ANCA-nın konsert isterikası

post-img

Cəfəng ittihamları bitməyən təşkilat yenə həddini aşdı

Məlumdur ki, ABŞ-da ictimai fəaliyyətlə və hökumətlə əlaqələrlə məşğul olan ən böyük və ən nüfuzlu erməni–amerikan təşkilatı Amerika Erməni Milli Komitəsi – ANCA-dır. Komitə Birləşmiş Ştatlarda erməni xalqının əsas nümayəndəsidir, onun milli maraqlarının keşiyində dayanır, onu yerli, regional və federal səviyyədə təmsil edir. Ancaq qurum bu istiqamətdə fəaliyyət göstərməkdən daha çox Azərbaycan və Türkiyəyə qarşı mübarizə aparmağı əsas qayəsinə çevirib. Komitə bu məqsədi həyata keçirmək üçün ələ düşən bütün fürsətlərdən yararlanmağı qarşısına vəzifə qoyub. Bu mənada dünya şöhrətli amerikalı müğənni Castin Timberleykin “Forget Tomorrow” adlı dünya turnesi çərçivəsində iyulun 27-də Bakı Olimpiya Stadionundakı konserti ANCA üçün göydəndüşmə fürsət olub.

Komitə iyulun 28-də açıqlama yayaraq konserti tənqid edib. Açıqlamada C.Timberleykin Azərbaycanın paytaxtında çıxışının ABŞ-dakı erməni diasporu arasında böyük rezonans doğurduğunu bildirib. Daha sonra ölkəmizin ünvanına ağır sözlər işlədilib. O sözlər ki, onlar, əslində, ermənilərin ünvanına asanlıqla işlədilməlidir. Məsələn, ANCA Timberleykin çıxışını “sadəcə konsert deyil, Azərbaycanın insanlığa qarşı cinayətlərinə haqq qazandırmaq üçün davam edən kampaniyası” (?) adlandırıb. Komitə vurğulayıb ki, irimiqyaslı mədəni tədbirlərin, o cümlədən dünya ulduzlarının iştirakı ilə keçirilməsi “rəsmi Bakının dünya miqyasında öz imicini yumaq” (?) cəhdidir. Bu çərçivədə yenə köhnə bayatılar zümzümə olunub. Xüsusilə, 2023-cü ilin sentyabrındakı birgünlük antiterror əməliyyatı xatırladılıb. Yenə də iddia olunub ki, həmin hadisələr vaxtı, guya, 100 mindən çox (?) etnik erməni “Artsax”ı tərk etməyə məcbur olub. Bildirilib ki, “heç bir işıq çaxması (konsert zamanı istifadə olunan işıqlar nəzərdə tutulur–S.H.) müharibə cinayətlərini gizlədə bilməz”.

***

Bu bəyanat bir daha göstərir ki, Ermənistan rəhbərliyinin ən azı üzdə Azərbaycana münasibəti dəyişsə də, diasporda cəmləşmiş ermənilər yenə də öz xislətlərinə sadiq qalmağa davam edir, qisas hissi ilə alışıb yanırlar. Girişdə qeyd etdiyimiz kimi, bu təşkilat Azərbaycanı gözdən salmaq və beynəlxalq aləmdə nüfuzuna xələl gətirmək üçün hər fürsətdən yararlanmağa hazırdır. C.Timberleykin Bakıda verdiyi konsertin ABŞ-da yaşayan ermənilər arasında rezonans doğurduğunu iddia edən komitə, əslində, mədəni tədbirləri siyasi hücum vasitəsinə çevirməyə çalışır. Təşkilat konserti “Azərbaycanın insanlığa qarşı cinayətlərinə haqq qazandırmaq üçün kampaniya” kimi təqdim etməklə absurd və məntiqsiz yanaşma sərgiləyib. Bu cür yanaşma siyasi isterikadan başqa bir şey deyil. Əgər bir konsert “cinayətə haqq qazandırmaq” sayılırsa, o zaman bu məntiqə görə dünyadakı bütün konsertlər, musiqi festivalları və mədəni tədbirlər hansısa ölkənin yaşadığı münaqişələr üzərindən qiymətləndirilməlidir. Bu isə mədəniyyətin birləşdirici, sülh və harmoniya içində yaşamaq çağırışına, bir sözlə mahiyyətinə tamam ziddir. ANCA-nın bu mövqeyi təkcə Azərbaycana deyil, bütün mədəni dünyaya qarşı yönəlmiş dar düşüncəli və manipulyativ yanaşmadır. Bu yanaşma, sadəcə, ANCA-nın Azərbaycana qarşı nifrət kampaniyasını emosional manipulyasiya ilə ört-basdır etmək cəhdidir. Belə yanaşmalar nə sağlam əsaslara söykənir, nə də çağdaş dünyanın tələblərinə cavab verir.

Digər tərəfdən, real mənzərə Azərbaycanın bu cür irimiqyaslı tədbirlərlə öz multikultural dəyərlərini, qonaqpərvərliyini və mədəni potensialını nümayiş etdirməsindən ibarətdir. ANCA-nın reaksiyası, əslində, həm də mədəniyyətin birləşdirici gücünə qarşı dözümsüzlüyün nümayişidir. Görünür, dünya ulduzlarının Bakıya gəlməsi, minlərlə insanın musiqidən zövq alması, Azərbaycan mədəniyyətinin qlobal platformada tanıdılması bəzi dairələri ciddi şəkildə narahat edir. Çünki onlar illərdir çalışırlar ki, Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın adı yalnız münaqişə bölgəsi, zorakılıq və təhdidlər kontekstində hallandırılsın. Halbuki bu gün Azərbaycan özünün inkişaf etmiş infrastrukturu, təhlükəsizliyi və mədəniyyət müstəvisində də dünyaya açılması ilə planetin nəzər-diqqətini özünə cəlb edir. ANCA-nın iddia etdiyi kimi, bu, “öz imicini yumaq” deyil, əksinə, real və obyektiv uğurların nəticəsidir.

Açıqlamanın diqqətçəkən məqamlarından biri də Azərbaycanın 2023-cü ilin sentyabrında məcburiyyət qarşısında qalaraq keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin yenidən təhrif olunmasıdır. ANCA bu hadisəni konsert kontekstində xatırladaraq, bir daha “100 min erməninin öz evini tərk etməsi” mifinə istinad edib. Halbuki, BMT və digər beynəlxalq qurumların sənədlərində bu rəqəm nə təsdiqlənib, nə də ermənilərin Qarabağı könüllü tərk etməsi “etnik təmizləmə” kimi qiymətləndirilib. Əksinə, Azərbaycan həmin əməliyyatla separatçı rejimin, öz ərazisindəki “boz zona”nın mövcudluğuna son qoyub, ölkənin suverenliyini bərpa edib və erməni əhalisinin reinteqrasiyası üçün konkret mexanizmlər irəli sürüb. Bu faktları bilərəkdən nəzərdən yayındıran ANCA, konsert zamanı istifadə olunan işıq effektlərini belə “müharibə cinayətlərini gizlətmək” kimi absurd iddialarla manipulyasiya edir.

Burada yaranan əsas suallardan biri də okeanın o tayında fəaliyyət göstərən təşkilatın bir mədəni tədbiri siyasi məqsədlərlə bu dərəcədə aşağılamağa çalışmasının məqsədinin nədən ibarət olması ilə bağlıdır. Cavab bundan ibarətdir ki, ANCA regionda yaranmış reallıqları qəbul edə bilmir. Onlar müharibə və ziddiyyət üzərindən mövcudluğunu əsaslandırmağa çalışır. Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya ulduzlarının Bakını seçmələri, regionda yeni əməkdaşlıq modellərinin formalaşması erməni diaspor təşkilatlarında ciddi narahatlıq doğurur. Bu səbəbdən də onlar ölkəmizin hər uğurunu gözdən salmaq, hər bir müsbət hadisəyə qara don geyindirmək üçün səfərbər olunublar.

