BMU-da Ulu Öndərin anım günü ilə bağlı tədbirlər keçirilib

post-img

Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Sonra BMU və Yeni Azərbaycan Partiyası 40 saylı ərazi təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən tədbir keçirilib. Öncə Ulu Öndərin əziz xatirəsi yad olunub, Dövlət Himninin səsləndirilməsindən sonra Heydər Əliyevin həyatı və zəngin siyasi fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.  

BMU-nun rektoru Yaqub Piriyev tədbirdə çıxış edərək ötən yüzilliyin ən görkəmli dövlət xadimlərindən Heydər Əliyevin həyat yolu və xalqımıza bəxş etdiyi zəngin irsin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu deyib. Ümummilli Liderin 1970-80-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl respublikalarından birinə çevirdiyini vurğulayan rektor həmin dövrdə ölkəmizin əldə etdiyi uğurları statistik rəqəmlərlə diqqətə çatdırıb. Eyni zamanda sonrakı mərhələdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksələn Heydər Əliyevin nəqliyyat, rabitə, təhsil, səhiyyə, eləcə də digər sosial-mədəni istiqamətləri birləşdirən 14 nazirlik və sahəyə nəzarət etdiyini deyərək gördüyü genişmiqyaslı işləri yada salıb.  Yaqub Piriyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması, sürətli iqtisadi islahatlar aparılması, nəhəng qlobal layihələrin həyata keçirilməsi, Azərbaycanın nəqliyyat və digər sahələr üzrə beynəlxalq tərəfdaşlığının genişlənməsindəki xidmətlərini nəzərə çatdırıb. Həmin strategiyanın davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan üçün geniş imkanlar açan qlobal nəqliyyat və iqtisadi əməkdaşlıq layihələri vurğulanıb. Azərbaycanın Orta Dəhlizin həlqəsi kimi Çin-Avropa ticarətinin sürətlənməsində mühüm rol oynadığı, bütün bunların Ulu Öndərin “İpək Yolu” ideyasının davamı kimi qlobal əlaqələri genişləndirdiyi bildirilib. 

Heydər Əliyevin dövlətçilik strategiyasının əsas istiqamətlərindən birinin milli kadrların yetişdirilməsi olduğunu önə çəkən rektor ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Prezident İlham Əliyevin sərəncamları ilə 3 Dövlət Proqramı üzrə çoxsaylı azərbaycanlı gəncin xaricdə dövlət hesabına təhsil almasını uğurlu ənənə kimi qiymətləndirib.  

Yaqub Piriyev torpaqlarımızın işğaldan azad olunmasını, suverenliyimizin tam bərpasını Ulu Öndərin ən böyük arzularından biri kimi önə çəkərək böyük liderin ideyalarının Azərbaycanı daim işıqlı sabahlara aparacağına dərindən inandığını vurğulayıb.    

Milli Məclisin komitə sədri, millət vəkili Sadiq Qurbanov çıxışında uzaqgörən dövlət xadiminin cəsarətli qərarları, yüksək dövlətçilik təfəkkürü və xalqına sonsuz sevgisi ilə bugünkü Azərbaycanın əsasının qoyulduğunu qeyd edib. Bildirilib ki, nüfuzlu şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə formalaşan milli ideologiya dövlətçiliyin möhkəmlənməsi və ölkənin davamlı inkişafında həlledici rol oynayıb.

Millət vəkili Vüqar Rəhimzadə isə bildirib ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətini Azərbaycanın yüksəlişi təşkil edib. O, Azərbaycanda hərbi məktəb quruculuğunu Sovet dövrü üçün son dərəcə cəsarətli, strateji qərar kimi dəyərləndirib və Çəmşid Naxçıvanski adına hərbi məktəbin müasir hərbi kadrların formalaşmasındakı mühüm rolunu önə çəkib. Millət vəkili həmçinin Ulu Öndərin bütün mərhələlərdə Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etdiyini və ölkəmizin dünya miqyasında tanınmasına nail olduğunu söyləyib. 

Sonra çıxış edən digər natiqlər zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün daha aydın şəkildə göründüyünü, Ulu Öndərin tarixdə güclü dövlət quran liderlər sırasında dayandığını vurğulayıblar. Heydər Əliyev irsinə və siyasi kursuna sadiqliyin Azərbaycanın bugünkü və gələcək uğurlarının əsas şərtlərindən olduğu bildirilib. Çıxışlarda habelə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı istiqamətində gördüyü işlərdən danışılıb. Görkəmli siyasi xadimin dil siyasətinin milli kimliyin qorunması, ədəbi dilin inkişafı və dövlət dilinin mövqeyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

XQ















Sosial həyat