Müasir dünya və konstitusiyalar

post-img

ABŞ-ın “azadlıqlar sənədi”ndən “idarəetmə nizamnaməsi”nə enişin fonunda Azərbaycan modeli

Hazırda bir çox ölkədə “konstitusiya” anlayışı özünün klassik-liberal mənasından uzaqlaşıb. Konstitusiya təkcə dövlət orqanlarının statusunu və səlahiyyətlərini tənzimləyən mətn deyil, onun “var olma” səbəbi (“raison d’être”) siyasi hakimiyyəti məhdudlaşdırmaq, ona nəzarət mexanizmləri qurmaq və insan hüquq və azadlıqlarını qorumaqdır. XVIII əsrdən bəri konstitusiya “azad xalqın əsəri”, “azadlığın nişanəsi” kimi dərk olunub. Fransız Elizabet Zollerin qeyd etdiyi kimi, konstitusiya “Tanrının və monarxın bəxşişi yox, tamamilə xalqın əl əməyi və göz nurudur” və “hüquqa itaəti rəhbər tutan siyasi cəmiyyətin qurucu ali hüquqi sənədidir”. Amma bu gün bir çox ölkələrdə konstitusiyaların daha çox idarəetmə nizamnaməsinə çevrildiyinin, “azadlıq qalxanı” funksiyasının arxa plana keçdiyini görürük.

Konstitusiyanın var olma səbəbi: məhdudiyyət və nəzarət

Konstitusiya dövlətin “qurucu aktı”dır, amma pozitiv hüquq mətninin mexaniki yığımı deyil. Liberal konstitusionalizm ənənəsi (təbii hüquq, hüquqi dövlət, məhdud hakimiyyət, hüquq və azadlıqlar) konstitusiyanı hakimiyyət üzərində məcburedici hüquqi “əyləc” kimi qavrayır. ABŞ klassik əsəri olan “Federalist №51” bunu açıq şəkildə belə ifadə edir: “İnsanlar mələk olmadığı üçün hökumətə, hökuməti idarə edənlər mələk olmadığı üçün isə qarşılıqlı nəzarət və tarazlıqlara ehtiyac var”. Türk konstitusionalisti Ömər Anayurdun təbirincə, konstitusiya hüquq və azadlıqların qarantı, siyasi iqtidarın “əyləci”, despotizmin “panzəhiri” olmalıdır. Məsələyə bu prizmadan baxdıqda, deyə bilərik ki, konstitusionalizm fəlsəfəsi “mütləq demokratiya” anlayışı”na qarşı çıxaraq “konstitusional demokratiya” və ya “hüquq yolu ilə demokratiya”, eləcə də “hüquqi dövlət” anlayışlarını dəstəkləyir, “hakimiyyət bölgüsü” prinsipi də bu məntiqin mərkəzindədir.

Anlam eroziyası necə baş verir?

Müəlliflərdən Zollerə görə müasir dövrdə bir çox ölkədə baş verən problem ondan ibarətdir ki, konstitusiya get-gedə “idarəetmə nizamnaməsi”nə – yəni dövlət orqanlarının statusu və prosedurlarının toplusuna – çevrilir, lakin “azadlıq qalxanı” funksiyası zəifləyir.

Bir sıra alimin fikrincə, son onilliklərdə konstitusionalizm çox vaxt açıq zorakılıqla deyil, hüquqi prosedurlar vasitəsilə aşınmaya məruz qalmışdır. ABŞ konstitusionalisti Kim Leyn Şeppelenin 2018-ci ildə “University of Chicago Law Review” jurnalında nəşr olunmuş “Avtokrativ leqalizm” (“Autocratic legalism”) məqaləsində aşınma və geriləmə prosesi “qanunla demokratiyanı sökmək” kimi təsvir olunur. Onun elmi araşdırmaları əsasən, Şərqi Avropa ölkələrində, xüsusilə Macarıstan, Polşa və Rusiya kimi dövlətlərdə demokratik institutların zəiflədilməsi, hüquqi mexanizmlərdən istifadə edərək avtoritarizmin gücləndirilməsi mövzularına həsr olunub.

