Qars – İğdır – Naxçıvan dəmir yolu – “yaşıl” gələcəyə qapı

post-img

Son illərdə dünyada gedən siyasi-iqtisadi proseslər nəqliyyat marşurutlarının yeni istiqamətlərini də müəyyənləşdirir. Dünyanın mühüm nəqliyyat-ticarət xətlərindən sayılan və uzunluğu 4250 kilometr dəmir yolu xətlərindən və 500 kilometr dəniz yolundan ibarət olan Orta Dəhliz də Şərqdən Qərbə uzanan mühüm logistik istiqamətlərdən biri kimi diqqət mərkəzindədir. İdeyası 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə irəli sürülən və Uzaq Çindən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük axınının artırılmasını gerçəkləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) region ölkələrinin ticarət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində böyük rol oynayır. 

Sonradan Ukrayna, Polşa və Rumıniyanın da qoşulduğu bu marşurutun əsas açar nöqtələrindən birini də Azərbaycan və onun Türkiyəyə birbaşa quru yolla çıxışını təmin edən Naxçıvan Muxtar Respublikası təşkil edir. Artıq real fəaliyyət sahəsinə çevrilmiş Orta Dəhlizin funksionallığının artırılması istiqamətində mühüm işlər görülür. Bu işlərin tərkib hissəsi kimi diqqəti cəlb edən layihələrdən biri də Türkiyəni Naxçıvanla birləşdirən Qars-İgdır-Naxçıvan dəmiryol xəttində işlərin intensivləşdirilməsdir. 

Adıçəkilən dəmiryol xətti 224 kilometr təşkil edir. Layihəyə əsasən, dəmiryol xətti boyunca uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Təbii-coğrafi mövqeyinə görə, layihənin keçdiyi ərazilərin relyefi müəyyən çətinliklər yaratsa da, dəmiryol xəttinin 5 ilə tamamlanması qarşıya mühüm vəzifə kimi qoyulub. 

Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikada bir çox sahələrin inkişafına da yeni imkanlar açacaq. Hər şeydən əvvəl Ordubaddan Sədərəyin Vəlidağ stansiyasınadək uzanan 177 kilometrlik dəmir yol xəttinin yenidən qurulmasına şərait yaradacaq. Bu dəmiryol infrastrukturunun yenilənməsi bölgədə mühüm dəyişikliklərin baş verməsinə səbəb olacaq. 

Hamımıza məlumdur ki, muxtar respublikada Araz çayı boyunca uzanan dəmiryol xəttinin istifadəyə verilməsindən bir əsrdən çox zaman keçir. Sovetlər Birliyi dövründə və müstəqillik illərində bu xətt üzərində cari təmir işləri aparılsa da, sözügedən dəmir yolu müasir logistikanın tələblərinə cavab vermir. Qarsdan Naxçıvana uzanan yeni dəmir yol xəttində isə qatarların 160 kilometr sürətlə hərəkət etməsi nəzərdə tutulub. Buna görə də muxtar respublika ərazisində müasir dəmiryol stansiyalarının qurulması, anbar və logistika daşımalarında avtomatlaşdırılmış texnoloji vasitələrin, süni intellekt dəstəkli mütərəqqi idarəetmənin tətbiqi bölgənin nəqliyyat və ticarət infrastrukturuna öz müsbət təsirini göstərəcək, əhali məşğulluğunun təmin olunmasına yeni töhfələr verəcək. 

Burada diqqətçəkən əsas məqamlardan biri də odur ki, müasir dəmir yolları yüklərin daha rahat və ucuz tariflər əsasında daşınmasına, sərnişinlərin isə daha sürətli, rahat və təhlükəsiz mənzilbaşına çatmasına şərait yaratmaqla bərabər, həm də ekoloji təmiz və “yaşıl” logistika əsasında işləyən quru nəqliyyat növüdür. Dəmir yollarında dayanıqlığın ən mühüm cəhəti emissiyaların azaldılması və enerji səmərəliyidir. Statistikaya görə, dəmiryol nəqliyyatı qlobal karbon qazı emissiyasının sadəcə 1 faizini təşkil edir və buna görə də digər nəqliyyat növləri ilə müqayisədə daha səmərəlidir. Azərbaycanda isə ümumi enerji istehlakının cəmi 1,12 faizi dəmir yolu nəqliyyatının payına düşür ki, bu sahədə istilik effekti yaradan qazların emissiyası 0,5 faizdən az təşkil edir. Buna görə də hazırda Azərbaycanda qarşıda duran mühüm vəzifələrdən biri ölkədə neytral karbon dəmiryol nəqliyyat sistemi qurmaqdır. 

Səbuhi HƏSƏNOV 
XQ-nin Naxçıvan müxbiri

 

İqtisadiyyat