlsəfəsinin daxili təməlini təşkil edir. Məhz öz vətəndaşının qayğısına qalan bir dövlətin və onun təsisatlarının beynəlxalq arenadakı xeyirxahlıq təşəbbüsləri səmimi və etibarlı görünür.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfərini və keçirdiyi görüşləri dünya mediası geniş işıqlandırıb. Misal üçün, Argentinanın “Real Politik” xəbər agentliyi Mehriban Əliyevanın oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə dair xəbəri manşetdən verib. Məqalədə deyilir ki, Roma Papası XIV Leoya qəbula görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti son illər Vatikanla Azərbaycan arasında münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb, Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox layihələri həyata keçirdiyindən məmnunluğunu ifadə edib. “Heydər Əliyev Fondu mədəni və dini dialoqu təşviq edən layihələr vasitəsilə Vatikan ilə əməkdaşlığını bundan sonra da genişləndirəcək” – deyə Mehriban Əliyeva qeyd edib.

Məqalədə o da diqqətə çatdırılır ki, Roma Papası XIV Leo Vatikan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın uzun tarixini yüksək qiymətləndirib. Papa Leo Mehriban Əliyevaya irəli sürdüyü təşəbbüslərə görə təşəkkürünü bildirib, onların əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib. 

Pontifik, həmçinin ikinci Katolik Kilsəsinin tikintisinə ayrılmış torpaq sahəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini çatdırmağı xahiş edib,  Vatikanın bu birgə layihələrin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri və Komodilya katakombalarının bərpası Azərbaycanın müasir diplomatiyasının uğur hekayəsidir. Bu, hərbi və iqtisadi güclə yanaşı, mədəniyyətin, humanizmin və tolerantlığın da bir dövlətin beynəlxalq mövqelərini necə möhkəmləndirə biləcəyinin parlaq nümunəsidir. 

Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir. 

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfərini humanitar diplomatiyamızın növbəti zəfəri kimi təqdim edə bilərik.   

Yusif Şərifzadə
XQ

Siyasət