Misli Premyer Liqasının IX turunda “Neftçi” “Qəbələ” üzərində qələbə qazanıb.
Qəbələ şəhər stadionunda baş tutan görüş paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi”nin heyətində İfeanyi Metyu (71) və yeni transfer, dünyaca məşhur kamerunlu hücumçu Vensan Abubakar (81) fərqləniblər.
“Qarabağ” isə evdə “Şamaxı” ilə qarşılaşıb. Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb–0:0.
Qeyd edək ki, daha əvvəl “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” “Kəpəz”i (3:0), “Zirə” isə “Sumqayıt”ı (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Sabah” matçı heç-heçə bitib – 2:2.
Beləliklə, 9 oyundan 18 xal toplayan “Turan Tovuz” 1-ci pilləyə yüksəlib. “Qarabağ” 8 oyundan 17 xalla 2-ci, “Zirə” 9 oyundan 16 xalla 3-cü yerdədir. “Qəbələ” və “Karvan-Yevlax” 5 xalla müvafiq olaraq 10 və 11-ci yerləri bölüşürlər. Gəncənin “Kəpəz” futbolçuları 3 xalla sonuncu – 12-ci yerdə qərarlaşıb.
Qabil YUSİFOĞLU
XQ

