ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfərindən doğan nikbinlik
ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri Azərbaycan-Amerika münasibətləri baxımından tarixi hadisədir. Cənab Vens Birləşmiş Ştatlardan ölkəmizə gəlmiş ən yüksək vəzifəli dövlət rəsmilərindəndir. Buna qədər, yəni müstəqillik dövründə – 2008-ci ildə Azərbaycana ilk dəfə səfər edən Corc Buş administrasiyasının vitse-prezidenti Dik Çeyni olub.
ABŞ Vitse-prezidentinin Azərbaycana gəlişi ölkəmizlə Amerika arasında münasibətlərin ən yüksək səviyyəyə çatdığı bir vaxtda reallaşır. Səfəri məxsusi edən ilk məqam məhz bundan ibarətdir. Vens Azərbaycana Cənubi Qafqazda sülh gündəminin hakim rol oynamağa getdiyi bir zamanda təşrif buyurub. Bu amil də onun səfərinin məxsusiliyini vurğulayan cəhətlərdən önəmlisidir.
Eyni zamanda, onu da demək lazımdır ki, cənab Vens Azərbaycana Cənubi Qafqaz siyasi platformasında tamamilə yeni bir mərhələnin – sülh gündəminin hakim kəsildiyi bir dövrdə gəlib. Nəzərə alaq ki, bu mərhələdə Birləşmiş Ştatların – ölkə Prezidenti Donald Trampın müstəsna rolu, fövqəladə təşəbbüskarlıq qabiliyyəti var.
Məlum olduğu kimi, Bakı və İrəvan uzun müddətdir davam edən münaqişəyə məhz Vaşinqtonda son qoydular. Bu baxımdan, ötən il avqustun 8-də Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış Birgə Bəyannaməni vurğulamaq mümkündür. O bəyannamə ki, Birləşmiş Ştatlar Prezidenti Trampın şahid imzası ilə ərsəyə gəlib və ABŞ-ın fövqəladə təşəbbüskarlığının sülh məntiqinin bariz göstəricisidir.
Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. Vensin Bakı səfərində sözügedən Xartiya imzalandı. Qeyd edək ki, bu da bir ilkdir. Sənəd ABŞ-la ölkəmiz arasında ərsəyə gəlmiş, konkret olaraq, Azərbaycanın paytaxtında imzalanmış ən yüksək səviyyəli sənəd kimi də tarixə düşdü.
Əslində, Vensin Bakıya səfəri gedişində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması bir qədər gözlənilməz oldu. Yəni, qısa müddət ərzində belə bir ali səviyyəli sənədin imzalanması adi məsələ sayıla bilməz. Tam aydındır ki, hər iki dövlət mahiyyətində davamlı inkişaf və əməkdaşlıq amillərinin dayandığı Xartiya yolunda, kifayət qədər böyük səylər göstəriblər. Bu, sənədin strukturundan və məzmununun əhatəliyindən də aydın görünür. Prezident İlham Əliyevin fikirlərinə nəzər salaq: “Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir”.
Prezident İlham Əliyevin diqqətə çatdırdığımız fikri fonunda amerikalı dövlət rəsmisinin bildirdiyi məqamlar da nikbinlik yaradır: “Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə, bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək”.
Bəli, Vensin ölkəmizə səfəri və səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin möhkəmlənməsi baxımından əlamətdar hadisədir. Bu hadisə ölkəmizin Orta Dəhlizin mərkəzinə, enerji və kritik resurs qovşağına çevrilməsinə, regional rəqəmsal platforma kimi təqdimatına, regional sülh, Naxçıvan bağlantısı və post-münaqişə reallıqlarını dolayı, amma aydın şəkildə daha da legitimləşdirməsinə imkan verir. Xartiyanın təhlükəsizlik əməkdaşlığı balanslı və ölçülüdür ki, bu amil regionda maraqlı güclər üçün risk yaratmır.
“Tramp marşrutu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. O, Azərbaycan ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edəcəklər”. Bu fikri də Prezident İlham Əliyev Vitse-prezident Ceyms Devid Venslə mətbuata birgə bəyanatında bildirib. Dövlətimizin başçısı sözügedən marşrutun regionda sülhü gücləndirəcəyinə dair əminliyini ifadə edib.
Tam aydındır ki, Birgə Bəyannamənin “Tramp marşrutu” egidası Vensin Azərbaycana səfəri ilə daha da möhkəmləndi. Deməli, regiondakı sülh təşəbbüslərinin daha da güclənəcəyini də vurğulamaq mümkündür. Prezident İlham Əliyevin bildirdiyi də məhz budur: “Bağlantılar, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik”.
Ümumən, Vensin Bakıya səfəri gedişində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası və verilmiş bəyanatlar Azərbaycan–ABŞ münasibətlərinin tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunun bariz göstəricisidir. Şübhəsiz, səfərin ayrı-ayrı detalları ətrafında da geniş fikirlər yürüdüləcək, rəylər ifadə olunacaq. Başlıca məqam əvvəldə vurğuladığımız tarixdəki ilk amilinin, kifayət qədər, nikbin ovqat yaratmasıdır. Ümid edək ki, bu nikbinlik Bakı–Vaşinqton münasibətlərinin perspektivləri üçün də başlıca paradiqmaya çevriləcək.
Ə.RÜSTƏMOV
XQ

