“Rəsmi Bakı və Yelisey sarayı parlament diplomatiyası çərçivəsində yeni dialoq imkanları axtarmaqda maraqlıdırlar. Bu baxımdan gələcəkdə həm azərbaycanlı, həm də fransalı parlamentarilərin qarşılıqlı səfərləri istisna edilmir”.
Bu fikirləri XQ-yə eksklüziv açıqlamasında Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib. Onun sözlərinə görə, ölkəmiz Fransa ilə münasibətləri normallaşdırmağa hazırdır: “Azərbaycan XİN-in noyabrın 7-də “Fransa ilə münasibətlərdə yeni səhifə” açıqlaması və deputatların mümkün səfərləri ilə bağlı məlumatlar müsbət siqnal kimi dəyərləndirilsə də, noyabrın 16-da Fransa Senatının Azərbaycana qarşı daha bir qərəzli qətnamə qəbul etməsi dialoqa ciddi zərbə vurdu. Bu, Paris–Bakı münasibətlərində institusional parçalanmanın hələ də aradan qaldırılmadığını göstərir”.
“İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi düzən təkcə region ölkələrinin deyil, həm də xarici güclərin mövcud münasibətlərini yenidən dəyərləndirməsini zəruri edib. Xüsusilə Fransa ilə Azərbaycan arasında müşahidə olunan gərginlik həm regionda dəyişən reallıqlardan, həm də Parisin Ermənistanla münasibətlərindən qaynaqlanan disbalansdan irəli gəlirdi”, – deyə Elçin Mirzəbəyli bildirib.
Deputat qeyd edib ki, münasibətlər bəzən açıq qarşıdurmaya qədər yüksəlsə də, Prezident İlham Əliyevin Tiranada Emmanuel Makronla keçirdiyi görüşlər fonunda müəyyən yumşalma meyilləri formalaşıb. Lakin bu dinamikanı normallaşma adlandırmağın hələ tez olduğunu vurğulayan E.Mirzəbəyli bildirib ki, prosesin davamlı olması üçün təkcə siyasi iradə deyil, həm də illərlə formalaşmış stereotiplərin və lobbi təsirlərinin aradan qaldırılması tələb olunur: “Həm azərbaycanlı, həm də fransalı parlamentarilərin qarşılıqlı səfərləri barədə yayılan məlumatlar göstərir ki, tərəflər parlament diplomatiyası çərçivəsində yeni dialoq imkanları axtarmaqda maraqlıdırlar. Lakin onu da qeyd etməliyəm ki, Fransa Senatının qətnamələri Parisdə erməni diasporu və lobbi təşkilatlarının təsirinin hələ də güclü olduğunu təsdiqləyir”.
Azərbaycan–Fransa əlaqələri Azərbaycan–Ermənistan münasibətlərindən nə qədər asılıdır?
Bu barədə danışan komitə üzvünün sözlərinə görə, Azərbaycanla Fransa arasında tarixən siyasi dialoq mövcud olsa da, son dönəmlərdə Parisin Ermənistanla bağlı birtərəfli mövqeyi qarşılıqlı etimada ciddi ziyan vurub: “Ermənistan amili Fransa–Azərbaycan münasibətlərinin əsas mübahisə nöqtələrindən biridir. Parisin uzun illər İrəvanla xüsusi münasibətlər saxlaması və diaspor təsiri bu siyasətin formalaşmasında mühüm rol oynayıb”.
Deputatın fikrincə, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması iki ölkə münasibətlərinə müsbət təsir göstərə bilər, lakin bu, tam normallaşma üçün yetərli sayıla bilməz. Çünki problemlər yalnız Ermənistanla bağlı deyil. Məsələnin kökündə Fransanın regionu geosiyasi təsir dairəsi kimi görməsi, Azərbaycan barədə köhnəlmiş stereotiplər və Parisin öz daxili siyasi dinamizmi dayanır.
Deputat həmçinin qeyd edib ki, sülh müqaviləsi imzalanarsa, regiondakı gərginliyin azalması Parisin sərt mövqe üçün əsaslarını zəiflədə bilər, Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıq daha stabil xarakter alar. Ancaq Fransa–Azərbaycan münasibətləri mürəkkəb və çoxtərəfli təsirlərin kəsişdiyi mərhələdən keçdiyini unutmaq olmaz. Fransa Senatının mütəmadi qərəzli qətnamələri ölkədə siyasi mühitin sabit olmadığını göstərir və tam normallaşma üçün hələ müəyyən məsafə qalır. Yəni Bakı-İrəvan yekun sülhünün Azərbaycan-Fransa münasibətlərinə müsbət təsir ehtimalı çox olsa da, bu münasibətlərin tam rəvan məcraya çıxması yalnız regional reallıqlarla yox, həm də Fransanın öz siyasətini yenidən qurmaq iradəsi ilə bağlı olacaq.
Tacir SADIQOV
XQ


