Orta məktəbdən universitetə “Açıq qapı”

post-img

Gələcək tələbələri tədris mühiti, ixtisasları, elmi və texniki baza barədə ətraflı məlumatlandırmaq, onların peşə seçimi prosesinə dəstək göstərmək məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Açıq qapı” günü təşkil olunub. Bakının müxtəlif ümumtəhsil məktəblərindən 2 minə yaxın şagird və onların valideynləri universitetin qonağı olublar. Geniş təhsil sərgisi formatında təşkil olunan tədbirdə stendlər vasitəsilə AzMİU-nun bütün fakültələri və kafedraları, şöbə və mərkəzləri təmsil olunub.

Təhsil sərgisinin açılışında çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova məktəbliləri salamlayıb və universitetdə yaradılan müasir təhsil imkanlarından, qabaqcıl ixtisaslardan, professor-müəllim heyətindən, tələbəyönümlü tədrisdən danışıb.

Sərgidə təhsil ekspertləri də iştirak ediblər. Onlar şagirdlərə ixtisas seçimi və qəbul prosesi ilə bağlı müxtəlif tövsiyələr verib, abituriyetləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparıblar.

Sərgi proqramından sonra abituriyentlər və onların valideynləri tədris korpuslarını ziyarət edərək fakültə və kafedraların fəaliyyəti, tədris prosesi, infrastruktur və maddi-texniki baza ilə tanış olublar. Qonaqlar universitetin təhsil mühitini yüksək qiymətləndirərək gələcəkdə bu elm ocağında təhsil almağın onlar üçün perspektivli və dəyərli bir seçim olacağını qeyd ediblər.

Təhsil eksperti Vüsət Əzizov “Xalq qəzeti”nə bildirib ki, bu universitet ölkəmizdə yüksək ixtisaslı memarlıq, inşaat, mühəndis sistemləri və digər sahələrdə mütəxəssis hazırlayan ən böyük elm-təhsil ocağıdır. Azərbaycanın yüksək templə inkişafını, cəmiyyətin milli və müasir demokratik ruhunu, ölkəmizin dünya ölkələri arasında layiqli yer tutmasını təmin etmək üçün ali təhsilin həlledici rolunu əsas tutaraq, universitet bütün istiqamətlərdə inkişafı təmin etməklə gələcəyin mükəmməl kadr potensialını formalaşdırır.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat