Azərbaycan liderinin ABŞ biznes elitasına strateji açıqlaması

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 9-da ABŞ Ticarət Palatasının yüksək səviyyəli nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni xarici siyasət arxitekturasının mahiyyətinin cəmlənmiş ifadəsidir. Çıxış həm iqtisadi diplomatiya, həm qlobal enerji təhlükəsizliyi, həm də regional sabitlik baxımından çoxqatlı siyasi məna daşıyır.

Prezident İlham Əliyevin çıxışında “etimad” anlayışını mərkəzi kateqoriya kimi önə çəkməsi Azərbaycanın son otuz ildə keçdiyi siyasi-institusional transformasiyanın məntiqi nəticəsidir. 1990-cı illərin əvvəllərində müstəqilliyini yeni bərpa etmiş, daxili siyasi parçalanma, iqtisadi tənəzzül və xarici təhlükəsizlik riskləri ilə üz-üzə qalan Azərbaycan beynəlxalq sistemdə daha çox risk daşıyan, proqnozlaşdırılması çətin aktor kimi qəbul edilirdi. Həmin mərhələdə ölkənin əsas problemi institusional etibarlılığın olmaması idi. Beynəlxalq münasibətlər nəzəriyyəsində qəbul olunduğu kimi, zəif dövlətlərin əsas defisiti güc yox, etimad kapitalıdır.

Məhz bu kontekstdə Prezidentin “etimad illər boyu qurulur və bir səhv addım onu məhv edə bilər” fikri Azərbaycan xarici siyasətinin strateji fəlsəfəsini açıq şəkildə ifadə edir. Burada söhbət uzunmüddətli reputasiya siyasətindən gedir. Azərbaycan özünü beynəlxalq aktorlar üçün qısa müddətli üstünlüklər və ya müvəqqəti güzəştlər təklif edən tərəfdaş kimi deyil, qəbul etdiyi öhdəlikləri dəyişməyən, müqavilə mədəniyyətinə sadiq və davranışı əvvəlcədən proqnozlaşdırıla bilən dövlət kimi mövqeləndirib. İlham Əliyevin vurğuladığı “qısamüddətli taktiki qazanc naminə strateji reputasiyadan imtina edilməməsi” prinsipi Azərbaycanın klassik resurs diplomatiyasından institusional etibarlılıq diplomatiyasına keçidini göstərir.

Qərb biznes dairələri üçün bu amil xüsusilə fundamental xarakter daşıyır. Beynəlxalq kapital axınları daha çox siyasi risklərin idarə olunma səviyyəsinə həssasdır. Siyasi qeyri-sabitlik, normativ bazanın tez-tez dəyişməsi, selektiv yanaşma və institusional zəiflik investisiyalar üçün ən böyük çəkindirici amillərdir. Azərbaycan isə ardıcıl olaraq göstərməyə çalışır ki, daxili siyasi proseslərdən və regional gərginliklərdən asılı olmayaraq, qəbul edilmiş iqtisadi və hüquqi öhdəliklər toxunulmazdır.

Məhz bu kontekstdə “normativ ardıcıllıq” anlayışı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan beynəlxalq şirkətlər və tərəfdaş dövlətlər üçün gələcək perspektivə dair aydın çərçivə yaradır. Hüquqi öhdəliklərin sistemli şəkildə icra olunması, dövlətin arbitraj rolunu saxlaması və siyasi müdaxilənin minimuma endirilməsi ölkənin etimad kapitalını institusional səviyyədə möhkəmləndirir.

***

Prezident İlham Əliyevin “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq” fikri regional geosiyasətdə şüurlu şəkildə qurulmuş strateji identitetin ifadəsidir. Tarixi təcrübə sübut edir ki, Cənubi Qafqaz kimi geostrateji baxımdan həssas regionlarda yerləşən dövlətlər üçün əsas seçim ya geosiyasi tampon rolunu qəbul etmək, ya da rəqabətin məntiqini əməkdaşlıq platformasına çevirməkdir. Azərbaycan ikinci yolu seçib. Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan maraqların kəsişdiyi məkan anlayışını ön plana çıxararaq, qarşıdurma potensialını əməkdaşlıq imkanına transformasiya etməyə çalışır. Prezidentin mesajının semantik dəyəri məhz buradadır: Azərbaycan regionda gərginliyi neytrallaşdıran mexanizm rolunu oynamaq niyyətindədir.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan eyni zaman kəsiyində bir-biri ilə rəqabət və ya açıq qarşıdurma vəziyyətində olan dövlətlərlə strateji tərəfdaşlıq formatları qura bilib. Əgər dövlət bir tərəfin maraqlarını digərinin hesabına açıq şəkildə prioritetləşdirsəydi, bu cür paralel tərəfdaşlıqlar mümkün olmazdı. Eyni zamanda, fərqli təhlükəsizlik və siyasi bloklara mənsub ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində bloklaşmadan kənar rasional praqmatizmin üstünlük təşkil etdiyini göstərir. Əgər balanslaşdırma adətən güclər arasında tarazlığı qorumağa yönəlirsə, Azərbaycanın tətbiq etdiyi model daha çox funksional qarşılıqlı asılılıq yaratmağa əsaslanır. Yəni tərəflər arasında əlaqələr elə qurulur ki, Azərbaycanın sabitliyi və əməkdaşlıq mühiti bütün iştirakçılar üçün obyektiv marağa çevrilir.

