Yeniyetmələri böyük cinayətlərə aparan yol niyə nəzarətsizdir?
Müasir dünyada təhsil ocaqları mənəvi dəyərlərin formalaşdığı müqəddəs məkan sayılır. Lakin bir neçə gün əvvəl “İdrak” liseyində yaşanan gözlənilməz hadisə medianın və ictimaiyyətin diqqətini bu ali missiya ilə bağlı olmayan kriminal düşüncələrə – gənclər arasında artan aqressiya və mənəvi aşınmanın qaynaqlarına yönəltdi. Bir şagirdin müəlliminə silahlı hücum etməsi müəllim-şagird münasibətlərinin ağlasığmaz bir duruma çatdığını göstərir. Bu, bir təsadüfdürmü? Son vaxtlar məktəblərdə baş verən arzuolunmaz hadisələr göstərir ki, bu silsilə istisna və ötəri halı aşıb. Hadisənin təfərrüatları hüquqi baxımdan araşdırılsa da ortada olan pedoqoji-etik mənzərə budur: deyəsən, sinif otağı elm və irfan ocağı olmaqdan çıxıb.
Bu hadisə milli təhsil sisteminə və müəllim nüfuzuna ağır zərbədir. Baş verənlər, sadəcə, məktəbdaxili münaqişə deyil, ailə tərbiyəsindən sosial mühitə qədər uzanan zəncirvari böhranın təzahürüdür. Xüsusilə, yüksək maddi imkanlara malik ailələrin övladlarında rast gəlinən, cəmiyyətdə bəzən "harınlıq" kimi qəbul edilən davranış formaları, maddi zənginliyin mənəvi böhranla əvəzlənməsi çılğın, qeyri-insani hərəkətlər üçün münbit zəmin hazırlayır.
Orta məktəblərdə şagirdlərin bir-birinə, həm də müəllimlərinə qarşı zorakılıq hallarının artması ciddi narahatlıq doğurur. Belə ki, ötən günlərdə Abşeron rayonu, Xırdalan şəhərində 1 nömrəli məktəbdə bir qrup şagirdin 17 yaşlı yeniyetməni döyməsi faktı ilə bağlı polisə məlumat daxil olub. Bundan əlavə, Sumqayıt şəhərində yerləşən 33 nömrəli tam orta məktəbdə 14 yaşlı şagirdin sinif yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, fakt üzrə müvafiq ekspertiza təyin edilib və hazırda ərazi polis orqanında araşdırma aparılır.
Ən ciddi və ictimai rezonans doğuran hadisə isə fevralın 6-da baş verib. Səhər saatlarında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “İdrak” liseyindən çağırış daxil olub. Odlu silahdan açılan atəş nəticəsində xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib, zəruri laborator və instrumental müayinələr aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən X sinif şagirdi Ə.Ş. prokurorluq tərəfindən saxlanılıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Baş verən hadisələr göstərir ki, məktəblərdə zorakılıq təkcə fərdi davranış problemi deyil, eyni zamanda cəmiyyətin ümumi psixoloji və sosial vəziyyətinin göstəricisidir. Bu tendensiyanın qarşısını almaq üçün yalnız cəza tədbirləri deyil, kompleks, sistemli və uzunmüddətli yanaşma tələb olunur.
Hadisənin işıqlandırılmasında media mənsublarının yol verdikləri etik xətalar Mətbuat Şurası tərəfindən haqlı olaraq tənqid edilsə də, mövzu sadəcə bununla məhdudlaşmır. Problemin kökündə dayanan uşaq aqressiyası, yeniyetmə özbaşınalığı və dəyərlər sisteminin aşınması məsələsi daha fundamental və dərindən analiz tələb edir.
Şəmsəddin ƏLİYEV,
istefada olan polis polkovniki, “Polisə dəstək” İctimai Birliyinin sədri, hüquqşünas:
– Son bir il ərzində, eləcə də bu ilin əvvəlində orta məktəblərdə, xüsusilə azyaşlılar arasında baş verən ağır cinayətlər, bıçaqlanma halları açıq şəkildə göstərir ki, problem artıq təsadüfi xarakter daşımır. Uzunluğu 5, hətta 10–15 santimetr olan kəsici-deşici alətlərin azyaşlıların sərbəst şəkildə əldə edə biləcəyi vəziyyətdə olması cəmiyyətdə ciddi narazılıq yaradır.