“Sui-istifadəçi konstitusionalizm” (“Abusive constitutionalism”) məqaləsində amerikalı konstitusionalist David Landau Macarıstan, Venesuela, Misir və s. kimi ölkələrin nümunəsində konstitusiya mətnindən və prosedurlarından istifadə edilərək məhz onun liberal ruhuna zərbə vurulmasını təhlil edir: referendumlar, populist düzəlişlər, məhkəmələrin tərkibinin dəyişdirilməsi və s. ilə hüquqi çərçivə “içəridən” boşaldılır.

“Konstitusiyalı, amma konstitusionalizmsiz rejimlər”ə toxunan keniyalı tanınmış hüquqşünas Hastings Wilfred Opinya Okoth-Ogendoya gəldikdə, müəllif illər əvvəl Afrika təcrübəsindən yola çıxaraq göstərmişdi ki, mətn var, amma onu yaşadan institusional-mədəni təməl yoxdur. Bu fikir bu gün də aktualdır.

Macarıstan və Polşa təcrübəsi

Macarıstanda 2010-cu ildən bəri yeni Fundamental Qanundan sonra Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin daraldılması haqqında ciddi araşdırmalar aparılır və çoxsaylı kitablar yazılır. Bu ölkədəki acı həqiqət onu göstərir ki, “idarəetmə nizamnaməsi” güclənir, azadlıq qalxanı zəifləyir.

Polşada 2015-ci ildən bu günədək Konstitusiya Məhkəməsinin “funksional iflic vəziyyəti”nə salınması, seçki və ədliyyə idarəçiliyi sahəsində xoşagəlməz dəyişikliklər ölkədə konstitusion geriləmə müşahidə olunduğunu açıq-aşkar göstərir.

Qarşı-mexanizmlər: azadlıq qalxanını necə bərpa etməli?

Konstitusiyaların aşınması və zəifləməsi qaçılmaz deyil. Bu prosesin qarşısını almaq üçün bəzi nəzəri yanaşmalar və institusional mexanizmlər mövcuddur:

1. Qeyri-konstitusion konstitusiya düzəlişləri doktrinası

İsrailli alim Yaniv Roznainin fikrincə, bəzən düzəlişlər qanuni şəkildə qəbul olunsa belə, onların məzmunu konstitusiyanın mahiyyətini və ruhunu pozursa, həmin düzəliş qeyri-konstitusion hesab edilə bilər. Bu yanaşma, ən azı nəzəri baxımdan, təhlükəli dəyişikliklərə qarşı xəbərdarlıq funksiyası daşıyır.

2. Müdafiəçi (militant) demokratiya

Alman hüquqşünası Karl Löwenşteynin 1937-ci ildən müdafiə etdiyi ideyaya görə demokratiya özünü dağıtmaq istəyən qüvvələrə qarşı özünü müdafiə edə bilən mexanizmlərə sahib olmalıdır. O, nümunə kimi demokratiyanı sarsıdan fəaliyyətlərə qarşı sanksiyalar tətbiq olunmasını xüsusi olaraq vurğulayır. Bununla belə, bu alətlərdən sui-istifadə risklərini də nəzərə almaq vacibdir.

3. Məhkəmə sisteminin düzgün qurulması

Konstitusiya məhkəmələri güclü, amma, eyni zamanda, balanslı olmalıdır. Məhkəmələrin səlahiyyətləri elə tənzimlənməlidir ki, “güclü məhkəmə – zəif hüquq” paradoksu yaranmasın. Bunun üçün hakimlərin təyinatı, iş müddəti, kvorum və plüral balans kimi məsələlər əvvəlcədən düzgün tənzimlənməlidir.