Əslində, ANCA-nın bu reaksiyası təşkilatın iç üzünü və taktiki çarəsizliyini bir daha nümayiş etdirir. Əgər bir konsert tədbiri bu qədər reaksiya doğurursa, bu, o deməkdir ki, Azərbaycanın təqdim etdiyi mədəni və ictimai dəyərlər onların təbliğ etdiyi nifrət ritorikasını kölgədə qoyur. Azərbaycan mədəniyyətinin dünyaya açılması, ölkənin etibarlı tərəfdaş kimi qəbul olunması təkcə siyasi deyil, həm də humanitar və mənəvi zəfərdir. ANCA kimi qurumlar isə bu zəfəri kölgələmək üçün uydurma arqumentlərlə gündəmi dəyişməyə cəhd göstərirlər. Lakin bu cəhdlər nə reallığı dəyişə, nə də Azərbaycanın nüfuzunun yüksəlməsini dayandıra bilər.

İlyas HÜSEYNOV,
politoloq

– Amerika Erməni Milli Komitəsi hər zaman Azərbaycan və Türkiyə əleyhinə mövqedən çıxış edib. Bu istiqamətdə müxtəlif mexanizmlər işə salıb. Korrupsiya vasitəsilə ABŞ-da qeyri-hökumət təşkilatlarının, medianın, nüfuzlu siyasətçilərin ölkəmiz əleyhinə çıxış etmələrini dəstəkləyib və bu istiqamətdə maliyyə vəsaiti ayırıb. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülhün əleyhinə çıxış edən ən qatı və kəskin mövqedə olan təşkilatlardan biridir. Nəzərə almaq lazımdır ki, ANCA-nın böyük maliyyə dəstəyi, eyni zamanda, bütün dünyaya səpələnmiş qolları, şəbəkələri mövcuddur.

ABŞ-ın önəmli pop-ulduzlarından olan Castin Timberleykin Bakıda konsert verməsi onları ciddi narahat edib. Bunu öz istədikləri formada qələmə verməyə çalışırlar. Əsassız şəkildə iddia edirlər ki, guya, Azərbaycan bu konserti təşkil etməklə bir tərəfdən ABŞ-la yaxınlaşmaq siyasətini güdür. Digər tərəfdən isə ölkəmizin suveren hüquqlarının həyata keçirilməsi və ərazi bütövlüyünün təmin olunması məqsədli şəkildə təhrif edilir. Lakin nəzərə almaq lazımdır ki, onların iddia etdikləri kimi 100 min erməninin Qarabağdan köçüb getməsi könüllü baş verib. Burada hansısa etnik təmizləmədən söhbət gedə bilməz. Bundan əlavə, həmin rəqəmin 100 min olması da böyük şübhə altındadır.

Bundan əlavə, Azərbaycana qarşı çirkin düşüncələr, fikirlər və məkrli siyasətlərin təbliği ənənəvi xarakter alıb. Onlar çalışırlar ki, ölkəmizin hər bir uğurunu, hər bir nailiyyətini kölgə altına alsınlar. Azərbaycanın Qərb strukturları ilə yaxınlaşmasını da böyük faciə kimi qiymətləndirirlər. Çünki bunun arxasında özlərinin mariginal maliyyə maraqları dayanır. Onlar uzun illər ərzində qondarma “erməni soyqırımı”nın təbliğatı və bu “ideya”nın həyata həyata keçirilməsinə milyonlarla dollar xərcləyiblər. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının üfüqdə görünməsini, Zəngəzur dəhlizinin, Türkiyə–Ermənistan sərhədinin açılmasının mümkünlüyünü onlar böyük faciə kimi qiymətləndirirlər. Çünki onlar onillərlə bu bölgədə münaqişələrdən pul qazanaraq özləri üçün ABŞ-da şərait yaradıblar. İndi isə onlar ifşa olunur, fəaliyyətləri heç kimə lazım olmayacaq. Məhz buna görə həm ABŞ hakimiyyətini tənqid edir, həm Ermənistana təzyiq göstərməyə çalışır, həm də ölkəmizə qarşı hibrid formada hücumlar təşkil olunur.

Səxavət HƏMİD
XQ



Siyasət