Bu məsələ Milli Məclisdə də müzakirə mövzusu olub və deputatlardan biri soyuq silahların azyaşlılara satışının qadağan edilməsi ilə bağlı normativ hüquqi aktın qəbul olunmasını təklif edib. Şəxsi mövqeyim ondan ibarətdir ki, bu təşəbbüs dəstəklənməlidir. Lakin hesab edirəm ki, burada əsas məsuliyyət yalnız qanunvericiliklə məhdudlaşmır. Valideyn nəzarətinin zəifliyi, valideynlərin övladları ilə və məktəblə təmasının kifayət qədər olmaması problemin əsas səbəblərindən biridir.
Hadisəyə hüquqi aspektdən yanaşsaq, cinayət törədən şəxsin yaşı Azərbaycan qanunvericiliyinə əsasən həlledici amildir. Cinayət Məcəlləsinin 19–20-ci maddələrinə görə, 16 yaşı tamam olmuş şəxs əgər əməlinin mahiyyətini dərk edirsə, cinayət məsuliyyətinə cəlb olunur. 14 yaşı tamam olmuş şəxslər isə yalnız qəsdən adam öldürmə, sağlamlığa ağır və ya az ağır zərər vurma, adam oğurluğu, təcavüz xarakterli zorakılıq hərəkətləri, soyğunçuluq, quldurluq və digər ağır cinayətlərə görə məsuliyyət daşıyırlar.
Mövcud məlumata əsasən, sözügedən hadisədə azyaşlı artıq 14 yaşını tamam etdiyindən törətdiyi ağır cinayətə görə mütləq qaydada cinayət məsuliyyətinə cəlb olunacaq. Lakin əgər istintaq zamanı onun əməli törədərkən anlaqsız vəziyyətdə olduğu, yəni xroniki psixi xəstəliyinin və ya psixi fəaliyyətinin müvəqqəti pozulmasının mövcudluğu sübuta yetirilərsə, bu halda məhkəmə-psixiatriya ekspertizasının rəyinə əsasən məsuliyyətdən azad edilə bilər. Bununla belə, müalicədən sonra məsuliyyət məsələsi yenidən gündəmə gələcək.
Digər mühüm məsələ hadisənin gizlədilməsi ilə bağlıdır. Cinayət Məcəlləsinin 307-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətin törədilməsi barədə bilə-bilə müvafiq dövlət orqanlarına məlumat verməmək cinayət məsuliyyəti yaradır. Bu maddəyə görə cərimə, 2 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər məktəb rəhbərliyi və ya digər şəxslər ağır cinayəti əvvəlcədən vəd etmədən gizlədiblərsə, bu, artıq hüquqi məsuliyyət doğurur.
Təəssüf ki, bəzi hallarda məktəb rəhbərliyinin əsas diqqəti təhlükəsizlik tədbirlərinə deyil, valideynlərdən toplanan ödənişlərə yönəlir. Bəzən bu məbləğlər illik 10-12 min, hətta 15 min manat civarında olur. Nəticədə, ümumi təhlükəsizlik maraqları, pedaqoji heyətin və şagirdlərin qorunması məsələləri kölgədə qalır.Silahın azyaşlının əlinə keçməsi məsələsi də son dərəcə ciddi faktdır. Cinayət Məcəlləsində odlu silahın diqqətsiz saxlanılmasına görə məsuliyyət nəzərdə tutulur. Odlu silahın sahibi, adətən, valideyndir və bu silah yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə əldə edilir. İcazə verilməzdən əvvəl həmin şəxsin evində yoxlama aparılır və silahın uşaqlar üçün əlçatmaz şəraitdə saxlanılması tələb olunur.
Əgər bütün bu tələblərə baxmayaraq, silah diqqətsiz saxlanılıbsa və nəticədə başqa bir şəxs həmin silahdan istifadə edərək ağır nəticələrə səbəb olan hadisə törədibsə, bu artıq cinayət tərkibi yaradır. Bu hal Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə tənzimlənir və silah sahibinin də məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Həmin maddəyə əsasən, şəxs 2 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Yəni vətəndaş odlu silahı əldə edərkən onun üzərinə bir sıra hüquqi öhdəliklər qoyulur. Silahın saxlanma şəraiti, istifadə qaydası, təhlükəsizliyi təmin edən mexanizmlər, xüsusilə də himayəsində azyaşlı uşaqlar varsa, onların silaha çıxışının tam məhdudlaşdırılması əsas şərtlərdən biridir.