***

Prezident İlham Əliyevin ABŞ-la münasibətlərin “tamamilə əla dövrə qədəm qoyması” barədə səsləndirdiyi fikir Vaşinqton–Bakı xəttində baş verən struktur xarakterli dəyişikliklərin siyasi ifadəsi kimi dəyərləndirilməlidir. Prezidentin bəyanatı iki ölkə arasında münasibətlərin mahiyyətinin yenidən müəyyənləşdirildiyini, əvvəlki mərhələlərdə mövcud olmuş asimmetrik və epizodik əməkdaşlıq modelinin daha funksional və dayanıqlı formatla əvəzləndiyini göstərir.

ABŞ Ticarət Palatası ABŞ xarici iqtisadi siyasətinin formal diplomatiyadan kənar, lakin real təsir gücünə malik alətlərindən biridir. Onun vasitəsilə formalaşan əlaqələr siyasi administrasiyaların dəyişməsindən asılı olmayaraq davamlılıq qazanır. Mühüm məqam odur ki, Azərbaycan ABŞ üçün qlobal ticarət və investisiya şəbəkəsində funksional regional mərkəz kimi nəzərdən keçirilir. Enerji faktoru münasibətlərin təməlində qalmaqla yanaşı, artıq kifayət edən amil deyil. Nəqliyyat-logistika marşrutları, rəqəmsal infrastruktur, regionlararası bağlantılar və yeni bazarlara çıxış imkanları Azərbaycanın ABŞ biznes dairələri üçün strateji cəlbediciliyini artırır. Bütün bu dəyişikliklər Vaşinqtonun regiona baxışında da transformasiyanı əks etdirir. Azərbaycan geniş Avrasiya məkanında iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından açar mövqeyə malik tərəfdaş kimi qiymətləndirilir.

İlham Əliyevin Avropa İttifaqı və NATO üzvü olan dövlətlərin enerji təhlükəsizliyində Azərbaycanın roluna xüsusi vurğu etməsi Bakının beynəlxalq mövqeyinin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Prezidentin mesajı Azərbaycanın artıq yalnız regional enerji ixracatçısı statusunu aşaraq, qitə miqyaslı enerji təhlükəsizliyi arxitekturasının ayrılmaz elementi kimi formalaşdığını təsdiqləyir. İyirmi bir ölkənin enerji balansında mühüm yer tutmaq ciddi siyasi çəkisi olan struktur faktordur. Enerji asılılığının mövcud olduğu müasir beynəlxalq sistemdə belə bir rol avtomatik olaraq təsir imkanlarını genişləndirir.

***

Prezident İlham Əliyevin Ermənistan–Azərbaycan münaqişəsi kontekstində səsləndirdiyi fikirlər postmünaqişə dövrünün siyasi məzmununu formalaşdıran əsas narrativ xətti aydın şəkildə ortaya qoyur. Beynəlxalq münasibətlər praktikasında qalib tərəfin status-kvonu diktə etməsi və ya uzunmüddətli təzyiq mexanizmlərinə üstünlük verməsi kifayət qədər geniş yayılmış modeldir. Azərbaycan isə fərqli yanaşma sərgiləyərək qalibiyyətin legitimliyini sülh təşəbbüsü ilə möhkəmləndirməyi seçir. Azərbaycanın qalib tərəf olduğu halda ilk sülh addımını atan dövlət kimi təqdim olunması beynəlxalq auditoriya üçün çoxqatlı siyasi mesaj daşıyır. Digər tərəfdən isə, münaqişənin həllindən sonra revanşizm və ya təcridetmə siyasətinə deyil, regional sabitliyin institusionallaşdırılmasına üstünlük verildiyini göstərir.

Sülh narrativinin bu şəkildə qurulması həm də Azərbaycanın postmünaqişə mərhələsində strateji məsuliyyət götürdüyünü göstərir. Müasir beynəlxalq sistemdə hərbi qələbə artıq yekun mərhələ deyil; əsas məsələ qələbədən sonrakı siyasi davranışdır. Azərbaycan bu mərhələdə özünü regional sabitliyin təminatçısı kimi mövqeləndirməklə, geniş geosiyasi məkanda etibarlı tərəfdaş statusunu möhkəmləndirir.

2025-ci il avqustun 8-də sülhün əldə olunmasının ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə qeyd edilməsi isə ayrıca strateji kontekst yaradır. Burada ABŞ regional nizamın formalaşmasında maraqlı olan qlobal aktor kimi təqdim olunur. Azərbaycan üçün bu, sülh prosesinin beynəlxalq legitimliyinin artırılması və regional balansın qorunması baxımından mühüm üstünlükdür. Eyni zamanda, bu mesaj Azərbaycanın xarici siyasətində çoxşaxəli balanslaşdırma modelinin davam etdiyini göstərir. Bakı bir tərəfdən regional təşəbbüskarlığını qoruyur, digər tərəfdən isə qlobal güclərin prosesə cəlb olunmasını legitimlik və davamlılıq aləti kimi istifadə edir

Son olaraq qeyd edək ki, Prezident İlham Əliyevin bu görüşdə verdiyi mesajlar Azərbaycanın qlobal siyasi-iqtisadi arxitekturada artan çəkisinin və postmünaqişə dövründə formalaşdırdığı yeni strateji kimliyin açıq manifesti kimi qiymətləndirilə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət