Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetində Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Tədris-Tədqiqat Mərkəzi yaradılacaq.
Bu barədə XQ-yə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru Şakarbay Janikulov iştirak ediblər.
Görüş zamanı elmi, təhsil və mədəniyyət sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub, əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş çərçivəsində ali təhsil müəssisəsi nəzdində Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Tədris-Tədqiqat Mərkəzinin yaradılması nəzərdə tutulub.
Yeni mərkəz Azərbaycanın tarixi, mədəniyyəti, dili və ədəbiyyatının öyrənilməsi, eləcə də Azərbaycan ilə Özbəkistan arasında akademik və elmi əməkdaşlığın inkişafı üçün ixtisaslaşmış platforma kimi fəaliyyət göstərəcək. Burada birgə elmi tədqiqatların aparılması, akademik mübadilə proqramlarının həyata keçirilməsi, elmi-maarifləndirici tədbirlərin təşkili və gənclərin intellektual potensialının inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi planlaşdırılır.
Mərkəz Azərbaycan və Özbəkistan arasında elmi və mədəni əlaqələrin formalaşmasında mühüm rol oynamış görkəmli alim, şair və tərcüməçi Xalid Səid Xocayevin adını daşıyacaq.