Digər tərəfdən, təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin yetərli olmaması da ciddi hüquqi və sosial problemdir. Təxminən 17 il öncə Azərbaycan Dövlət Neft və Kimya Sənayesi Universitetində baş vermiş silahlı hücum hadisəsini xatırlatmaq kifayətdir. Həmin hadisə zamanı bir şəxs avtomat silahla universitet binasına daxil olmuş, pillə-pillə irəliləyərək qarşısına çıxan müəllimləri və tələbələri güllələmişdi. Hətta mühafizəçi belə bu hücuma müqavimət göstərə bilməmişdi və səhv etmirəmsə, o da qətlə yetirilmişdi. Hadisə zamanı auditoriyalar bağlanmış, böyük vahimə yaranmışdı.
Bu faciədən sonra bütün ali və orta təhsil müəssisələrində təhlükəsizliyin təmin olunması üçün təxirəsalınmaz tədbirlərin görülməsi zəruri idi. Lakin təəssüf ki, Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu istiqamətdə sistemli və təsirli addımlar atmayıb. Cəzasızlıq və nəzarətsizlik mühiti, arxayınçılıq isə təhlükəsizlik boşluqlarını daha da dərinləşdirir bu boşluqlardan sui-istifadəyə şərait yaradır.
Müsahibimiz açıqlamasının davamında qeyd etdi ki, hüquqi baxımdan da normativ bazada nəzarət mexanizmlərinin boşluqları açıq şəkildə görünür:
– Soyuq və ov silahlarının gənclər tərəfindən nisbətən asan əldə olunması, məktəblərə giriş-çıxışa nəzarətin zəifliyi və ya ümumiyyətlə olmaması təhlükəni daha da artırır. Bu səbəbdən erkən xəbərdarlıq mexanizmlərinin qurulması, riskli davranışların vaxtında müəyyən edilməsi və azyaşlılarla məktəb daxilində məqsədyönlü psixoloji-tərbiyəvi işlərin aparılması son dərəcə vacibdir. Əks halda, bu problemlərin qarşısını almaq getdikcə daha çətin olacaq.
Bu prosesdə məktəb, ailə, polis orqanları, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ərazi polis idarələri və vətəndaş cəmiyyəti institutları birlikdə fəaliyyət göstərməlidir.
Mən dəfələrlə vurğulamışam ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün Daxili İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi arasında rəsmi əməkdaşlıq mexanizmi qurulmalıdır, konkret müqavilə imzalanmalıdır. Bu müqaviləyə əsasən, orta məktəblərdə, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində təhlükəsizliyin təmin olunması Daxili İşlər Nazirliyinin üzərinə öhdəlik kimi götürülə bilər. Bir neçə qurumun koordinasiyalı şəkildə hərəkət etməsi bu cür hadisələrin nəzarət altına alınmasına real imkan yarada bilər.
Dünya ölkələrində məktəblərdə təhlükəsizlik və zorakılığın qarşısının alınması ayrı-ayrı qurumların deyil, vahid sistemin işi kimi təşkil olunur. Əsas model erkən xəbərdarlıq mexanizminə əsaslanır. Müəllim və sinif rəhbəri riskli davranış göstərən 2–3 şagirdi vaxtında müəyyən edir və məktəbdaxili psixoloji xidmətə yönləndirir. Məktəb–polis əməkdaşlığı institusional xarakter daşıyır. Bir çox ölkədə polis əməkdaşı məktəbdə daimi və ya mütəmadi şəkildə fəaliyyət göstərir, məqsəd cəza yox, profilaktika və təhlükəsizlikdir.
Eyni zamanda, bu sahədə milli fəaliyyət planının qəbul olunmasını çox vacib hesab edirəm. Orta məktəblərdə tərbiyə, vətəndaşlıq və hüquqi şüurun formalaşdırılması məqsədilə vahid və sistemli yanaşma olmalıdır. Çünki vətəndaş olmaq həm də müəyyən vəzifələri dərk etmək və onları yerinə yetirməkdir.