4. Əsas hüquqların prioritetləşdirilməsi

Araşdırmalar göstərir ki, bəzi hüquqlar digər hüquqları qorumaq üçün həlledici rol oynayır. Məsələn, birləşmək hüququ və məlumat azadlığı demokratiyanın yaşaması üçün çox vacibdir. Bu hüquqlara xüsusi təminatlar verilməli və onların icrası üçün güclü mexanizmlər yaradılmalıdır.

Heydər Əliyev və İlham Əliyevin mütərəqqi konstitusiya modeli

Azərbaycanın müasir konstitusiya təcrübəsi klassik konstitusionalizm prinsiplərinin qorunması və inkişaf etdirilməsi baxımından regionda nümunəvi model hesab edilə bilər. Xüsusilə, bu təcrübənin formalaşmasında Heydər Əliyev və İlham Əliyevin siyasi iradəsi və strateji yanaşması mühüm rol oynamışdır.

1995-ci ildə qəbul edilmiş ilk Milli Konstitusiya Azərbaycanın dövlətçilik tarixində tamamilə yeni bir mərhələnin əsasını qoymuşdur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu sənəd ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Bu fakt konstitusiyanın məhz xalqın iradəsinə əsaslanan “azadlıqlar sənədi” olduğunu göstərir və müəlliflərdən Zollerin konstitusiya ilə bağlı klassik tərifi ilə tam səsləşir.

Heydər Əliyev Konstitusiya layihəsini təqdim edərkən demişdir: “Bizim Konstitusiyanın ən mühüm əhəmiyyəti ondan ibarət olacaqdır ki, xalqımızın tarixində ilk dəfə tamamilə sərbəst, müstəqil şəkildə yaranmış konstitusiyaya malik olacağıq”.

Konstitusiyanın mühüm mütərəqqi tərəflərindən biri də onun üçdəbir hissəsinin insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmasıdır. Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada hüquq və azadlıqların beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi, o cümlədən hüquqların birbaşa qüvvədə olması müddəalarının nəzərdə tutulması Azərbaycan təcrübəsini bir çox ölkələrdən fərqləndirən mütərəqqi cəhətlər sırasındandır. Bu yanaşma konstitusiyanın yalnız normativ mətn deyil, eyni zamanda, insan azadlıqlarının qoruyucusu funksiyasını daşıdığını göstərir.

Daha bir diqqətçəkən məqam hakimiyyət bölgüsü prinsipinin Azərbaycan Konstitusiyasında aydın və balanslı şəkildə təsbit edilməsidir. Əsas Qanunumuzda qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında qarşılıqlı nəzarət mexanizmləri nəzərdə tutulmuş, həmçinin Konstitusiya Məhkəməsinin statusu və səlahiyyətləri müəyyən olunaraq hüquqi nəzarətin ali institusional təminatı təmin edilmiş, habelə ölkəmizdə Ombudsman (İnsan Hüquqları üzrə Müvəkkil) institutu yaradılmışdır. Bütün bunlar “Federalist №51”də Madisonun vurğuladığı klassik ideyaya – “hakimiyyətin özü-özünü məhdudlaşdırması” prinsipinə tam uyğun gəlir.

Qeyd edək ki, ölkəmizdə 2002, 2009, 2016-cı illərdə keçirilən referendumlar vasitəsilə Konstitusiyaya müasir çağırışlara cavab verən dəyişikliklər olunmuşdur.

Prezident İlham Əliyev dövründə konstitusiya islahatlarının davamı

Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə konstitusion islahatlar dinamik şəkildə davam etmiş, bu islahatlar çərçivəsində insan hüquqlarının müdafiəsi üçün əlavə mexanizm formalaşdırılmış, hüquq-mühafizə və ədliyyə sisteminin müasirləşdirilməsi ilə vətəndaşların hüquq müdafiəsi gücləndirilmişdir. Dövlət idarəçiliyində çevikliyi artırmaq, effektivlik və şəffaflığı təmin etmək üçün idarəetmə strukturları təkmilləşdirilmişdir. İnsan hüquqları ilə bağlı beynəlxalq konvensiyalara uyğunluq artırılmış, Azərbaycan beynəlxalq insan hüquqları mexanizmlərində fəal iştirak edən dövlətə çevrilmişdir.

