Ağdamın “ağ qızıl” mövsümü

post-img

Səpin uğurla keçirilib, becərmə isə davam edir

Son illər ixracyönümlü məhsul istehsalının artırılması məqsədilə həyata keçirilən tədbirlər, bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarının icrası ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafını sürətləndirir, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradır. Barlı-bərəkətli torpaqları olan Ağdam rayonunun pambıqçıları da onlar üçün yaradılmış əlverişli imkanlardan yararlanaraq daha çox “ağ qızıl” əldə etmək üçün tarlalarda səylə çalışırlar. Artıq xeyli müddətdir bütün rayon üzrə çiyid səpini tam şəkildə yekunlaşıb, bol məhsul uğrunda mübarizə isə davam etdirilir.

“P-aqro” MMC-nin Ağdam filialının direktoru, I dərəcəli əmək ordenli Mürsəl Qurbanov “Xalq qəzeti”nin Qarabağ bürosuna açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum bu il 800 hektar sahədə çiyid səpini aparıb. Hədəf isə pambıq kollarına yaxşı qulluq göstərməklə, yüksək aqrotexniki xidmət sayəsində əkilən ərazidən yarım dəfə də artıq, yəni 1200 hektarın orta məhsuldarlığına nail olmaqdır. Bunun üçün isə hər cür şərait var, fermerlər hərtərəfli qayğı ilə əhatə olunublar – çiyid səpinindən başlayaraq bütün aqrotexniki xidmətlərin göstərilməsindən, sahələrin dərmanlanmasından tutmuş, ta ki məhsulun yığılıb məntəqəyə təhvil verilməsinə kimi bütün xərclər pambığın alışı zamanı hesablaşmaq şərtilə “P-aqro” MMC tərəfindən qarşılanır. Qalır ürəklə, həvəslə işləmək, işə can yandırmaq. Əlbəttə, pambıqçılıqda qarşıya qoyulan hədəflərə çatmaqda hava şəraiti də vacib rol oynayır. Belə ki, əkinin ilk günlərində havaların yağıntılı keçməsi çiyidin bitməsinə yaxşı təsir göstərsə də, sonrakı mərhələdə kolların inkişafı və məhsuldarlığı üçün isti, günəşli günlər vacibdir. El arasında deyilən kimi, pambıq deyir, ayağımı suya qoy, başımda od qala. Son günlər havaların yağıntılı keçməsi təsərrüfat sahiblərinə müəyyən çətinliklər yaratsa da, pambıq kollarının yağışlardan az zərər görməsi üçün müvafiq tədbirlər görülür, ziyanvericilərə qarşı mübarizə aparılır.

Rayon icra hakimiyyətinin və “P-aqro” MMC-nin rəhbərliyinin Ağdamda pambıqçılığın inkişafını hər zaman diqqətdə saxladığını bildirən filial direktoru onu da əlavə edib ki, texnika, onların ehtiyyat hissələri, dərman vasitələri və gübrələrlə bağlı heç bir problemləri yoxdur. Filialın fəaliyyəti rayonda əhalinin məşğulluğuna da öz töhfəsini verir. Qurumda 40 nəfər ağdamlı daimi işlə təmin edilib, daha 10 nəfərlə isə mövsümi olaraq müddətli müqavilələr imzalanır.

Qeyd edək ki, Azərbaycanda pambıqçılığın inkişafını stimullaşdıran, bu sahəyə marağın ildən-ilə artmasına səbəb olan mühüm bir məqam da ölkədə pambıq əkinlərinin dövlət tərəfindən subsidiyalaşdırılmasıdır. Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2025-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, cari təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə fermerlərə 210 manat, belə sistemlərin mövcud olmadığı sahələrdə becərilən pambığın hər tonuna görə isə 190 manat subsidiya veriləcək.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Quzanlı

İqtisadiyyat