Qarşıdurmanın coğrafiyası genişlənir
Yaxın Şərqdə son bir ayda müşahidə olunan gərginlik tədricən daha geniş və təhlükəli mərhələyə daxil olmaqdadır. Lokal qarşıdurmaların sərhədləri aşaraq regional güclər arasında qarşıdurmaya çevrilməsi vəziyyəti nəzarətdənçıxma riski ilə üz-üzə qoyur. Artıq bir sıra ölkələrin birbaşa və ya dolayısı ilə prosesə qoşulma ehtimalını müzakirə etməsi regionda yeni müharibə dalğasının formalaşma təhlükəsini gündəmə gətirir. Sözügedən kontektsdə dünən – martın 31-də baş verən hadisələrin media icmalını oxucuların diqqətinə çatdırırıq.
“Reuters”: Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərlə söhbətində deyib ki, ABŞ aprelin 6-dək İranla razılaşma imzalanacağına ümid edir. Ondan ABŞ Prezidenti Donald Trampın əvvəllər “Truth Social”da Vaşinqtonun İranın enerji infrastrukturuna zərbələri 10 gün, yəni 6 aprelə qədər dayandırdığını yazdığı paylaşımla bağlı şərh verməsi istənilib. ABŞ-ın müəyyən edilmiş müddət ərzində nəyə nail olmağa ümid etdiyi soruşulduqda, Levitt Trampın “razılaşma əldə etmək istədiyini” izah edib.
“Jordan Times”: İsrailin Baş naziri Binyamin Netanyahu İordaniya Haşimilər Krallığının kralı II Abdullah ibn Al Hüseyn ilə görüşmək istəsə də, Amman tərəfi bundan imtina edib. Mənbə iddia edib ki, İsraildən gələn təklif İordaniya tərəfini qane etməyib və Netanyahuya kralla görüşmək kimi siyasi şans vermək istəyinin olmadığı, İsraillə gələcək əlaqələrin pərdəarxası təhlükəsizlik kanalları vasitəsilə təmin edilə biləcəyi qərara alınıb.
“Associated Press”: Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla bir neçə Körfəz ölkəsi ABŞ-ı İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırıb. BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn nümayəndələri gizli şəkildə Amerika-İsrail hərbi əməliyyatının Tehran rəhbərliyində köklü dəyişikliklər baş verənə qədər davam etməsini istədiklərini bildiriblər.
“Sky News”: Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və İsrailin İrana qarşı əməliyyatının iqtisadi nəticələrinə həsr olunmuş təcili müşavirə keçirəcək. İclasda münaqişənin iqtisadiyyata mənfi təsiri müzakirə ediləcək. Məlumata görə, görüşdə, həmçinin vəziyyətin effektiv monitorinqi və nəzarətin təmin edilməsi məsələsinə yenidən baxılacaq.
“IRNA”: İraqın cənubundakı Bəsrə əyalətindəki “Qərbi Qurna-1” yatağının ərazisində pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb. Bildirilib ki, zərər çəkən yoxdur. Raketin qalıqları ölkənin qərbindəki Ət-Tartar rayonunda yaşayış evinə düşüb.
“Al Jazeera”: ABŞ dövlət katibi Marko Rubio İrana qarşı əməliyyatla bağlı ayrı-ayrı müttəfiq ölkələrin mövqeyini nəzərə alaraq Vaşinqtonun NATO ilə münasibətlərinə yenidən baxılmasının vacibliyini bildirib. O, İspaniyanın əməliyyat üçün hava məkanını verməkdən imtina etməsini şərh edərkən vurğulayıb ki, bütün bunlar nəzərdən keçirilməlidir.
“WANA”: İsrail ordusu bildirib ki, İran İsrailə doğru çoxsaylı raket zərbələri endirib və eyni zamanda, Yəməndən də hücum qeydə alınıb. Bu, ABŞ/İsrail və Tehran arasında münaqişə başlayandan bəri Yəməndən edilən ikinci hücumdur. Martın 30-da da Yəməndən buraxılan iki pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Xatırladaq ki, Yəmən husiləri ötən şənbə müharibəyə qoşularaq İranı müdafiə ediblər və İsrailə raketlər atıblar.
“WARYA”: Yəmənin rəsmi hökuməti İranın regiondakı fəaliyyətlərini və Husi qruplaşmasına verdiyi dəstəyi sərt şəkildə pisləyərək bunun ölkənin suverenliyinə birbaşa təhdid olduğunu bəyan edib. Hökumətin açıqlamasında bildirilib ki, İran Yəməni regional münaqişələrə cəlb etməyə çalışır və silahlı qruplaşmalar vasitəsilə dövlət institutlarını zəiflətmək siyasəti yürüdür. Rəsmi Səna bu cür addımların ölkənin sabitliyinə və təhlükəsizliyinə ciddi zərbə vurduğunu qeyd edib.
“Corriere della Sera”: İtaliyanın müdafiə naziri Qvido Krozetto ABŞ hərbi təyyarələrinin Yaxın Şərqdə hərbi əməliyyatlar üçün Siciliyadakı Siqonella bazasından istifadəsini qadağan edib. Qərar ABŞ komandanlığının bombardmançı təyyarələr artıq havada olduğu zaman onların enişini razılaşdırmağa cəhd etməsindən sonra qəbul olunub.
“Guardian”: Fransa İsrailə gedən ABŞ təyyarələrinin öz ərazisi üzərindən uçmasına icazə verməyib. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, Fransa bu addımları ilə İrana kömək göstərib. D.Tramp, həmçinin qeyd edib ki, ABŞ “bunu unutmayacaq”.
“SEPAH”: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Eshaqi ABŞ və İsrailin raket zərbələri nəticəsində həlak olub. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Əhməd Vahidi bildirib.
“Daily Mail”: Yaxın günlər İranla hərbi münaqişədə həlledici olacaq. ABŞ-ın müharibə naziri Pit Heqset jurnalistlər üçün brifinqdə bildirib: “Biz öz şərtlərimizi müəyyən etdik. Yaxın günlər həlledici olacaq. İran da bunu bilir”.
Hazırladı:
N.BEYDİYEVA
XQ