Azərbaycan təcrübəsi göstərir ki, konstitusiya yalnız mətn kimi deyil, fəal işləyən bir hüquqi mexanizm kimi mövcud olmalıdır. Heydər Əliyevin yaratdığı möhkəm təməl və İlham Əliyevin davam etdirdiyi inkişaf konsepsiyası nəticəsində Azərbaycan müasir dünyada konstitusionalizmin pozitiv və mütərəqqi bir modeli kimi fərqlənir. Bu model qlobal miqyasda bir çox ölkədə müşahidə olunan konstitusiya eroziyasının qarşısını almaq üçün təcrübə və nümunə rolunu oynaya bilər.

Dediklərimizi yekunlaşdırsaq, belə bir nəticəyə gəlmək olar ki, müasir dövrdə hər bir dövlət formal olaraq yazılı konstitusiyaya malikdir. Lakin ontoloji baxımdan, yəni mahiyyət etibarilə, hər bir dövlətin təəssüf ki, həqiqi mənada konstitusiyası yoxdur. Çünki bir çox ölkələrdə konstitusiyalar klassik konstitusionalizm konsepsiyasından uzaqlaşaraq “azadlıqlar sənədi” olmaqdan daha çox dövlətin statusunu tənzimləyən bir mətn səviyyəsinə enmişdir.

Bu oriyentasiya dəyişikliyi, yəni konstitusiya anlayışının eroziyası, yalnız mətnin yenilənməsi ilə aradan qaldırıla bilməz. Bunun üçün icra arxitekturasının möhkəmləndirilməsi vacibdir. Buraya müstəqil və güclü məhkəmə hakimiyyəti, azad media və məlumat azadlığı, vətəndaş cəmiyyətinin gücləndirilməsi, konstitusiya düzəlişləri üçün yüksək çətinliklər və qoruyucu mexanizmlər, həmçinin nəzarət və tarazlıq sisteminin effektiv işləməsi daxildir. Konstitusiyanın dəyəri onun hökuməti hüquq çərçivəsinə sala bilməsindədir və onu həqiqi mənada “azad xalqın əsəri” kimi yaşadan da məhz bu qabiliyyətdir.

Azərbaycanın təcrübəsi isə bir çox ölkələrdən fərqli olaraq klassik konstitusionalizm prinsiplərinə yaxın bir model kimi qiymətləndirilə bilər. 1995-ci ildə qəbul edilmiş ilk Milli Konstitusiyanın referendum yolu ilə, yəni xalqın birbaşa iradəsi ilə qəbul edilməsi onu “xalqın əsəri” statusuna qaldırmışdır. Bu sənəddə insan və vətəndaş hüquq və azadlıqlarının geniş kataloqu, birbaşa tətbiq edilə bilən hüquqlar, hakimiyyət bölgüsü prinsipi, eləcə də Konstitusiya Məhkəməsinin yaradılması kimi institutlar mütərəqqi addımlar hesab olunur. Bundan başqa, mərhələli şəkildə həyata keçirilən konstitusiya islahatları — Ombudsman institutunun yaradılması, insan hüquqlarının müdafiəsini gücləndirən yeni mexanizmlərin tətbiqi, dövlət idarəçiliyində çevikliyi artıran dəyişikliklər — ölkəmizin bu sahədəki inkişafını göstərir.

Bu baxımdan, Azərbaycan təcrübəsi göstərir ki, konstitusiyanın ruhunu qorumaq üçün yalnız mətnin mövcudluğu deyil, həm də onun arxasında duran canlı institutlar, mədəniyyət və siyasi iradə vacibdir. Bu, müasir dünyada bir çox ölkədə müşahidə olunan anlam eroziyasının qarşısını almaq üçün nümunəvi yanaşma rolunu oynaya bilər.

Yunis XƏLİLOV,
Naxçıvan Dövlət Universitetinin ümumi hüquq kafedrasının müəllimi

Siyasət