Ankara İraqın Kərkük vilayətində baş verənləri diqqətlə izləyir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli sosial şəbəkə hesabında məlumat verib.
“Anadolu”nun məlumatına görə, diplomat vurğulayıb ki, Türkiyənin “fundamental gözləntisi” türkmən soydaşların İraqın siyasi həyatında və hökumət strukturlarında layiqincə təmsil olunmasıdır: “Bu məsələ Kərkükdə bütün dövlət qurumlarında, ilk növbədə Əyalət Şurasında baş verməli olan kadr təyinatları və dəyişikliklər kontekstində xüsusilə aktualdır”.
Türkiyə diplomatik nümayəndəsi qeyd edib ki, türkmən əhalisinin kompakt yaşadığı Altunköprü bələdiyyəsinə qeyri-türkmən lider təyin edilməsi türkmən icmasında diskomfort və məyusluq yaradıb: “Etnik və dini müxtəlifliyi ilə İraqın kiçik modelini təmsil edən Kərkükdə sülh və sabitlik bütün İraqda sülh və sabitliyin açarıdır”, - Keçeli deyib.
Qeyd edək kiŞ Altunköprü rayonunda türkmən nümayəndələri yerli administrasiya rəhbərliyinə daxil edilməyib. Bu, yerli əhalinin mənfi reaksiyasına səbəb olub. İyunun 30-da mövcud vəziyyətə etiraz əlaməti olaraq böyük nümayiş təşkil olunub.
Tələblərinə cavab ala bilməyən etirazçılar Kərkük-Ərbil yolunda çadırlar qurub, nəqliyyatın hərəkətini bağlayıblar. Bunun ardınca yerli hakimiyyət orqanları Altunköprünün bütün qurum və strukturlarında səlahiyyətlərin bölüşdürülməsini yoxlamaq üçün komissiya yaratmaq niyyətlərini açıqlayıblar.
P.ƏMİRCANOV
XQ