Martın 10-da Azərbaycan Milli Xalça Muzeyində “Alaca” toxuculuq kollektivinin VI sərgisinin açılış mərasimi keçirilib. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Memar Sinan İncəsənət Universiteti, İstanbul Xalça İxracatçıları Birliyi (İHİB), Yunus Emre İnstitutu və “Alaca” toxuculuq kollektivinin təşkilatçılığı ilə baş tutub.
XQ xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün, Bakı Yunus Emre İnstitutunun koordinatoru Gökhan Seyhan, “Alaca” toxuculuq kollektivinin təsisçisi, Memar Sinan İncəsənət Universitetində ənənəvi türk sənəti ixtisası müəllimi, doktor Esen Baydemir çıxış ediblər. Natiqlər çıxışlarında Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlığın əhəmiyyətini vurğulayaraq toxuculuq sənətinin ortaq irs kimi qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd ediblər. Onlar həmçinin belə layihələrin ənənəvi sənətlərin müasir incəsənət mühitində yeni ifadə imkanları qazanmasına töhfə verdiyini bildiriblər.
Tədbirin bədii hissəsində “Səma” rəqs ansamblı Azərbaycan və Türkiyə milli rəqslərini ifa edib.
“Alaca” sərgisi toxuculuq sənətini yalnız maddi mədəni irs nümunəsi kimi deyil, eyni zamanda vizual düşüncə və kollektiv yaddaş forması kimi təqdim edir. Sərgidə 23 rəssamın müxtəlif mövzu və texnikalarda yaratdığı 38 əsər nümayiş olunur. Bu əsərləri birləşdirən əsas ideya toxuculuğun yaddaş daşıyıcısı kimi dərk edilməsidir. Müəlliflərin Azərbaycan mədəni irsinə, xüsusilə milli ornamentlərinə və zəngin rəng koloritinə müraciəti yeni vizual ifadə formalarının yaranmasına zəmin yaradıb. Bu yanaşma sərgini yalnız estetik təqdimat deyil, həm də müxtəlif coğrafiyaları və mədəni mühitləri birləşdirən ortaq toxuculuq irsi üzərindən qurulan ünsiyyət platformasına çevirir.
“Alaca” layihəsi toxuculuğa statik irs nümunəsi kimi yanaşmadan uzaqlaşaraq onu yaşayan, daim yenilənən və fərqli mədəniyyətləri bir araya gətirən dinamik bədii dil kimi dərk etməyə çağırır.
Sərginin Azərbaycan Milli Xalça Muzeyində təqdim olunması məkanın tarixi-mədəni kontekstini layihənin ideyası ilə üzvi şəkildə əlaqələndirir. Bu layihədə muzey yalnız ekspozisiya sahəsi kimi deyil, ənənə ilə müasirlik arasında dialoqun fəal iştirakçısı kimi çıxış edir.
“Alaca” toxuculuq kollektivi 2022-ci ildə ənənəvi toxuculuq sənətini müasir bədii axtarışlarla sintez edərək onu yeni baxış bucağından təqdim etmək məqsədilə təsis olunub. “Alaca” anlayışı müxtəlif rənglərin öz fərdiliyini qoruyaraq vahid kompozisiyada harmonik bütövlük yaratmasını ifadə edir.
Sərgi martın 15-dək davam edəcək.




