Məktəb bu həssas və kövrək davranışlı uşaqlar üçün elə bir mühit yaratmalıdır ki, onlar gələcəkdə cəmiyyətə və dövlətə bağlı, məsuliyyətli və sağlam düşüncəli vətəndaşlara çevrilsinlər. Əgər təhlükəsizliyin təmin olunması ilə bağlı milli fəaliyyət planı qəbul edilərsə, burada vətəndaş cəmiyyətinin üzərinə konkret vəzifələr qoyulacaq, mərkəzi icra hakimiyyəti orqanlarının öhdəlikləri müəyyənləşdiriləcək və bu sənəd müvafiq dövlət aktı ilə təsdiq olunacaq.
Nadir İSMAYILOV,
Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, professor:
– Təhsil sahəsində keçmişlə bu günü müqayisə etdikdə ciddi fərqlərin mövcud olduğu aydın görünür. Bu fərqlər, ilk növbədə, ölkənin bazar iqtisadiyyatına keçidi, yəni kapitalist sistemə qədəm qoyması ilə bağlıdır. Sosializm dövründə tamamilə fərqli qanunlar hökm sürürdüsə, bu gün artıq başqa qaydalar keçərlidir. Lakin qeyd etmək lazımdır ki, biz hələ klassik kapitalizm mərhələsinə çatmamışıq, daha çox “vəhşi kapitalizm” şəraitində yaşayırıq. Bu isə cəmiyyətdə müəyyən uyğunsuzluqların və kobudluqların ortaya çıxmasına səbəb olur. Məktəbdə şagirdin müəllimə qarşı silahlı zorakılıq göstərməsi kimi hallar da məhz bu proseslərin nəticəsidir. Bu cür fərqlər təsadüfi deyil, əksinə, əvvəlcədən proqnozlaşdırıla bilən və gözlənilən proseslərdir. Çıxış yolu isə genişmiqyaslı və sistemli tərbiyəvi işlərin aparılmasından keçir.
Əvvəllər orta məktəbi bitirən şagird əlavə hazırlıq keçmədən ali məktəbə daxil ola bilirdi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Şagird repetitor yanına getmədən, illərlə əlavə hazırlıq keçmədən, valideyn müəyyən maliyyə vəsaiti xərcləmədən universitetə hazırlaşa bilmir. Bu fakt özü göstərir ki, orta məktəb öz əsas funksiyasını lazımi səviyyədə yerinə yetirmir.
Hadisələr göstərir ki, bəzi valideynlərin öz övladları ilə tərbiyəvi söhbətlər etməsi kimi hallar mümkün deyil. Bəzi valideynlərin vaxtı çatmır, bəzilərinin maddi imkanları məhduddur, digərləri isə sadəcə olaraq tərbiyə vermə bacarığına malik deyil. Bu fərqlər kifayət qədər çoxdur və onların hər biri uşağın davranışına birbaşa təsir göstərir. Ailə daxilində aqressiv münasibətə məruz qalan uşaqların bu davranışları məktəb mühitində də əks etdirməsi də tamamilə təbiidir.
Belə uşaqların psixoloji gərginliyi dərs prosesinə, sinifdaxili münasibətlərə və ümumi tədris mühitinə mənfi təsir göstərir. Bu hal həm akademik göstəricilərin aşağı düşməsinə, həm də kollektivdə konfliktlərin artmasına səbəb olur. Bu da, uzunmüddətli emosional zorakılığa məruz qalan uşaqlarda diqqət pozuntusu, aqressiyanın idarə olunmaması və empatiya çatışmazlığı olaraq müşahidə edilir.
Mövcud vəziyyətdə məktəblərdə tətbiq edilən yeniliklərin böyük hissəsi gözlənilən nəticəni vermir. Əksinə, bəzən bu dəyişikliklər mövcud problemləri daha da dərinləşdirir. Bu baxımdan, təhsil sistemində müəyyən mənada köhnə, sınaqdan çıxmış qaydalara qayıdış zərurəti yaranır.
* * *
Professor qeyd etdi ki, bu mövzu ilə bağlı ilk növbədə tərbiyə işi gücləndirilməli, maarifləndirmə və təbliğat sistemli şəkildə aparılmalıdır:
– Müəllimlər şagirdlərlə daha ciddi və fərdi şəkildə məşğul olmalı, onların psixoloji vəziyyətinə biganə qalmamalıdır. Hər bir məktəbdə peşəkar psixoloqun fəaliyyəti zəruri hesab olunur. Eyni zamanda televiziya proqramlarında, qəzet və jurnallarda bu mövzuda maarifləndirici çıxışlara, sağlam tərbiyə modellərinin təbliğinə geniş yer ayrılmalıdır.
