Azərbaycan Çinin Qafqaz regionunda əsas tərəfdaşıdır

post-img

Azərbaycan həyata keçirdiyi uğurlu xarici siyasətlə özünü dünyada etibarlı tərəfdaş kimi tanıda bilib. Ölkəmiz, eyni zamanda, dünyanın müxtəlif qütblərini təmsil edən dövlətlərlə də uğurlu əməkdaşlıq qurub. Bu sırada, təbii ki, yeni dünya düzənində həm güclü iqtisadiyyat, həm də siyasi iradəyə malik Çin xüsusi rol oynayır və Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımız baxımından böyük əhəmiyyətə malikdir. Çin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqil siyasətinə daim dəstək göstərib. Azərbaycan isə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk gündən dəstəkləyib və onun Avropaya çıxışında əsas tranzit həlqələrdən birinə çevrilib. İkitərəfli münasibətlərdə siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Azərbaycan Çinin Cənubi Qafqaz regionunda əsas tərəfdaşı kimi çıxış edir və strateji infrastruktur layihələrində Pekinlə sıx əməkdaşlıq edir. 

Prezident İlham Əliyevin Çin səfəri, Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirakı bir sıra mühüm məqamlarla yadda qaldı. Əvvəla Azərbaycan liderinin Çində qarşılanma mərasiminin təmtərağı dünya mediasının da diqqətini çəkdi və ölkəmizlə təhdid dilində danışmaq niyyətində olanlara dövlətimizin və rəhbərinin qüdrətini göstərdi. Bu qüdrət Ermənistan baş nazirinin Azərbaycan musiqisi sədaları altında addımlamasından tutmuş, Pakistan, Türkiyə kimi Şərqin hərbi və siyasi gücləri ilə münasibətlərinin fonunda da göründü. Bu mənada Prezidentin Çin səfəri həm də Azərbaycanın dünya siyasi və iqtisadi zirvəsinin fəthi idi. Prezident İlham Əliyevin Tiencində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirakı Azərbaycanın çoxvektorlu xarici siyasətinin, Avrasiya məkanında artan strateji rolunun və regional əməkdaşlığa verdiyi önəmin növbəti təsdiqidir. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi xəritənin sürətlə dəyişdiyi bir zamanda Azərbaycanın belə platformalarda fəal iştirakı ölkənin maraqlarının təmin olunması, yeni iqtisadi imkanların əldə edilməsi, regional təhlükəsizlik sisteminə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Bu nüfuzlu təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-dəki statusunu yüksəltmək niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regional gücə çevrilən, tarixi Zəfərdən sonra yeni reallıqlar yaradan Azərbaycan ŞƏT üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanır. Azərbaycan gənc, müstəqil dövlət olmasına baxmayaraq, dünyada özünü mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib.

Eyni zamanda, Zəfər savaşının reallığı kimi gerçəkləşən Zəngəzur dəhlizi də Azərbaycan–Çin əməkdaşlığında yeni imkanlar açır. Çin üçün bu marşrut Orta Dəhlizin səmərəliliyini artırmaqla yanaşı, “Bir kəmər, bir yol” təşəbbüsünün Cənubi Qafqaz üzərindən daha geniş inteqrasiyasını təmin edəcək. Azərbaycanın təşəbbüsü ilə reallaşacaq bu layihə həm də regionda yeni əməkdaşlıq modelinin əsasını qoya bilər. Məhz bu səbəbdən Çin dünyanın fövqəldövləti kimi həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.

Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri artıq təkcə ikitərəfli deyil, həm də regional sabitlik və beynəlxalq əməkdaşlıq baxımından nümunəvi modelə çevrilməkdədir. Xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində atılan addımlar Azərbaycanın milli maraqları ilə tam şəkildə üst-üstə düşür. Bu, həm regional, həm də beynəlxalq platformalarda Azərbaycanın mövqeyini daha da gücləndirir və ölkəmizin gələcək strateji hədəflərinə xidmət edir.


Fəzail  İbrahimli
Milli Məclisin deputatı

Siyasət