Özbəkistan Yazıçılar İttifaqı (ÖYİ) və İslam Sivilizasiyası Mərkəzinin (İSM) birgə təşəbbüsü ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin Daşkənddəki “Zilol buloq” nəşriyyatında nəfis tərtibatla yeni çap olunan "Seçilmiş əsərləri" kitabının təqdimat mərasimi keçirilib.
Kitabı nəşrə hazırlayan, lüğət və izahların müəllifi Mirzə Kenjabekdir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev kitaba “Özbək və Azərbaycan xalqlarının birliyi“ adlı “Ön söz” yazıb.
Kitabda şairin “Divan”ı, “Leyli və Məcnun”, “Bəngü badə” və “Meyvələrin söhbəti” poemaları və qəzəlləri yer alıb.
Mərasimi ÖYİ-nın sədri, şair Siracəddin Səyyid açaraq böpyük Azərbaycan şairi Məhəmməd Füzulinin əsərləri haqqında məlumat verib, şairin demək olar ki, bütün ədərlərinin özbək dilinə tərcümə edildiyini bildirib. O deyib ki, şairin poeziyası bütün türk xalqları arasında sevgi və minnətdarlıqla oxunur. Şairin poeziyası, xüsusən də "Leyli və Məcnun" poeması özbək xalqı üçün çox əziz və dəyərlidir.
Mirzə Kenjabek öz çıxışında deyib ki, kitabın nəşrə hazırlanmasında Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin kitabxanasında saxlanılan, nəstəliq əlifbası ilə yazılan "Divoni Mövlana Fuzuli" əsərindən və "Divoni Fuzuli" əlyazmasından istifadə edilib. Həmçinin, Türkiyənin Süleymaniyyə kitabxanasında qorunan “Divoni Fuzuli əleyhir-rəhmə” əlyazmasının bir nüsxəsindən və Səidjon Taşmuhamedov ailəsində saxlanılan “Divoni Fuzuli maa Layla və Macnun” litoqrafik əsərindən istifadə olunub. O deyib ki, kitabda şairin əvvəllər nəşr olunmayan əsərləri də yer alıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli böyük Azərbaycan şairi Məhəmməd Füzulinin yeni kitabını nəşrə hazırlayan Mirzə Kenjabekə, ÖYİ-yə, İSM-ə təşəkkür edib, ölkələrimiz arasında mədəni sahələrdə əməkdaşlığın inkişafında ÖYİ və İSM-in əvəzsiz rol oynadığını bildirib.
Sonra ÖYİ sədrinin müavini, şair Qayrat Məcid, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, onlayn olaraq həmin şöbənin əməkdaşı Yaşar Qasım, özbək alimləri-professor Maqsud Əsədov, filologiya elmləri doktoru Gülbahar Aşurova və başqaları çıxış edərək Məhəmməd Füzulini təkcə Azərbaycan şairi yox, Şərqin böyük söz sərrafı adlandırıblar.
ÖYİ-də keçirilən tədbirdə görkəmli dövlət və ictimai xadimlər, şairlər, yazıçılar, elm adamları və tələbələr iştirak ediblər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

