Son günlər İsmayıllı rayonunda müşahidə olunan intensiv yağış və leysan nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər operativ şəkildə həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun tapşırığına əsasən aidiyyəti qurumlar gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Ərazi üzrə sel sularının yaratdığı maneələr aradan qaldırılıb, yolların bərpası istiqamətində işlər görülüb, qırılmış elektrik dirəkləri yeniləri ilə əvəz olunub. Qaz və işıq təchizatı tam bərpa olunub.
Qeyd edək ki, ciddi maddi ziyan qeydə alınmayıb. Hazırda rayon üzrə vəziyyət tam nəzarətdədir və əhalinin gündəlik fəaliyyəti əvvəlki axarına qayıdıb.