Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı olan BP şirkəti “Heydər Əliyev İli” çərçivəsində ümummilli liderin anadan olmasının 100 illiyinə töhfə olaraq yeni nəşr olunmuş 4 kitabın təqdimatını keçirib.
Topluda Azərbaycanın yeni müstəqil neft strategiyasının uğurla gerçəkləşməsi, bu ölkənin yenidən dünyanın mühüm enerji mərkəzlərindən birinə çevrilməsi zəngin tarixi faktlar və məlumatlar əsasında oxuculara çatdırılır. Sözügedən nəşrlərdə Azərbaycanın enerji salnaməsinin 4 əsas sütunu – “Azəri–Çıraq–Günəşli” (AÇG) neft yataqları bloku, “Şahdəniz” qaz yatağı, Bakı–Tbilisi–Ceyhan (BTC) əsas neft ixrac boru kəməri və Cənub Qaz Dəhlizi haqqında məlumatlar xronoloji ardıcıllıqla öz əksini tapıb, onların mahiyyəti və ölkəmizin tərəqqisində önəmi araşdırılıb.
Dünən Bakıda Azərbaycanın ən müasir neft-qaz sənayesinin tarixindən bəhs edən kitab dəstinin təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan BP-nin şirkətxarici kommunikasiyalar üzrə rəhbəri Tamam Bayatlı ulu öndər Heydər Əliyevin 30 il əvvəl təməlini qoyduğu yeni neft strategiyasının Azərbaycan dövlətinin, xalğımızın həyatında mühüm rol oynadığını diqqətə çatdırdı. Qeyd olundu ki, ötən 30 ildə SOCAR-la tərəfdaşlıqda işləyən BP şirkəti və konsorsium iştirakçılarının birgə səmərəli fəaliyyətinin nəticəsi olan bu layihələr Azərbaycanın iqtisadi qüdrətinin artmasına, tarixi Zəfərin əldə olunmasına misilsiz töhfələr verib.
T. Bayatlı bildirdi ki, dərin təhlil və araşdırmaların nəticəsi olan bu kitablarda Azərbaycanda həyata keçirilən dünya səviyyəli – “Azəri–Çıraq–Günəşli” neft və “Şahdəniz” qaz yataqları, Bakı–Tbilisi–Ceyhan (BTC) əsas neft ixrac boru kəməri və Cənub Qaz Dəhlizi layihələrinin tarixi, ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin bu layihələrin geçəkləşdirilməsi istiqamətində həyata keçirdikləri misilsiz fəaliyyətlərindən, eləcə də ölkəmizin enerji salnaməsinin zənginləşdirilməsində yaxından iştirak edən BP şirkəti və tərəfdaşlarının fəaliyyətindən ətraflı söhbət açılır.
Sonra BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək bildirdi ki, AÇG, Şahdəniz, BTC və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birinin tarixi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və xalqının gələcəyi naminə müdrikliklə yaratdığı strategiyadan başlayır. Azərbaycanın müasir tarixinin və yeni neft dövrünün məhz ulu öndərin uzaqgörən siyasətinin nəticəsində formalaşdığın vurğulayan vitse-prezident qeyd etdi ki, ölkəmizdə bir sıra dünya səviyyəli neft-qaz layihələrinin həyata vəsiqə alması və uğurla reallaşdırılması məhz ümummilli liderin gərgin əməyi və qətiyyətli sayəsində mümkün oldu.
Təqdimatı keçirilən kitabları illərlə aparılan geniş araşdırmaların və bu yeni tarixin yazılmasında iştirak edən şəxslərlə canlı müsahibə və söhbətlərin nəticəsi kimi dəyərləndirən Bəxtiyar Aslanbəyli dedi ki, “Heydər Əliyev” İli”nə verilən bu töhfə ilə neft sənayesinin möhtəşəm tarixindəki misilsiz xidmətlərinə görə ulu öndərə minnətdarlıq və ehtiramı bir daha ifadə edə bildik.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının məntiqi nəticəsi olan “Əsrin müqaviləsi”nin çətin bir tarixi şəraitdə imzalanması Azərbaycana beynəlxalq miqyasda hörmət və nüfuz gətirdi. Qeyd olundu ki, ulu öndərin və onun layiqli davamçısı olan İlham Əliyevin gərgin əməyi sayəsində reallaşdırılan neft-qaz layihələrinin hər biri geniş salnamə, tarixdir. Bu baxımdan, neft sahəsinin tanınmış eksperti və jurnalist İlham Şabanın müəllifi olduğu bu kitablar gələcək nəsillər üçün tarixi mənbə rolunu oynayacaq.
Sonda nəşrin müəllifi, enerji məsələləri üzrə tanınmış ekspert, jurnalist, Neft Araşdırmaları Mərkəzinin rəhbəri və Azərbaycanın bütün yeni enerji dövrünün şahidi olmuş, bu sahədə müstəsna şəxsi biliyə malik olan İlham Şaban çıxış edərək Azərbaycanın neft-qaz sənayesinin ən müasir tarixindən bəhs edən bu kitablar haqqında iştirakçılara qısa məlumat verdi. Müəllif təqdimat mərasiminə toplaşanlara və kitabların ərsəyə gəlməsində xüsusi əməyi olan “TEAS Press” nəşriyyatına və yaradıcı heyətə minnətdarlığını bildirdi.
Mirbağır YAQUBZADƏ
XQ

