Azərbaycan “Transxəzər yaşıl enerji dəhlizi” müzakirələrində

post-img

XVI “Kazenergy” Avrasiya Forumu çərçivəsində keçirilən “Yeni enerji nizamı: fövqəl olmayan dövlətlərə önəm” mövzusunda keçirilən müzakirələrdə enerji təhlükəsizliyi, tədarükün etibarlılığı və iqlim hədəflərinin uzlaşdırılması kimi məsələlər gündəmə gətirildi.

Forum Azərbaycanın da yaşıl enerji siyasətində yeni inteqrasiya imkanlarını ortaya qoydu. Energetika naziri Pərviz Şahbazov çıxışında ölkəmizin bərpa olunan enerji sahəsindəki strateji baxışını təqdim edərək, regional və qlobal əməkdaşlıqların, enerji dəhlizlərinin və şəbəkələrin formalaşdırılmasının Azərbaycanın yaşıl enerji platformasının əsas sütununa çevrildiyini vurğuladı.

Nazir qeyd etdi ki, Azərbaycanın hazırkı genişmiqyaslı təşəbbüsləri 2030-cu ilə qədər daxili enerji sistemində bərpa olunan mənbələrin payını 40 faizə çatdırmağı hədəfləyir. Bununla yanaşı, 2032-ci ilə qədər ölkədə quruda və dəniz şelfində 6 qiqavatlıq külək və günəş enerjisi istehsalı planlaşdırılır. Bu gücün 4 qiqavatı isə “Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi” vasitəsilə Avropaya ötürüləcək. Nazir bu konsepsiyanı yalnız enerji ixracı deyil, həm də şəbəkə inteqrasiyası və qlobal tədarük zəncirinin genişlənməsi baxımından strateji addım kimi qiymətləndirdi.

Hazırda “Azərbaycan–Türkiyə–Avropa” və “Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan” istiqamətlərində yaşıl enerji dəhlizləri üzərində fəal iş aparılır. Bu layihələr Cənubi Qafqazı Türkiyə və Avropa ilə birləşdirərək regionlararası əməkdaşlığın yeni mərhələsinə yol açır. Ən əsası isə bu dəhlizlər Mərkəzi Asiya ilə Avropa arasında enerji körpüsü rolunu oynaya bilər. “Transxəzər yaşıl enerji dəhlizi” konsepsiyası da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki bu platforma həm iri istehsalçıları, həm də istehlakçı bazarları birləşdirərək enerji təhlükəsizliyi və davamlılığı təmin etməyə yönəlib.

Yaşıl enerji layihələri Azərbaycan üçün çoxşaxəli dividendlər vəd edir. Əvvəla, ixrac yönümlü bərpa olunan enerji valyuta gəlirlərini artıraraq milli iqtisadiyyatı neftdən asılılıqdan uzaqlaşdırır. İkinci olaraq, infrastrukturun yenilənməsi və yeni texnologiyaların tətbiqi ölkəyə sərmayə və minlərlə iş yeri gətirir. Üçüncü mühüm nəticə isə siyasi planda özünü göstərir: Enerji əməkdaşlığı etibarlı tərəfdaşlıqları möhkəmləndirir, Azərbaycanın regional güc mərkəzi kimi mövqeyini gücləndirir. Avropa üçün isə Azərbaycan yaşıl enerji sayəsində alternativ mənbə, etibarlı tədarükçü və iqlim hədəflərinə doğru aparan strateji tərəfdaşdır.

Böyük həcmdə bərpa olunan enerji istehsalı və transsərhəd ötürmələrin həyata keçirilməsi bir sıra texniki və institusional addımlar tələb edir. Şəbəkələrin gücləndirilməsi, enerji saxlama texnologiyalarının tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin yaradılması bu sahədə əsas prioritetlərdir. Bununla yanaşı, beynəlxalq hüquqi normaların uyğunlaşdırılması, uzunmüddətli maliyyələşdirmə mexanizmlərinin qurulması da mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə “power purchase agreements” (enerji alış-satış müqavilələri) və karbon bazarlarının tətbiqi layihələrin iqtisadi cəlbediciliyini artıracaq.

Ən böyük çağırışlar texniki maneələr, maliyyə resurslarının kifayət qədər cəlb edilməməsi və regional tənzimləmələrdə uyğunsuzluqlardır. Lakin beynəlxalq maliyyə institutlarının dəstəyi, dövlətlərarası əməkdaşlıq və innovativ texnologiyalara sərmayə bu problemləri aradan qaldıra bilər. Xüsusən də hidrogen texnologiyaları və enerji saxlama sistemlərinə qoyulan investisiyalar Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.

Azərbaycan artıq Avropaya qədər uzanan yaşıl enerji xəritəsinin strateji mərkəzidir. Planlaşdırılan dəhlizlər və inteqrasiya platformaları ölkəmizi regionlararası əməkdaşlığın ön sırasına çıxarır. Bakı Xəzərin sahillərindən Avropanın enerji bazarlarına uzanan dayanıqlı körpü inşa edir. Bu körpü həm də gələcəyin enerji nizamını formalaşdırır. Azərbaycanın yaşıl enerji missiyası milli maraqlardan daha böyük bir hədəfi – qlobal iqlim mübarizəsini dəstəkləməyi özündə birləşdirir. Bu isə ölkəmizi XXI əsrin enerji xəritəsində əvəzolunmaz oyunçuya çevirir.

Mövzu ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsində sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə bildirdi:

– Azərbaycanın yaşıl enerji dəhlizlərinin qurulmasında oynadığı aparıcı rol həm region ölkələri, həm də Avropa üçün yeni əməkdaşlıq imkanları açır və ölkəmizi Cənubi Qafqazda strateji enerji körpüsünə çevirir. XVI “Kazenergy” Avrasiya Forumunda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun çıxışı ölkəmizin bərpa olunan enerji mənbələri (BOEM) sahəsində regional enerji gündəliyində artan çəkisini və strateji istiqamətlərini nümayiş etdirib: “Hazırkı mərhələdə yaşıl enerjiyə keçid yalnız iqlim gündəliyinin tərkib hissəsi olaraq deyil, həmçinin, enerji təhlükəsizliyi, iqtisadi şaxələndirmə və beynəlxalq əməkdaşlıq baxımından mühüm faktor kimi qiymətləndirilir.

Azərbaycanın prioritet istiqamətlərindən biri olan “yaşıl enerji məkanı” məqsədinə uyğun olaraq, ökəmizin yalnız günəş və külək enerjisi deyil, digər alternativ enerji mənbələri üzrə potensialının qiymətləndirilməsi, bu sahədə istehsal–istehlak–ixrac zəncirinin mərhələli şəkildə formalaşdırılması istiqamətində işlər aparılmaqdadır. Azərbaycanın BOEM sahəsində qarşıya qoyduğu strateji xəttə əsaslanaraq, 2027-ci ilə qədər enerji şirkətləri ilə əməkdaşlığın birinci mərhələsində 2 qiqavatlıq yeni bərpa olunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur ki, bu da elektrik enerjisi istehsalının qoyuluş gücündə BOEM-in payını 33 faizə yüksəldəcək.

Bununla yanaşı, 2032-ci ilə qədər ölkə üzrə quruda və dənizdə, istismara verilməsi planlaşdırılan, ümumilikdə, 6 qiqavatlıq külək və günəş enerjisi gücünün 4 qiqavatı “Xəzər–Qara dəniz–Avropa” yaşıl enerji dəhlizi vasitəsilə mərhələli şəkildə Avropaya ixrac ediləcək. Beləliklə, təxminən, 4,5 milyon ton istixana qazı emissiyasının azalmasına nail olunacaq.

Sektor müdiri “Xəzər–Qara dəniz–Avropa” istiqaməti ilə yanaşı, “Transxəzər yaşıl enerji dəhlizi”, “Azərbaycan–Türkiyə–Avropa” və “Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan” yaşıl enerji dəhlizlərinin də qarşıdakı dövrdə regional enerji əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətli istiqamətlər kimi qiymətləndirildiyini də bildirdi:

– İnfrastruktur layihələrinin icrası regional enerji şəbəkələrinin balanslaşdırılması, BOEM-in payının artırılması və iqlim hədəflərinə töhfə baxımından mühüm rol oynaya bilər: Son illərdə bərpa olunan enerji layihələrinə milyardlarla manat dəyərində sərmayələr yönəldilib və yeni investisiya qərarlarının qəbul edilməsi prosesi davam edir. Bu dinamika, bir tərəfdən, ölkəyə texnoloji bilik və müasir idarəetmə təcrübəsinin transferini təmin edir, digər tərəfdən isə məşğulluq, enerji infrastrukturunun modernləşməsi və ixrac imkanlarının genişlənməsi baxımından yeni iqtisadi dividendlər yaradır.

Göründüyü kimi, təmiz enerjinin ixrac potensialının artırılması Azərbaycanın qeyri-neft-qaz sektorunun şaxələndirilməsi strategiyasının mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. Yaşıl enerji ixracının genişlənməsi ölkənin tədiyyə balansına müsbət təsir göstərməklə yanaşı, xarici bazarlarda etibarlı tərəfdaş imicini möhkəmləndirir. Nəticə etibarilə, Azərbaycan yalnız regional enerji təhlükəsizliyinin təminatçısı deyil, həm də Avropa və Asiyanın yaşıl enerji inteqrasiyasının əsas oyunçularından biri kimi mövqeyini möhkəmləndirir.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat