Ömrünü Vətəninə həsr edən siyasət dühası

post-img

10 may Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Əlbəttə, biz hər hər il bu dahi şəxiyyətin doğum gününü qeyd edirik, onun haqqında ən xoş xatirələrimizi yenidən yad edirik, onun fövqəladə dövlətçilik düşüncəsi, dərin Vətən sevgisinində daha yeni çalarlar kəşf edirik. Mübaliğəsiz deyə bilərik ki, ulu öndər Heydər Əliyev Azərbaycanın ən çətin anlarında hakimiyyət sükanının arxasına keçən, onu bacarıqla idarə edən və sağ-salamat uca bir yerdə qərarlaşdıran dahi dövlət xadimidir. Heydər Əliyevin siyasi dühası dünya tərəfindən hələ sağlığında etiraf edilir, onunla böyük dövlətlərin liderləri çox ehtiramla münasibət qururdular. Çünki əmin idilər ki, qarşılarındakı insan vaxtılə, dünyanın supergücü hesab edilən SSRİ kimi bir dövləti idarə edən beş şəxsdən biridir. Əmin idilər ki, Cənubi Qafqaz kimi çətin geostrateji bir məkanda, müharibə şəraitində olan bir ölkəni  xaos vəziyyətindən çıxaran və dövləti möhkəmləndirən təcrübəli və bilikli siyasi liderlə görüşürlər. 

Yaxşı yadımızdadır, 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.  Ümumilikdə 10 illik prezidentlik dövrü ilə Azərbaycan dövlətin, müstəqilliyinin, daxili və xarici siyasətinin  möhkəmlənmə illərinə qədəm qoydu.  
Şübhəsiz ki, Azərbaycanın düz otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. İstər keçmiş SSRİ zamanında, ətrafı qeyri-milli və anti-Azərbaycan ünsürlərinin çoxluq təşkil etdiyi zaman kəsiyində, istərsə də müstəqilliyimizin bərpasından sonrakı siyasi arenadakı aparıcı missiyası onu siyasi olimpin zirvəsində qərarlaşdırmışdı. Çünki daxilində xalq, millət, vətən sevgisi sarsılmaz, ölkəsi üçün yorulmadan çalışmaq əzmi tükənməz idi. Ulu öndərin uğurlu iqtisadi strategiyası, işğal olunmuş Qarabağ torpaqlarımız uğrunda apardığı siyasi mübarizə, ölkəmizi beynəlxalq arenada tanıtmaq missiyası o qədər bir-birilə paralel idi ki, bu mövzularda aparılan işlərin irəliləyişini görməmək mümkün deyildi. 

Bütün bunlar onu uğurlu dövlət quruculuğunun şəksiz memarına çevirmişdi. Bu quruculuq addımları Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malik idi.  Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması, Azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin möhkəmləndirilməsi bu kontekstdə xüsusilə vurğulanmalıdır. Bəli, milli ideologiyanın yaradılması da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hər zaman irəli sürdüyü azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan insanları deyil,  eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Məhz Heydər Əliyevin sayəsində  50 milyonluq dünya azərbaycanlıları anlayışı hər bir soydaşımızın alt şüurunda möhkəmləndi. 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu böyük siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Daha dəqiq desək,  bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və qalib siyasət nəticəsində Azərbaycan dünyada öz siyasi imicini kifayət qədər yuxarı məqama yüksəldə  bilmiş və özünü güclü dövlət kimi nəinki region səviyyəsində hətta dünyanın böyük dövlətləri arasında da möhkəmləndirə bilmişdir.

Bu gün Azərbaycanla hesablaşırlar, dövlətimizin siyasi və iqtisadi çəkisini qəbul edirlər, onun regional və bəşəri təşəbbüslərdə rolunu təqdir edirlər. Bütün bunlar heç də təsadüfi deyil.  Bu gün çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Cənubi Qafqaz regionunun lider və qalib dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır.

Respublikamızın moderatorluğu və təşəbbüsü ilə strateji əhəmiyyətli layihələr reallaşdırılır, Azərbaycan Avrasiyanın enerji və nəqliyyat arxitekturasında ən vacib rollardan birini oynayır. Ölkəmiz regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa çox mühüm töhfələr verir. Azərbaycanı fərqləndirən ən mühüm və səciyyəvi keyfiyyətlərdən biri müstəqil siyasətin həyata keçirilməsidir. Azərbaycanın xarici siyasəti həm müstəqil xarakter daşıyır, həm də beynəlxalq hüquq normalarına və prinsiplərinə söykənir, ikitərəfli, çoxtərəfli münasibətlərin ruhuna - mahiyyətinə əsaslanır. Şübhəsiz ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi irsin bəhrələridir.

Azərbaycanın indiki və gələcək uğurlarını Heydər Əliyevin siyasi praqmatizminin təməl izlərini görməmək və qəbul etməmək mümkün deyil. Əgər bu gün güclü, qüdrətli dövlət qura bilmişiksə burada ulu öndərin rolu danılmaz əhəmiyyətə malikdir.  

Ötən hər bir il bir daha təsdiq edir ki,  dünya tarixinə düşmüş tanınmış liderlər arasında özünə əbədi yer tutmuş ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu missiya  Azərbaycanın əbədi və böyük gələcəyinə hesablanıb. Heç də uzaq olmayan tariximizə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev şəxsiyyətinin xalqı, vətəni uğrunda həsr etdiyi ömür, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz, həmçinin azaldıla bilməz. Əslində, 10 may tarixi ulu öndərin yalnız doğum tarixini anmaq deyil, həm də tariximizi bir daha vərəqləmək, hansı çətin mərhələlərdən keçdiyimizi və hansı səviyyəyə gəldiyimizi bir daha yada salmaq  və Azərbaycanın payına düşmüş bu böyük insanın gördüyü xidmətləri dərindən dərk etməkdir. Bu gün ulu öndərin ruhu şaddır ki, əmanət olaraq qoyub getdiyi doğma Azərbaycan etibarlı əlllərdədir və bu güvənlilik bizi hər gün daha güclü, qüdrətli Azərbaycana doğru aparmaqdadır. 

Adil Əliyev,
Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı

Siyasət