Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində 1990-cı il 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Macarıstandakı Azərbaycan Evinin, “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyinin nümayəndələri, diaspor üzvləri iştirak ediblər.
Faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış anım guşəsinin önünə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixinə həm kədərli, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, müstəqillik, azadlıq uğrunda mübarizənin rəmzinə çevrildiyini qeyd edib. 20 Yanvar faciəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, bu qanlı hadisəyə siyasi-hüquqi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb.
T.Tağızadə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə barədə də danışaraq bu Zəfərin Vətən naminə canlarını fəda etmiş bütün qəhrəmanlarımızın uğrunda mübarizə apardığı idealların təntənəsi olduğunu bildirib.


