Dünya Türkiyədə Rusiya-Ukrayna danışıqlarını gözləyir

post-img

Ukraynada sülhə nail olmaq üçün ən mühüm danışıqlar mayın 15-də Türkiyədə baş tuta bilər. Təklif Rusiya Prezidenti Vladimir Putindən gəlib. Mayın 11-də o, İstanbulda Moskva və Kiyev arasında birbaşa danışıqlar zamanı ilkin şərt olmadan digər məsələlərlə yanaşı, atəşkəs məsələsinin də müzakirəsini təklif edib. 

Məlumatı “Anadolu” verib. 

Mayın 11-də Putinlə telefon danışığı zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidentinin təşəbbüsünü alqışlayıb. Prezident Ərdoğan sülhə nail olmaq üçün bir fürsət pəncərəsinin açıldığına işarə edib. Onun sözlərinə görə, hərtərəfli atəşkəs sülh danışıqları üçün lazımi şərait yaradacaq.

ABŞ Prezidenti Donald Tramp da Ukraynanı bu təkliflə razılaşmağa və Rusiya ilə danışıqlara başlamağa çağırıb: “Ukrayna bununla dərhal razılaşmalıdır. Ən azı onlar anlaşmanın mümkün olub-olmadığını anlaya biləcəklər, əgər belə olmayacaqsa, o zaman Avropa liderləri və ABŞ bizim harada durduğumuzu bilib buna uyğun hərəkət edə bilərlər”.

Ukrayna prezidenti Vladimir Zelenski də mayın 15-də Türkiyədə danışıqlar aparmağa razılaşıb. Bu barədə o, X sosial şəbəkəsində yazıb.

Zelenski həm də mayın 12-dən atəşkəs təklifini təkrarlayıb: “Sabahdan biz atəşkəs gözləyirik - tam və uzunmüddətli, diplomatiya üçün lazımi zəmin yaradacaq atəşkəs. Qətlləri ləngitməyin mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə gözləyəcəm. Şəxsən”.

P.ƏMİRCANOV
XQ

Dünya