İran–ABŞ nüvə dialoqunda yeni mərhələ və geosiyasi hesablaşma
Fevralın 6-da Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə dosyesi üzrə bərpa edilən danışıqlar regional və qlobal təhlükəsizlik arxitekturası üçün mühüm siyasi siqnallar verdi. Danışıqlardan cəmi üç gün sonra – fevralın 9-da İran parlamentinin ABŞ-la aparılan məsləhətləşmələrin birinci mərhələsinin aralıq nəticələrini müzakirə etmək üçün iclas keçirməsi prosesin artıq daxili siyasi legitimlik mərhələsinə keçdiyini göstərir.
Parlamentdə keçirilən qapalı müzakirədən sonra mətbuat katibi Abbas Qudərzi bildirib ki, toplantının məqsədi İranda “diplomatiya və yerlərdə iş“in tamamilə koordinasiya olunması, razılaşdırılması və bir-birini tamamlaması kimi vacib məqamları vurğulamaq idi. Qudərzi əlavə edib ki, görüşdə əvvəlki danışıqlar zamanı buraxılmış səhvləri təkrarlamaqdan çəkinmək xüsusi qeyd olunub: “Deputatlar vurğulayıblar ki, danışıqlar güc və nüfuz mövqeyindən aparılmalıdır. Ölkənin nüvə sənayesinin qorunması diplomatik qrupun gündəliyində qaçılmaz “qırmızı xətt” olmalıdır. Çünki bu sahə ölkənin gələcəyi üçün həyati əhəmiyyət daşıyır və milli borcudur”.
Qayıdaq Maskat görüşünə. Omanın vasitəçiliyi ilə baş tutan və təxminən 5 saat davam edən dolayı danışıqlar İran tərəfindən “uğurlu başlanğıc” kimi qiymətləndirilib. Ölkənin xarici işlər naziri Abbas Əraqçi danışıqların mahiyyətini açıq şəkildə ifadə edərək dialoqun yalnız nüvə proqramı ilə məhdudlaşdığını, bununla belə İranın raket proqramı, regional təsir imkanları və ya SEPAH məsələsinin gündəlikdə olmadığını bildirib. Görünür, bu, Tehran üçün prinsipial məsələdir. Əraqçi açıq bəyan edib ki, uranın zənginləşdirilməsi İranın suveren hüququdur və “sıfır zənginləşdirmə” tələbi nə indi, nə də gələcəkdə qəbul edilə bilməz. Hətta potensial razılaşma çərçivəsində yüksək dərəcədə zənginləşdirilmiş uranın üçüncü ölkələrə çıxarılması ehtimalı da istisna edildi. Bu mövqe göstərir ki, İran 2015-ci il JCPOA modelindən daha sərt, amma hüquqi əsaslara söykənən yanaşma sərgiləyir.
ABŞ Prezidenti Donald Trampın açıqlamaları isə Maskat danışıqlarının Vaşinqton tərəfindən strateji səbir kontekstində dəyərləndirildiyini göstərir. Tramp açıq şəkildə hazırkı situasiyada İranın ABŞ-dan daha çox danışıqlara can atdığını bildirdi. Digər tərəfdən, onun “bizim kifayət qədər vaxtımız var” və “böyük donanmamız bu istiqamətdə hərəkət edir” mesajları diplomatiya ilə yanaşı, təzyiq alətlərinin saxlanıldığını da nümayiş etdirir. Vaşinqton üçün əsas və dəyişməz şərt isə birdir: İran nüvə silahına sahib olmamalıdır! Trampın sözlərindən belə çıxır ki, ABŞ Tehranın əvvəlki illərlə müqayisədə daha böyük güzəştlərə hazır olduğunu düşünür, lakin bu dəfə razılaşmanın şərtləri daha sərt olacaq.
Maskat prosesinin diqqətçəkən tərəflərindən biri də Çin və Rusiyanın paralel diplomatik aktivliyidir. İran XİN başçısının müavini Kazım Qəribabadinin Pekinə səfəri və Çinin İranın dinc nüvə proqramı hüququna açıq dəstəyi Tehranın Qərblə dialoqu alternativsiz görmədiyini göstərir. Rusiya da prosesdən kənarda qalmır. Ölkənin XİN başçısı Sergey Lavrov ilə Omanlı həmkarı arasında baş tutan telefon danışığı Moskvanın Maskat formatını regional sabitlik baxımından faydalı hesab etdiyini ortaya qoyur. Moskva və Pekin üçün əsas məqsəd İranın Qərblə qarşıdurma kursuna qayıtmaması və regionda nəzarətsiz eskalasiyanın qarşısının alınmasıdır.
