Bölgələrdə qəhvəyi mərmər bağacığının yayılmasına qarşı mübarizə tədbirləri davam etdirilir

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli 819s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair cari ilin Tədbirlər Planı”na əsasən qəhvəyi mərmər bağacığına (bundan sonra – zərərverici) qarşı mübarizə və müşahidə tədbirləri davam etdirilir. 

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər həyata keçirilib, feremon tələlər quraşdırılıb və mübarizə tədbirləri həyata keçirilib.

Zərərvericiyə qarşı mübarizə tədbirlərinin effektivliyini təmin etmək məqsədilə il ərzində qışlama yerlərinin monitorinqi keçirilib, 51 rayonda 9140  ədəd feromon tələ quraşdırılıb. Monitorinqlər nəticəsində zərərvericinin 2272 ədəd yetkin fərdi, 61  ədəd nimfası aşkar edilib. Zərərvericinin yetkin fərd və nimfaları əsasən şimal-qərb və qərb bölgələrində quraşdırılmış feromon tələlərdə müşahidə olunub. Sirayətlənmə səviyyəsinin yüksək olduğu 125 ocaqda (315.7 hektar ərazidə) bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. 

Qeyd edək ki, qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsudarlığa ciddi ziyan vura bilən zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ- kötür olur). Zərərverici ilə sirayətlənmə zamanı sitrus meyvələri, xurma və üzümün meyvələri yetişmədən tökülür. Zərərverici qərzəkli bitkilərdə meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.  

Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir. 







Sosial həyat