Nəzərə almaq lazımdır ki, xasiyyət baxımından insanlar nə qədər fərqlidirsə, davranış modelləri də bir o qədər müxtəlifdir. Bu, uşaqlara, yeniyetmələrə və böyüklərə eyni dərəcədə aiddir. Psixiatrların qənaətinə görə, bu davranışlara təsir göstərmək üçün uzunmüddətli, ardıcıl və peşəkar yanaşma tələb olunur; səthi və epizodik tədbirlər isə real nəticə vermir.
Bu cür halların qarşısını almaq bir-iki cümlə ilə mümkün deyil. Burada kompleks və sistemli yanaşma tələb olunur. Məktəblərdə ən müasir tərbiyə üsullarından istifadə edilməli, şagirdlərlə mütəmadi maarifləndirici söhbətlər aparılmalıdır. Xüsusilə risk qrupuna daxil olan uşaqlarla fərdi, individual psixoloji iş qurulmalıdır, kollektiv yanaşma ilə bərabər, fərdi psixokorreksiya tədbirləri də olduqca vacibdir.
Əgər uşaqda davranış pozuntuları, emosional qeyri-sabitlik və ya xasiyyətində patoloji əlamətlər müşahidə olunursa, bu zaman müdaxilə gecikdirilməməlidir. Belə hallarda uşağın vaxtında mütəxəssisə — psixoloq və psixiatra yönləndirilməsi vacibdir. Həkim klinik qiymətləndirmə apararaq diaqnostik tədbirlər görməli və zəruri hallarda psixoterapevtik və ya tibbi müdaxilə planı müəyyən etməlidir.
Ən çox rast gəlinən hallar xasiyyət pozuntuları, davranış pozuntusu (conduct disorder), emosional-iradi sahənin pozulması və psixopatiya kimi tanınan şəxsiyyət patologiyalarıdır. Bu cür patologiyalar uşaqlarda müxtəlif formalarda özünü büruzə verir. Uşaq tez-tez qaydalara əməl etmir, aqressiv davranış nümayiş etdirir, siqaret çəkməyə meyil göstərir, davaya qarışır və ətraf mühitlə konfliktə girir. Psixiatrik praktikada bu hallar impulsivlik, affektiv partlayışlar, empati çatışmazlığı və antisosial davranış meylləri kimi xarakterizə olunur. Belə uşaqlarla mütləq şəkildə davamlı psixoloji və pedaqoji iş aparılmalıdır.
“İdrak” liseyində baş vermiş silahlı insidentdən sonra isə həm həmin məktəbin şagirdləri, həm də ümumilikdə məktəb mühiti üçün xüsusi psixoloji yanaşma vacibdir. Bu cür hadisələrdən sonra uşaqlarda posttravmatik stress reaksiyaları, qorxu, təşviş və güvənsizlik hissi yarana bilər. Buna görə də şagirdlərlə ciddi və ardıcıl söhbətlər aparılmalı, baş verən hadisənin mahiyyəti onların yaş səviyyəsinə uyğun şəkildə izah edilməlidir.
Bu işi təkcə müəllimlər deyil, məktəb psixoloqları və kənardan dəvət olunan ixtisaslaşmış mütəxəssislər də həyata keçirməlidir. Çünki böhran sonrası dövrdə düzgün aparılan psixoloji dəstək gələcək zorakı davranış riskini əhəmiyyətli dərəcədə azaldır.
Bu kimi hallarda isə yeniyetmələrdə silaha və zorakılığa maraq yaranmasının əsas səbəblərindən biri nəzarətsiz mühit və daxili aqressivliyin idarə olunmamasıdır. Bəzi hallarda bu marağın arxasında psixopatiya adlandırılan xasiyyət patologiyası və ya davranış pozuntuları dayanır. Bunu vaxtında aşkar etmək mümkündür və erkən müdaxilə ilə bu cür meyllərin qarşısını almaq olar.
Yeganə HACIYEVA,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq:
– “İdrak” liseyində yaşanan insident zamanı bəzi media mənsublarının davranışı “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tələblərinə tamamilə ziddir. Media və jurnalistlər ictimai maraq doğuran mövzuları işıqlandırarkən uşaqların hüquqlarına hörmət prinsipini müzakirə predmeti deyil, dəyişməz peşə borcu kimi qəbul etməlidirlər.