***
Maskat danışıqları və ardınca İran parlamentində keçirilən iclas göstərir ki, Tehran və Vaşinqton hələ razılaşmadan uzaqdır, lakin toqquşma ssenarisindən də uzaqlaşmağa çalışırlar. İran üçün əsas xətt suverenlik və hüquqların qorunması, ABŞ üçün isə nüvə silahının qarşısının alınmasıdır. Bu mərhələdə prosesin taleyi bir-biri ilə sıx bağlı olan üç əsas amildən asılı olacaq. İlk növbədə, ABŞ-ın təzyiq və diplomatiya arasında hansı balansı qoruyacağı həlledici əhəmiyyət daşıyır. Vaşinqton bir tərəfdən İranı danışıqlar masasına əyləşdirməyə çalışır, digər tərəfdən isə hərbi-siyasi təzyiq rıçaqlarını gündəmdə saxlayaraq Tehrana alternativ ssenarilərin mövcudluğunu xatırladır. Bu balansın pozulması ya danışıqların dalana dirənməsinə, ya da eskalasiyanın yenidən gündəmə gəlməsinə yol aça bilər.
İkinci əsas faktor İran daxilində siyasi konsensusun incəliyi ilə bağlıdır. ABŞ-la mümkün razılaşmanın yalnız icraedici hakimiyyətin deyil, parlamentin, eləcə də siyasi və ideoloji mərkəzlərin razılığı ilə formalaşması Tehranın danışıqlarda manevr imkanlarını həm genişləndirir, həm də məhdudlaşdırır. Daxili konsensusun zəifliyi istənilən razılaşmanı kövrək və qısamüddətli edə, güclü konsensus isə İranın mövqelərini daha sərt və davamlı hala gətirə bilər.
Üçüncü və bəlkə də ən riskli amil İsrail faktorudur. Təl-Əvivin İranla bağlı təhlükəsizlik yanaşması danışıqların dar nüvə çərçivəsindən çıxarılaraq raket proqramı və regional təsir məsələləri ilə yüklənməsini tələb edir. Bu isə Maskat formatının məntiqinə zidd olmaqla yanaşı, ABŞ daxilində də mövqe fərqlərini dərinləşdirir. İsrailin siyasi və hərbi təsir imkanları danışıqların istiqamətini dəyişdirə, hətta prosesi pozucu amilə çevirə biləcək potensiala malikdir.
***
İran–ABŞ danışıqlarının yalnız Maskat–Vaşinqton–Tehran oxunda dəyərləndirilməsi prosesi yarımçıq göstərir. İİR Prezidenti Məsud Pezeşkianın “danışıqlar regionun dost hökumətlərinin dəstəyi ilə irəliyə doğru bir addım olub” fikri bunu deməyə əsas verir. Xarici işlər naziri Abbas Əraqçi də bildirib ki, Azərbaycan və regionun digər ölkələri danışıqların bərpasını təşviq ediblər: “Onlar cənab Pezeşkian ilə 7 dəfə məsləhətləşiblər. Mən də regiondakı həmkarlarımla ya görüşmüşəm, ya da telefonla danışmışam”. Azərbaycanın bu prosesdəki rolu açıq mediatorluqdan çox sakit diplomatik təşviq formatında özünü göstərir. Bakı İran–ABŞ qarşıdurmasının regiona sıçramasında maraqlı deyil və dialoqu təhlükəsizlik baxımından daha məqbul alternativ hesab edir. Bu, Azərbaycanın uzun illər apardığı balanslaşdırılmış xarici siyasət xətti ilə tam uzlaşır.
Burada vacib məqam ondan ibarətdir ki, rəsmi Bakı İran–ABŞ danışıqlarına təhlükəsizlik və regional sabitlik prizmasından yanaşır. İran ətrafında mümkün hərbi eskalasiya Cənubi Qafqaz üçün əlavə risklər, enerji və nəqliyyat layihələri baxımından isə ciddi qeyri-müəyyənlik deməkdir. Bakı üçün bu arzuolunan ssenari deyil. Digər tərəfdən, Azərbaycanın qlobal arenada yürütdüyü balanslaşdırılmış və neytral xarici siyasət onu tərəfdaşları arasında uzlaşdırıcı rol oynaya bilən aktora çevirir. Bu baxımdan, pafossuz və realist yanaşsaq, Tehranla Vaşinqton arasında planlaşdırılan növbəti görüş üçün Bakı potensial məkanlardan biri kimi nəzərdən keçirilə bilər. Yəni Azərbaycanın adı bu danışıqlarda təsadüfi çəkilmir. Bu, Bakının regionda artan diplomatik çəkisinin, sabitlik yönümlü aktor kimi qəbul edilməsinin göstəricisidir. Maskat prosesi yalnız İran və ABŞ arasında münasibətlərin tənzimlənməsi deyil, eyni zamanda, Cənubi Qafqaz və Yaxın Şərqdə regional diplomatiyanın yeni rol bölgüsünün formalaşmasıdır.
Bir sözlə, Maskat diplomatiyası hələlik sakitləşdirici, amma qəti həlledici olmayan mərhələdir. Tehran və Vaşinqton irəliyə doğru addım atıblar, lakin bu yolun sonu hələ açıq qalır.
Tacir SADIQOV
XQ

