Xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycanın hökumət missiyası aprelin 30-dan mayın 2-dək Nepalda səfərdə olub.
Səfər zamanı xarici işlər nazirinin müavini Elnur Məmmədov Nepal Prezidenti Ramçandra Paudel, həmçinin Baş nazir Şarma Oli tərəfindən qəbul edilib. O Nepalın xarici işlər naziri Arzu Rana Deuba ilə də görüşüb. Görüşlərdə Nepal tərəfi Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Nepal Xarici İşlər Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Nepal xarici işlər katibi Amrit Bahadur Rai rəhbərlik ediblər.
Məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin inkişaf etdirilməsi, iqtisadi-ticarət, enerji, turizm, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Nepalda fəaliyyət göstərən Asiya Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutu (AIDIA) tərəfindən təşkil edilən, ölkənin nüfuzlu ictimai-siyasi xadimlərinin, beyin mərkəzlərinin rəhbərlərinin, müxtəlif dövlət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, ekspertlərin qatıldığı tədbirdə “Azərbaycanın xarici siyasəti: çağırışlar və imkanlar” mövzusunda mühazirə ilə çıxış edib və auditoriyanın suallarını cavablandırıb.
***
Mayın 2-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Keniya Respublikasına səfər edib.
Səfər çərçivəsində Nayrobi şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Keniya Xarici və Diaspor İşləri Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr baş tutub. Nazir müavini Yalçın Rəfiyev və Keniya xarici və diaspor işləri nazirinin müavini Abraham Korir SingOeinin rəhbərliyi ilə keçirilən iclasda ikitərəfli siyasi, iqtisadi-ticarət, humanitar və parlamentlərarası əlaqələrin müsbət dinamikası, habelə beynəlxalq platformalarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Tərəflər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 il ərzində formalaşan münasibətlərin gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar.
Səfər zamanı nazir müavini Yalçın Rəfiyev Keniya Respublikasının Baş naziri, eyni zamanda, xarici və diaspor işləri naziri Musalia Mudavadi tərəfindən qəbul edilib. İlk dəfə keçirilən siyasi məsləhətləşmələrin ikitərəfli və çoxtərəfli istiqamətdə mövcud əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyi vurğulanıb.
XQ