Uşaqların hüquqları hər hansı informativ məqsədin, reytinq marağının və ya ictimai maraq adı altında təqdim olunan sensasiyanın fövqündə dayanır. Heç bir halda “ictimai maraq” anlayışı uşağın hüquq, ləyaqət, şəxsi həyat, təhlükəsiz və psixoloji bütövlüyünün pozulmasına bəraət qazandıra bilməz. Jurnalist fəaliyyəti zamanı uşaqlarla bağlı məlumatların toplanması və yayımı xüsusi məsuliyyət və maksimum ehtiyat tələb edir.
Valideynlərin və ya qanuni nümayəndələrin açıq razılığı olmadan uşaqlarla ünsiyyət qurulması, onların görüntülərinin və şəxsi məlumatlarının dərc edilməsi yalnız müstəsna və ciddi ictimai əhəmiyyət kəsb edən hallarda, uşağın ali mənafeyi təmin olunmaqla mümkün ola bilər. Xüsusilə zorakılıq, cinayət, faciə və sosial risklərlə bağlı hallarda uşaqların kimliyinin açıqlanması jurnalist etikasının kobud pozuntusu olmaqla yanaşı, onların gələcək həyatına geridönməz zərər vurmaq potensialı da daşıyır. Media subyektləri uşaqların hüquqlarına hörmət etməməyi sadəcə peşə səhvi deyil, ictimai məsuliyyətin inkarı kimi dəyərləndirməlidirlər.
Jurnalistlər fəaliyyətlərində uşaqların məsumluğundan və onlara xas olan inamdan sui-istifadəyə yol verməməli, valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan azyaşlılarla müsahibə aparmaqdan çəkinməlidirlər. Etik prinsiplərin 3.9-cu bəndinə əsasən, müstəsna ictimai maraq daşıyan hallar istisna olmaqla, uşaqların şəxsi həyatına dair məlumatların və görüntülərin dərc edilməsi yolverilməz hesab olunur. Xüsusilə faciəvi və ya cinayət xarakterli hadisələrə cəlb edilmiş uşaqların şəxsiyyətinin açıqlanması qəti şəkildə qadağandır və onların kimliyinin qorunması jurnalistin birbaşa peşəkar məsuliyyəti kimi qiymətləndirilməlidir.
Media təmsilçilərinin şagirdlə ünsiyyət forması jurnalist peşəsinin etik normalarına və reputasiyanın qorunması prinsipinə ziddir. Bu kontekstdə “ictimai əhəmiyyət” anlayışı “ictimaiyyət üçün maraq doğuran” informasiya ilə yanlış şəkildə eyniləşdirilmişdir. Halbuki ictimai maraq jurnalistin müdaxilə formasını və istifadə etdiyi dili legitimləşdirmir. Sözügedən davranışlar faktların obyektiv şəkildə üzə çıxarılmasına xidmət etmir, əksinə, jurnalistikanın məsuliyyət, həssaslıq və peşəkarlıq prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir və peşəkar davranış nümunəsi hesab edilə bilməz.
Ekspert qismində müzakirəyə dəvət etdiyimiz müsahiblərimizin açıqlamalarından da göründüyü kimi, həssaslıq peşəkarlığın əsas və dəyişməz meyarlarından biridir. Xüsusilə ictimai məzmun istehsalında bu anlayış sadəcə etik prinsip deyil, həm də cəmiyyət qarşısında məsuliyyətin göstəricisidir. Həssaslıq qorunmadıqda hazırlanan materiallar yanlış anlaşılmalara, ayrı-seçkiliyin dərinləşməsinə və sosial gərginliyə səbəb ola bilər. Buna qarşılıq olaraq, yalnız bu kriteriyaya riayət edilərək hazırlanan məzmunlar maarifləndirici rol oynayır, sağlam ictimai rəyin formalaşmasına töhfə verir və cəmiyyətə real fayda gətirir. Əks yanaşmalar isə qısa müddətli diqqət çəksə belə, uzunmüddətli perspektivdə etimadı zədələyir və ictimai dəyərlərə ziyan vurur. Yanan “qırmızı işıq” hamını həssaslığa və qətiyyətə səsləyir. Qələm tutan uşaq və yeniyetmə əlləri bıçaqdan, tətikdən, yumruq davasından uzaq olmalıdır.
Hazırladılar:
Ləman TƏHMƏZ
Fidan ƏLİYEVA
Elenora HƏSƏNOVA
XQ

